Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

AZƏRBAYCAN ZİRVƏSİ

12 Dekabr 2017
 

Qlobal proseslərin mərkəzində olan Azərbaycanda demək olar ki, hər il bir neçə dünya əhəmiyyətli hadisə yaşanır. Yola saldığımız illərin hər birinə ötəri nəzər yetirəndə bu hadisələr yaddaşımızda sıralanır. Artıq tarixə çevrilməkdə olan 2017-ci il də bu baxımdan istisna deyil. Xüsusilə, son üç ayda üç mühüm tarixi hadisənin şahidi olduq. 

Sentyabrın 14-də “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı. Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildi. Noyabrın 8-də isə Azərbaycanda 2 milyardıncı ton neftin hasil olunması xəbəri təntənəli şəkildə bütün dünyaya elan edildi.
Prezident İlham Əliyevin əzmkar fəaliyyətinin növbəti təzahürləri olan bu faktların hər biri möhtəşəm tarixdir. Həmçinin Azərbaycanın artıq qlobal məkanın ən aparıcı və nüfuzlu ölkələrindən birinə çevrilməsinin göstəricisidir. Ölkəmizin Avrasiyanın enerji təhlükəsizliyinin təminatçısı, qitələr arası logistik-tranzit məkan rolunda çıxış etməsinin daha bir təsdiqidir.
Taleyin bizlərə nə qədər mühüm tarixi mərhələnin canlı şahidləri olmaq fürsəti verdiyinin bəlkə fərqində deyilik. Amma bu günlərin müasiri olmaq, Azərbaycanın nailiyyətlərinə görə fəxarət hissi keçirmək çox xoşdur. Dövlətçilik nailiyyətlərimizin qürurunu yaşayarkən bunların təməlini qoymuş ulu öndər Heydər Əliyevin xatirəsini sevgi və heyranlıq hissi ilə yad edir, böyük dövlət adamının əzəmətini bir daha anlamış oluruq. Görürük ki, bütün bu nailiyyətlərin heç biri başlanğıc deyil. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bunlar Heydər Əliyevin təşəbbüsü, xeyir-duası ilə başlanmış qlobal proseslərin növbəti mərhələsidir.
Bu ilin sentyabrında Azərbaycan üçün daha sərfəli şərtlərlə yeni “Əsrin müqaviləsi”nin imzalanması ulu öndərin 1994-cü ildən icrasına başlanmış neft strategiyasının davamıdır. Eyni zamanda, müstəqilliyimizin təlatümlü illərində nefti fəlakət mənbəyindən xalqın rifah qaynağına çevirən Heydər Əliyev müdrikliyinin yeni bəhrəsidir.
Yaxud Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması faktına yeni tariximizin işığında baxaq: bu nailiyyət də öz başlanğıcını tarixi İpək yolunun bərpası ilə bağlı ümummilli liderin hələ 1998-ci ildə irəli sürdüyü təşəbbüsdən götürür. Bu təşəbbüs əsasında icra edilən TRASECA layihəsinin uğurlarını davam etdirir və qədim İpək yolunu polad magistrallar üzərində bərpa edir.
İki milyardıncı ton Azərbaycan neftinin çıxarılması faktına gəlincə, bu da Heydər Əliyevin ölkəmizə birinci rəhbərlik illərini xatırladır. Ulu öndərin sovet Azərbaycanına rəhbərliyi dövründə qeyd edilmiş əlamətdar bir hadisənin davamı kimi yada düşür. Azərbaycanda bir milyardıncı ton neft 1971-ci il martın 28-də çıxarılmışdı. Yaxşı xatırlayıram ki, onda da sovet mətbuatı bu fakt barədə geniş yazırdı. Azərbaycan neftçilərinin fədakar əməyi bütün İttifaq məkanında təbliğ olunurdu.
Heydər Əliyevin əsasını qoyduğu tarixi nailiyyətlər bu gün real nəticələrlə davam edir. Ulu öndərin formalaşdırdığı milli dövlətçilik ənənələri qorunur. Beləliklə, ümummilli lider yalnız xatirələrdə yaşamır, bu böyük azərbaycanlının əzəmətli obrazı təkcə onun xatirəsinə xalq ehtiramının təcəssümü kimi ucaldılmış abidələrdə əks olunmur. Dahi şəxsiyyət Azərbaycanın bu gün də davam edən uğurlarında yaşayır. Onun müdrik ideyaları ölkəmizin gələcəyə yönəlmiş strateji hədəflərini müəyyən edir.
