Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qışın sərtliyi İsmayıllı məktəblilərini qorxutmur

15 Dekabr 2017
 

Zamanında görülən tədbirlər istiliklə bağlı problemləri aradan qaldırıb

 

Artıq qış mövsümü qapımızın kandarından içəri daxil olub. Hətta əksər dağlıq və dağətəyi rayonlarımıza bərəkət rəmzi olan ilk qar da düşüb. Qarın yağmasından ilk sevinənlər isə təbii ki,  həmişə uşaqlar olur. Dağlıq ərazilərlə əhatə olunan İsmayıllı rayonunda da ilk qarın sevinci yaşanıb. Uşaqlar fürsəti əldən vermədən qartopu oynamağa da macal tapıblar. Maraqlıdır, bəs ilin yarısından çoxunu soyuq və sərt hava şəraitində keçirən İsmayıllı rayonunun məktəbləri qışa hazırdırlarmı? Dərsə gələrkən və tənəffüs zamanı qartopu oynayan şagirdlər siniflərdə isinə bilirlərmi?

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova sualımıza belə cavab verdi: “Cəmiyyətin tərəqqisi, inkişafı və təkamülünün təməl daşı məktəbdir. Müasir Azərbaycanın qurucusu və yaradıcısı ümummilli lider Heydər Əliyev zamanında elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmış və “hər şeydən kəsib təhsilə vermək lazımdır” - demişdir. Ulu öndərin ideyaları Prezident İlham Əliyev tərəfindən də uğurla davam  etdirilir. Ölkə rəhbərinin təhsilə olan diqqət və qayğısından İsmayıllı rayonu da hər zaman bəhrələnir”.

Müsahibimiz bildirdi ki, hazırda İsmayıllı rayonunda 46 tam orta, 22 ümumtəhsil, 11 ibtidai olmaqla ümumilikdə 79  məktəb fəaliyyət  göstərir. Bu məktəblərdə 12 min 56 nəfər şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 1299 pedaqoji işçi məşğul olur. Nümunəvi tədris bazasının yaradılması hər zaman dövlətin  diqqət mərkəzindədir və bu  hər bir bölgədə də yüksək nəticələri ilə diqqəti cəlb edir.

Artıq qış mövsümü başlayıb. Rayon icra hakimiyyəti və aidiyyəti strukturlar isitmə sistemlərinin işləməsini, məktəblərin yanacaqla təminatını gündəlik diqqətdə saxlayır. Rayonda fəaliyyət göstərən 79 məktəbdən 52-si müasir istilik sistemi 27-si isə odun sobaları ilə qızdırılır. Məktəblərdə tələbata uyğun yanacaq ehtiyatı yaradılıb.     

Qış mövsümünə xeyli qalmış, hələ sentyabr ayında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında şura iclasında qışa hazırlıq işləri müzakirə edilib. İdarə, müəssisə və təşkilatların, təhsil ocaqlarının bu istiqamətdəki vəziyyətinin təhlili aparılıb. Nəticəyə uyğun olaraq əlaqədar xidmət və təchizat strukturlarına ciddi tapşırıqlar verilib.                             

Məktəb binalarında sıradan çıxmış pəncərə şüşələri, sinif otaqlarındakı sobalar və borular yenilənib. Həmçinin binaların dam örtüklərində, qapı və pəncərələrdə, elektrik sistemində  olan çatışmazlıqlar aradan qaldırılıb.  Kombi sistemləri  yoxlanılaraq istifadəyə yararlılığı öyrənilib. Şəhər ərazisindəki məktəblərlə yanaşı, Soltankənd, Uştal, Qalagah, Qoşakənd, Qalacıq  kənd məktəbləri də istiliklə tam təmin olunub. Rayonun  Hacıhətəmli və Qubaxəlilli kənd tam orta məktəblərinin qazanxanasına qaz xətti çəkilib və tələb olunan avadanlıqlar quraşdırılıb. Diyallı kənd tam orta məktəbinin qazanxanasında müəyyən təmir işləri aparılıb. Yaradılmış bu cür şərait məktəblərin ötən illərlə müqayisədə daha yaxşı qızdırılmasına, normal temperaturun yaradılmasına gətirib çıxarıb. Rayonun ucqar kəndləri olan  Tağlabiyan və Yenikənd kəndlərində də modul tipli məktəb tikilib istifadəyə verilib. Bu məktəblərdəki  sinif otaqlarında istilik sistemi quraşdırılıb.

Rayon icra hakimiyyətinin başçısı şura iclasında qəbul olunan qərarın icrası, görülən işlər və qarşıda duran məsələlərin həlli ilə əlaqədar bu günlərdə müşavirə keçirib. Müşavirədə qış mövsümü ilə bağlı  bundan sonra da   görüləcək  işlər bir daha dəqiqləşdirilib və müvafiq tapşırıqlar verilib.

Bütün qeyd olunanlar isə  bir daha İsmayıllı məktəblilərinin qışın  necə keçməsindən asılı olmayaraq istiliklə bağlı problem yaşamayacaqlarına bir ismarıcdır.

 

Əli SƏLİMOV,

“Azərbaycan”