Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Formaca beyini xatırladır...

13 Dekabr 2017
Qoz meyvələrini "ağıl qidası" adlandırırlar. Qədim yunan tarixçisi Herodotun iddiasına görə, qədim Babilistanın kahinləri sadə adamlara onun meyvəsini yeməyi qadağan etmişdilər. Qoz meyvələri əqli fəaliyyətə müsbət təsir göstərir. Qozun ləpəsi formaca beyini xatırladır.

AZƏRTAC bir sıra tibbi mənbələrə istinad edərək xəbər verir ki, qədim kitablarda qozun İrandan Fələstinə daşınması haqqında məlumatlar var. Qədim skiflərdə və romalılarda qoz sevimli qida sayılırdı. Ondan toy ziyafətlərində şirniyyat hazırlanması məqsədilə istifadə edilirdi və yunan qozu nikahın simvolu hesab olunurdu.

Qoz ağacının fitonsid keyfiyyətləri var, onun bitdiyi yerə həşəratlar gəlmir, həmin ərazidə güvə və milçək olmur.

Hippokrat mədə, beyin, ürək, qaraciyər və böyrək xəstəlikləri zamanı qoz meyvələrindən istifadə etməyi məsləhət görürdü. Qozu şəkərli diabet zamanı da tövsiyə etmək olar, çünki tərkibində manqan və şəkəri endirən sink var. Onun tərkibində karbon az olsa da, qaraciyər piylənməsinin qarşısını alan maddələr çoxluq təşkil edir. Tərkibindəki B qrupu vitaminləri, kalium duzları və fosfor uşaq və yeniyetmələrin inkişafına yaxşı təsir edir. Yarpaqlarından hazırlanan islatma və cövhər limfa şəbəkəsinin, orta qulağın və ağızın selikli qişasının iltihablaşma prosesini zəiflədir.

Şərq təbibləri hesab edirlər ki, qoz beyini, ürəyi və qaraciyəri möhkəmlədir. Qədim tacik tibb traktatlarına əsasən südlə qoz ləpələrinin birgə tətbiqi sağlamlığa müsbət təsir göstərir. Onun mədə həzmini yaxşılaşdırmaq üçün tətbiq edilməsi daha yaxşıdır.

Məşhur psixoloq Vladimir Levi qozu beyin üçün bayram adlandırır, çünki onun müntəzəm qəbul edilməsi yaddaşı yaxşılaşdırır.

Məşhur Amerika həkimi Robert Geyl belə qənaətə gəlib ki, gündə 4- 5 ədəd qoz yemək yüksək radiasiya təsirlərindən qorunmaq üçün kifayət edir.

Qoz meyvəsinin arasındakı arakasmələrin tərkibində yod və qələvilər var. Onlardan hazırlanan cövhər qalxanabənzər vəzi möhkəmləndirir, arıqladır, sakitləşdirir, yaxşı yuxu gətirir. Qozun distillə edilmiş ağ neftlə hazırlanan cövhəri hətta metastaz vermiş xərçəng xəstəliyi zamanı da tətbiq olunur.