Böyük bir tarixi məqam ərəfəsindəyik. 2018-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü tamamlanacaq. 100 il əvvəl elan edilmiş “İstiqlal bəyannaməsi”nin xalqımızın tarixində nə qədər mühüm rol oynadığı, cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin bu qısa müddətdə necə böyük tarixi dəyərlər formalaşdırdığı hər birimizə məlumdur. Müstəqil Azərbaycan dövləti cümhuriyyətimizin hüquqi varisidir və müsəlman Şərqinin bu ilk demokratik respublikasının irəli sürdüyü dövlətçilik prinsipləri üzərində bərqərar olur. Ona görə də bu qədər böyük dəyərin 100-cü ildönümü faktının xalqımız üçün çox böyük əhəmiyyəti var.
Sevindiricidir ki, bu əlamətdar hadisə tarixi mahiyyətinə görə onun əhəmiyyətini tamamlayan digər iki məqamla üst-üstə düşür. Gələn il həm də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci və Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Qurtuluşunun 25-ci ildönümüdür. Bir sözlə, 2018-ci il Azərbaycan üçün dövlətçilik bayramıdır. Bu əlamətdar məqamların birgəliyi isə yeni tarixi uğurlarımızın müjdəsidir.
Ulu öndər xalqın milli nailiyyət simvoluna çevrilmiş tarixi şəxsiyyətdir. Bu uğurların ən mühümü onun qurub-yaratdığı müstəqil Azərbaycan dövlətidir. Ümummilli lider şərəfli ömür yolu ilə tərcümeyi-halını böyük bir xalqın tarixinə çevirməyi bacarmış dünya miqyaslı şəxsiyyətdir. Yer üzünün ən müxtəlif qütblərində yaşayan milyonlarla soydaşımızı milli ideyalar ətrafında bir araya gətirən rəmzdir.
Heydər Əliyev dünyanın ən böyük azərbaycanlısıdır. Atabəy Eldəgizin, Şah İsmayılın, Nadir şahın, Cümhuriyyət qurucuları olan “Bani atalar”ın - Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun, Məhəmməd Əmin Rəsulzadənin ideyalarını - güclü və müstəqil dövlət məramını həyata keçirib, nəhayət, onun davamlılığını və əbədiliyini təmin edən insandır!
Abbasqulu ağa Bakıxanovdan, İsmayıl bəy Qutqaşınlıdan, Mirzə Fətəlidən, Mirzə Cəlildən başlanmış maarifçilik işığını xalqın gələcəyə doğru yoluna çevirən böyük ziyalıdır. Şəxsiyyəti ilə mükəmməl bir dövlətçilik irsi formalaşdıran idealdır.
Bu gün hər birimiz böyük qürurla müşahidə edirik ki, Heydər Əliyevin milli dövlətçilik ideyallarını ən yüksək səviyyəyə çatdıraraq tarixin möhtəşəm Azərbaycanını yaradan İlham Əliyev də dünyanın qüdrətli liderləri silsiləsində öz adını şərəflə həkk etdirib.
Heydər Əliyev sovet dövrünün yetişdirdiyi dövlət xadimi idi. Parlaq bir siyasi liderin formalaşması üçün lazım olan bütün mərhələləri, sınaqları, çətinlikləri keçmişdi. Məktəbdə marksizmi öyrənmişdi, Lenin tərbiyəsini əxz etmişdi, Stalin dövrünün ab-havasında böyümüşdü.
Pionerə, sonra komsomola keçmişdi, ardınca Kommunist Partiyasına daxil olmuşdu. Karyerasına bir neçə dəfə yenidən başlamışdı. Xüsusi xidmət orqanlarında general-mayor rütbəsinə qədər ucalmışdı. Kommunist Partiyasının Azərbaycanda lideri olmuşdu. Nəhayət, keçmiş SSRİ boyda nəhəng bir imperiyanın ən ali rəhbərliyinə yüksəlmişdi. Heydər Əliyev təmsil olunduğu bütün vəzifələrdə ləyaqətlə çalışmışdı. Üzərinə düşən öhdəliklərə daim məsuliyyətlə yanaşmışdı. Qətiyyəti, prinsipiallığı, təmizliyi, ədalətliliyi ilə böyük ictimai nüfuz və etimad qazanmışdı.
