Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yolumuz abad olsun!

14 Dekabr 2017
 

Ölkəmiz yol infrastrukturuna görə MDB-də ilk yerdədir

 

Həyata keçirilən nəhəng yol infrastruktur layihələri dünyada Azərbaycanı həm də tranzit ölkə kimi tanıdıb. Bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ölkəmizə əlavə dividendlər qazandırıb. Bu marşrut Şərqlə Qərbi birləşdirən ən əlverişli nəqliyyat dəhlizidir.

Yaxın gələcəkdə buradan yüklərin daşınmasının həcmi artaraq milyon tonlarla ölçüləcək. İkinci belə nəhəng layihə Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu marşrut istifadəyə verildikdən sonra Azərbaycanın beynəlxalq aləmdə tranzit ölkə kimi şöhrəti daha da artacaq. Yəni, ölkəmiz şərqdən qərbə, şimaldan cənuba gedən beynəlxalq tranzit yollarının üzərindən sərfəli nəqliyyat qovşağına malik olacaq.

Bütün bunların nəticəsidir ki, ölkəmiz dünyada yol-nəqliyyat infrastrukturuna görə yüksək reytinqə malikdir. “The World Economic Forum” beynəlxalq təşkilatının araşdırmalarında qeyd edilir ki, Azərbaycan MDB məkanında ən yaxşı yolları olan ölkədir. Dünya üzrə isə ölkəmiz 36-cı yerdə qərarlaşıb. Hər iki rəqəm Azərbaycanın bu sahədə yüksək nailiyyətlər əldə etdiyini sübut edir.

Həqiqətən, Azərbaycan son illər beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikilməsinə və yenidən qurulmasına xüsusi diqqət verir. O cümlədən avtomobil yolları ilə yükdaşımaların həyata keçirilməsini asanlaşdırmaq üçün ölkədə saysız işlər görülür. Yeri gəlmişkən qeyd edək ki, Avropadan Asiyaya Azərbaycan ərazisindən keçən tranzit avtomobil yolları üzərində daşımalar üç əsas marşrut üzrə həyata keçirilir və həmin magistral yolların yenidən qurulması uğurla davam etdirilir.

Şimal-Cənub dəhlizi üzrə yolun Qəndob qəsəbəsindən Rusiya Federasiyası ilə dövlət sərhədinədək olan 69 kilometr hissəsi yüksək səviyyədə tikilərək istifadəyə verilib. 

Uzunluğu 204 kilometr olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədinədək 4 zolaqlı avtomagistralın tikintisinin isə gələn il başa çatacağı gözlənilir. Bundan başqa, şərq-qərb istiqamətində 4 zolaqlı İpək yolunun Gəncə şəhərindən keçməklə Gürcüstanla dövlət sərhədinədək olan 130 kilometrlik hissəsinin 2020-ci ildə, Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 101 kilometr hissəsinin yenidən qurulmasının cari ilin sonunda yekunlaşacağı planlaşdırılır.

Paytaxtda tıxacların qarşısının alınması və gediş-gəlişin asanlaşdırılması üçün də müvafiq tədbirlər görülür.

Bu məqsədlə paytaxtda 26 yeni körpü tikilmiş, 20-si təmir edilmiş və piyadalar üçün 8 keçid inşa olunmuşdur. Bakıya daxil olmadan Sumqayıtdan keçərək Abşeron yarımadasının şimal və şərq hissəsində yerləşən qəsəbələrə çıxışı təmin edən Novxanı-Pirşağı yolunun tikintisi isə xüsusi qeyd olunmalıdır. Bu yol həmin yolun üstündə yerləşən qəsəbələrin  əhalisinə rahatlıq gətirmişdir.

Ümumiyyətlə, ölkəmizdə yerli əhəmiyyətli yolların tikintisinə xüsusi önəm verilir. Belə layihələrin gerçəkləşməsi həm iqtisadi, həm də sosial cəhətdən mühüm əhəmiyyət daşıyır.

Regionlardan məhsulun bazarlara daşınmasında və əhalinin gediş-gəlişinin yaxşılaşmasında belə yolların əhəmiyyəti böyükdür. Bununla yanaşı, rahat yolların çəkilməsi bölgələrdə turizmin inkişafına təkan verir.

Statistikaya nəzər salaq: indiyəcən dövlət başçısının 81 sərəncamı ilə 48 rayon və şəhər ərazisində 3,2 milyon nəfər əhalinin yaşadığı 761 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 1816 kilometr olan 76 avtomobil yolunun tikintisi və yenidən qurulması işlərinə başlanılmışdır. Bu günə kimi 1033 kilometr olan 56 layihənin icrası başa çatmışdır. Çəkilən yollar paytaxtla bərabər, 46 rayonda 3 milyon 82 min əhalinin yaşadığı 494 yaşayış məntəqəsini əhatə edir.

Dövlət başçısı Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkədə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətini vurğulayaraq demişdir: “İl ərzində mənim bölgələrə səfərlərim çərçivəsində və yerlərdən gələn təkliflər nəticəsində yeni yol layihələri də icra edilməyə başlanılmışdır. Bunlar daha çox kənd yollarıdır və eyni zamanda, şəhərlərarası yollardır... Bizim gözəl turizm məkanımız olan Göygölə gedən yol artıq uzun illərdir ki, təmirsiz qalmışdı. Biz indi Göygölü turizm mərkəzinə çevirərək oraya böyük turist axınına nail olmuşuq. Əlbəttə ki, oraya gedən yol tam yüksək səviyyədə təmir edilməlidir. Bu göstəriş verilmişdir”.

Şamaxı ilə Lahıcı birləşdirən yeni yol infrastrukturunun yaradılması barədə də Prezidentin göstərişi var. Bu, rəsmən Şamaxı-Dəmirçi-Lahıc yolu adlanır. Nadir və tarixi əhəmiyyət daşıyan Lahıc qəsəbəsi turistlərin ən çox ziyarət etdiyi məkandır. Yeni yolun çəkilib başa çatması burada turizmin daha yüksək səviyyədə inkişafına imkan yaradacaq.

Ölkənin yol infrastrukturunun yenidən qurulması eyni zamanda, işsizliyin aradan qaldırılmasında da müəyyən rol oynayır. Belə ki, ötən ildən bu günə kimi “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətində yol infrastrukturunun inşasında çalışmaq üçün 2300 yeni iş yeri açılıb ki, bu da ölkədə məşğulluq probleminin həllinə öz töhfəsini verib.

 

Rüstəm KAMAL,

“Azərbaycan”