Mahiyyət etibarilə isə o nə kommunist olmuşdu, nə də beynəlmiləlçi. Daha dəqiqi, Heydər Əliyev şəxsiyyəti kommunistliyin də, beynəlmiləlçiliyin də hər hansı antimilli cəhətlərini deyil, məhz ən müsbət xüsusiyyətlərini özündə cəmləşdirmişdi. Kommunist olmaq onun üçün əxlaqlı, vicdanlı, ədalətli olmaq, xalqın etimadına sadiqlik göstərmək, xalq malına xor baxmamaq demək idi. Onun beynəlmiləlçiliyi milli və ümumbəşəri dəyərlərə hörmət ruhuna əsaslanırdı. Milliyyətindən, dilindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq insanlar, mədəniyyətlər arasında heç bir ayrı-seçilik qoymamağı öyrədirdi. Tolerantlığı, multikultural dəyərləri təlqin edirdi. Ümumdünya mədəniyyəti işığında milli mədəniyyətimizin inkişafını önə çəkirdi. Bu mənada, o, təpədən-dırnağa qədər həm ümumbəşəri, həm də milli və azərbaycançı idi.
Özü də bu xüsusiyyətlər onda sonradan formalaşmamışdı. Heydər Əliyev bu keyfiyyətləri hələ Naxçıvanda yeniyetmə olarkən əxz etmişdi. Son vaxtlar bu barədə çox düşünürəm: sovet ideologiyasının aramsız təbliğat məngənəsində necə olmuşdu ki, Heydər Əliyev fərqli yetişmişdi? Onun ailəsi bolşevik zülmünün məşəqqətlərini yaşamış, erməni daşnaklarının soyqırımına məruz qalmışdı. Şübhəsiz, anası İzzət xanımın bu barədə söhbətləri, qardaşı akademik Həsən Əliyevin xatirələri hafizəsində dərin iz buraxmışdı. Bütün bunların, eləcə də Naxçıvandakı maarifçilik mühitinin onun həyata aydın baxışının formalaşmasında çox böyük rolu vardı. Bu tərbiyənin, mühitin, eləcə də özünün sərrast analitik düşüncəsi, fitri bacarığı sayəsində Heydər Əliyev mili ruhda kamil şəxsiyyət kimi yetişmişdi. O, dərsliklərdə, kitablarda, qəzet və jurnallarda yazılanlarla, radiodan eşitdikləri ilə real həyat həqiqətləri arasındakı ziddiyyətləri görüb, duya bilirdi. Bu fərqlər üzərində düşünürdü, onları özü üçün ayırd etməyə çalışırdı. O dövrdə də Naxçıvan ictimai mühütində aydın düşünən ziyalılar vardı. Onlar sovet quruluşunun sərt təzyiq metodlarından ehtiyat edərək açıq danışmağa çəkinsələr də, gizlində öz fikirlərini bildirirdilər. İnandıqları adamlarla müəyyən müzakirələrdən çəkinmirdilər.
Heydər Əliyev də belə bir mühitin yetirməsi idi. O, Naxçıvandan o dövrün beynəlmiləl və kosmopolit Bakısına sırf mili düşüncəli gənc kimi gəlmişdi.
Ulu öndərin xalqa xidmət missiyası Dövlət Təhlükəsizlik Xidmətindən başlayır. Nə qədər təzadlı olsa da, məhz bu repressiya strukturunda o, fərqli fəaliyyət nümunə formalaşdıra bilmişdi. Onun bu qurumdakı fəaliyyəti də milli təəssübkeşlik hislərini əks etdirən faktlarla zəngindir. Bu illərdə nə qədər milli düşüncəli ziyalı məhz Heydər Əliyevin sayəsində sovet cəza maşınından qurtulmuşdu. Ulu öndərin DTK-ya sədrliyi dövründə xüsusi donosla “ifşa” edilən tələbələrin, ziyalıların cinayət işləri birmənalı və istisnasız olaraq “yetərincə fakt olmadığından” bağlanırdı. O, DTK-da sıravi əməliyyat müvəkkilliyindən sədrliyə qədər keçdiyi çətin və şərəfli yolda yüzlərlə azərbaycanlı tələbəni, ziyalını Sibirdən xilas etmiş, onlara Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparmağa yenidən şans vermişdi.
Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik illəri ölkə həyatında, sözün əsl mənasında, yeni bir intibah mərhələsinin başlanğıcı idi. Ulu öndər keçmiş SSRİ-nin inkişaf baxımından ən geridə qalmış, insanları kasıblıq, qıtlıq içində min bir zillət çəkən ölkəsini təhvil aldı, cəmi bir neçə il içərisində Azərbaycanı İttifaqın ən qabaqcıl respublikalarından birinə çevirdi.
Həmin illərdə ölkəmizin inkişafı naminə görülən genişmiqyaslı tədbirlərə dair çoxsaylı faktlar sadalaya bilərəm. Bütün bu proseslər mənim yaxşı xatirimdədir, çünki onların bilavasitə şahidiyəm. O zaman vilayət partiya komitəsində təlimatçı vəzifəsində çalışmışam, daha sonra Ordubad rayonunun ikinci katibi olaraq fəaliyyət göstərmişəm. 1978-ci ildə Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, sonra Culfa Rayon Partiya Komitəsinin birinci katibi işləyərkən Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi tədbirlərin iştirakçısı idim. Dəfələrlə onun qəbulunda olmuşam və hər dəfə rayonda olan vəziyyəti soruşmaqla, ümumi işlərin hesabatını dinləməklə yanaşı, o qədər düzgün tapşırıqlar, uzaqgörən məsləhətlər verirdi ki, məhz bu layihələr nəticəsində həmin rayonlarda kompleks inkişaf əldə olunurdu. O, nitqlərində, çıxışlarında hər zaman çıxış yollarını aydın müəyyənləşdirirdi və problemlərin səbəblərini, həll yollarını uzaqgörənliklə sadalayırdı.
Ümummilli lider respublikaya birinci rəhbərliyi dövründə əməli fəaliyyəti ilə məhz gələcək müstəqilliyə etibarlı zəmin formalaşdırdı. Müstəqilliyin iqtisadi əsasları isə həmin illərdə faktiki olaraq yaradılmışdı. Azərbaycan qısa müddətdə özünü iqtisadi cəhətdən təmin etməyə qadir ölkəyə çevrilmişdi. Respublikanın qarşısında duran vəzifələri düzgün müəyyənləşdirən Heydər Əliyev yaxşı bilirdi ki, millətin siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi azadlığı şərtləndirir. O, qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail oldu. Azərbaycan xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevrildi. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın bütün SSRİ-də qabaqcıl mövqelərə çıxmasına, respublikamızın sosial-iqtisadi həyatında yüksəlişə rəvac verdi. Həmin illərdə Bakıda, Naxçıvanda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr bugünün özündə də iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir.
Ulu öndər irimiqyaslı tikinti-quruculuq, abadlıq işlərinə başlamaqla respublika həyatında tərəqqi mərhələsinin əsasını qoydu. Şəhərlərin, kəndlərin siması dəyişdi, insanların mədəni-intellektual səviyyəsi, mənəvi zənginliyi artdı. Heydər Əliyev Azərbaycan fəhləsinin, kəndlisinin mənafeyini uca tutdu, onun əməyini yüksək dəyərləndirdi, zəhmətkeşlərin mənəvi himayədarına çevrildi. Müəllimlərin, alimlərin, mədəniyyət işçilərinin sosial müdafiəsi gücləndirildi. Yeni ali məktəblər yaradıldı, çoxlu sayda orta məktəb tikilərək istifadəyə verildi. Elmlər Akademiyasına diqqət və qayğı artdı, elmi kəşf və yeniliklər istehsalatda geniş tətbiq olunmağa başladı. Paralel olaraq xalqda milli ruhun, milli özünüdərkin yüksəlişinə xidmət edən məqsədyönlü addımlar atıldı. Xalqına bağlı rəhbər milli ruhlu ziyalı elitasını rejimin təhdidlərindən, repressiyalarından qorudu, klassik ədəbi irsə qayğı siyasətini gücləndirdi. Məhz həmin illərdə xalqın tarixinin, dilinin, mədəniyyətinin, folklorunun obyektiv tədqiqi istiqamətində qətiyyətli qərarlar qəbul edildi.
Heydər Əliyev Sovet Azərbaycanında cəmiyyəti milli ideyalar uğrunda səfərbərliyə aldı. Hər kəsə anlatdı ki, bu ideyalar bir çoxlarının təsəvvür etdiyi kimi xəyali bir anlayış deyil. Milli ideyalar Azərbaycanın hərtərəfli inkişafıdır, ölkə insanının maddi-rifah halının yaxşılaşmasıdır. Cəmiyyətin gələcəyə, dəyişən dünyanın çağırışlarına hazırlığıdır, insanların maariflənməsidir, ən imkansız gənclərin də təhsil ala bilməsidir. Hamıya və hər kəsə bərabər imkanların yaradılmasıdır, Azərbaycanın inkişafı naminə hərənin bir işin qulpundan yapışıb vicdan və məsuliyyətlə çalışmasıdır. Heydər Əliyev lider olaraq Azərbaycan cəmiyyətinə bu düşüncəni gətirdi. Və insanların təfəkkürünü müsbətə doğru dəyişə bildi. Çünki bütün bunlardan da əvvəl ulu öndər cəmiyyətə ən mühüm olanı - ədalət hissini gətirə bilmişdi. O, cəmiyyətdə haqqın-ədalətin qüdrətli hamisi idi.
Heydər Əliyev Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı, sözün əsl mənasında, müharibə elan etdi. İnsanlarda ədalətin zəfərinə böyük inam yaratdı, həm də quru sözlərlə, təbliğat kampaniyaları ilə deyil, real nümunələrlə. Biliyindən özgə güvənc yeri olmayan və buna görə uzun illər ali məktəblərin kandarlarında qalmış kasıb kəndli balalarının ən nüfuzlu ixtisaslara qəbul sevinci ilə, diqqətlə araşdırılan şikayət məktubları ilə, vətəndaşları incidən, süründrməçiliyə salan, xalq malını talan edib özünə xaniman quran nadanların vəzifədən qoparılıb həbs olunması ilə...
Ölkənin idarəetmə sistemini özünün seçib yetişdirdiyi gənc, enerjili və peşəkar kadrlar hesabına yenidən qurdu. Bu sistemi onlara tapşırılmış işlərdən daha çox bir-biri ilə məşğul olan ünsürlərin didişmə yuvasından, çevik, mobil, saat kimi dəqiq işləyən komandaya çevirdi. Heydər Əliyev dövlət idarəçiliyinə yüksək komanda ruhu gətirdi. Belə bir ruhla da Azərbaycanın ən böyük uğurlarının müəllifinə çevrildi.
Ən əsası isə, onun Sovet Azərbaycanına rəhbərlik illərində milli hislərin yayılması, milli ruhun oyanışı üçün yeni bir şərait yetişdi. Təsadüfi deyil ki, Azərbaycanın birinci katibi seçiləndən 3 ay sonra Dövlət Universitetinin 50 illik yubileyində gözlənilməz bir hal yaşandı. İndiyə qədər rəhbər şəxslərin belə tədbirlərdə, adətən, rusca danışmasına adət etmiş ölkə ziyalıları birdən-birə tribunada Heydər Əliyevin saf ana dilimizdə, səlis, rəvan, ahəngdar nitqini eşitdilər.
Heydər Əliyev ana dilimiz kimi digər milli dəyərlərimizə də sahib çıxdı. Bu dəyərlərin inkişafına xidmət edən ziyalılarımızı təzyiqlərdən qorudu. Milli ruhun daşıyıcısı olan dilçilərimizə, tarixçilərimizə, mədəniyyət adamlarımıza dövrün ən böyük mükafatlarının verilməsinə nail oldu. 1978-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasında məhz Heydər Əliyevin qətiyyəti sayəsində ana dilimiz dövlət dili kimi təsbit edildi. Ümummilli liderin təşəbbüsü və köməyi ilə ötən əsrin 70-ci illərində nəşr olunmuş üçcildlik “Müasir Azərbaycan dili” dərsliyinə Dövlət mükafatının verilməsi də xalqın milli şüurunun formalaşmasına mühüm töhfə olmuşdu.
Ulu öndər keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə, ölkəmiz üçün son dərəcə gərəkli ixtisaslar üzrə təhsil almaqdan ötrü göndərdiyi gənclər ordusu ilə Azərbaycan üçün böyük bir insan kapitalı formalaşdırdı.
Heydər Əliyev cəsarətli çıxışları ilə xüsusi xidmət orqanlarının nəzər-diqqətini cəlb etmiş alimlərin, şairlərin, yazıçıların cəzasının ziyansız xəbərdarlıqla, bəzən yüngül tənbehlə məhdudlaşdırılmasına müvəffəq olurdu. Az sonra isə həmin şəxslərin adları aram-aram ən ali dövlət təltiflərində görünürdü, yüksək mükafatlarda əksini tapırdı. Bununla onları ürəkləndirirdi, arxalarında dayandığını sezdirirdi.
Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə ulu öndər xalqımızın tarixi keçmişinin sovet ideologiyasının təsiri altında aşınmaya məruz qalmasının qarşısını almaq məqsədilə konkret addımlar atırdı. Belə addımlardan biri də tariximizdə iz qoymuş böyük şəxsiyyətlərin abidələrinin ucaldılması, adlarının əbədiləşdirilməsi, tarixi-mədəni abidələrin bərpası idi. Şəxsən Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Nəriman Nərimanovun anadan olmasının 100 illiyi, İmadəddin Nəsiminin 600 illiyi, habelə Üzeyir bəy Hacıbəylinin, Müslüm Maqomayevin, Səməd Vurğunun, Cəfər Cabbarlının, M.S.Ordubadinin, Aşıq Ələsgərin və bir çox ədəbiyyat, incəsənət xadimlərinin yubileyləri keçirilmişdi.
1982-ci ildə ulu öndərin böyük qətiyyətinin, prinsipiallığının, millətə sevgisinin əyani təcəssümü olan, bu gün də böyük qürur, fəxarət hissi ilə xatırlanan bir hadisənin canlı şahidiyəm. Bəli, məhz Heydər Əliyevin böyük, əzmkar mübarizəsinin təntənəsi kimi 1937-ci ildə repressiyaya məruz qalaraq Sibirə sürgün olunmuş görkəmli dramaturq Hüseyn Cavidin nəşi uzaq Sibirdən gətirilərək Naxçıvanda torpağa tapşırıldı. Həmin vaxt Culfa rayonunun birinci katibi vəzifəsində işləyən şəxs kimi Heydər Əliyevin bu addımının necə böyük rəğbətlə qarşılandığını görmüş, belə bir şəxsiyyətin respublikamıza rəhbərlik etməsinə görə qürur hissi keçirmişdim. Fikrimcə, bu hadisəni yalnız ulu öndərin milli-mənəvi, ədəbi irsə qayğıkeş və həssas münasibəti kimi dar çərçivədə dəyərləndirmək yanlış olar. O dövr üçün son dərəcə qeyri-adi, təhlükəli, riskli görünən bu addım bütövlükdə ulu öndərin xalqa milli kimlik və özünüdərk hislərinin güclənməsi istiqamətində apardığı siyasətin mahiyyətindən irəli gəlirdi.
Bu gün dünyada ən mükəmməl nümunə kimi qəbul olunan Azərbaycanın tolerantlıq və multikulturalizmin nümunəvi modelinin bünövrəsi də məhz ötən əsrin 70-ci illərində qoyulub. Tarixən fərqli xalqların, dinlərin, sivilizasiyaların qovşağı olan Azərbaycanda bu durum ulu öndərin rəhbərliyi dövründə daha da sağlamlaşdırıldı və təkmilləşdirildi. Həmçinin bu ili “İslam həmryliyi ili” kimi qeyd edən Azərbaycanda sovet ateizminin fonunda məhz 70-ci illərdə dini dəyərlərə hörmət dövlət səviyyəsində bərqərar oldu. Heydər Əliyev din xadimlərinin cəhalətdən uzaqlaşıb, əsl islami hökmlər əsasında savadlanmasından başlayaraq anbar, klub kimi istifadə olunan məscidlərin “azadlığ”a çıxmasınadək çoxsaylı təşəbbüslərin müəllifi oldu. Bir faktı xatırlayım ki, Ordubad Rayon Partiya Komitəsinə rəhbərlik edərkən ulu öndərin qəbulunda rayon mədəniyyət evinin köhnə məscidin binasında yerləşdiyini söylədim. Dahi şəxsiyyət məni diqqətlə dinlədi, vəziyyəti ətraflı öyrəndi və yeni mədəniyyət evinin tikilməsi ilə bağlı dərhal tapşırıq verdi. Qısa müddətdə yeni mədəniyyət mərkəzi tikildi və Ordubadın tarixi məscidi Heydər Əliyevin sayəsində “azadlığ”a çıxdı. Qeyd edim ki, ulu öndər rayon partiya komitəsinin vaxtilə saahibkar olmuş bir bəyin evində yerləşdiyini eşitdikdə də yeni binanın tikintisi barədə göstəriş verdi. Tez bir zamanda Ordubad Rayon Partiya Komitəsi dördmərtəbəli əzəmətli bir bina ilə təmin edildi.
Əminliklə deyə bilərəm ki, 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Azərbaycan məhz bu illərdə de-fakto müstəqilliyi üçün etibarlı zəmin formalaşdırdı. Ulu öndər 1982-ci ildən sonra fəaliyyətini Sovet İttifaqı KP-nin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi davam etdirməli olsa da, qanı, canı ilə bağlı olduğu respublikanı unutmadı. 1982-1987-ci illərdə respublikamızın sosial-iqtisadi, mədəni inkişafı üçün əlindən gələni əsirgəmədi. Milli maraqlarla bağlı məsələlərdə daim əzmkarlıq, yüksək siyasi iradə nümayiş etdirdi, mərkəzin yeritdiyi siyasətin ayrı-ayrı çalarları ilə bağlı tənqidi fikirlərini, mülahizələrini ortaya qoydu. Kremldə Ermənistanın əsassız ərazi iddiaları ilə üzləşmiş Azərbaycanın haqlı mövqeyinin müdafiəsi sahəsində verdiyi bəyanatlar, nümayiş etdirdiyi əzmkar mövqe bir daha təsdiqlədi ki, Heydər Əliyevi həqiqəti deməkdən çəkindirmək, susdurmaq, sadəcə, mümkün deyil.
Bu insan ən çətin şəraitlərdə də milli duyğularını, xalqının təəssübkeşi olduğunu büruzə verməkdən çəkinməzdi. Vəzifə öhdəliklərini yalnız Azərbaycan məsələsinə görə poza bilərdi. Tipik bir fakt: SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olanda keşmiş İttifaq məkanında sosial məsələlərin həlli, genişmiqyaslı layihələr onun kurasiyasında idi. Heydər Əliyev İttifaqa daxil olan 15 respublikanın hər birinə eyni nəzərlərlə baxmalı idi. O, üzərinə düşən vəzifələri yüksək əzm və vicdanla yerinə yetirirdi. Bu respublikaların sosial inkişafı üçün ona həvalə edilmiş vəzifələri layiqincə gerçəkləşdirirdi. Amma Azərbaycanın yeri onun üçün bir ayrı idi. Heydər Əliyev hər fürsətdə Azərbaycana yardımları artırırdı. Ölkəmizin kənd və qəsəbələrində sosial infrastrukturun inkişafına dəstək verirdi. Hətta, yeri gələndə, ondan sonra Azərbaycana rəhbərlik edən kadrlarını ölkənin inkişafı naminə mərkəz qarşısında təşəbbüslərə də sövq edirdi.
Həmin dövrdə Naxçıvanda mədəniyyət naziri vəzifəsində çalışırdım. Muxtar respublikada böyük mədəniyyət evinin tikintisi ilə bağlı müəyyən problemlər yaranmışdı. Bundan xəbərdar olan ulu öndər prosesi şəxsi nəzarətinə götürdü. Mən ulu öndərin tapşırığı ilə mədəniyyət evinin o zaman çox çətin tapılan sosial infrastrukturunu, müvafiq ləvazimatlarını təmin etmək üçün İttifaqın xeyli şəhərinə getdim. Hər yerdə də Heydər Əliyev sayəsində yüksək diqqət gördüm, lazımi avadanlıqları tam aldıq və nəticədə mədəniyyət evi İttifaq standartlarına görə ən yüksək, modern səviyyədə inşa olunub xalqımızın ixtiyarına verildi.
Düşünürəm ki, ulu öndərin fəaliyyətinin 1983-1987-ci illəri əhatə edən dövrü hələ lazımi qədər araşdırılmayıb. Arxivlərdə öz tədqiqatçılarının yolunu gözləyən sənədlərin üzə çıxarılması maraqlı həqiqətlərə işıq sala bilər. Düşmən məngənəsində, böyük intriqa yuvasında Heydər Əliyev dühasının gücünü bir daha görərik. Bu böyük siyasət ustadının orada da Azərbaycana, İttifaq məkanındakı digər türkdilli ölkələrə və ümumilikdə müsəlman Şərqinə saysız-hesabsız xidmətlərinə şahid olarıq.
Elə onun vəzifədən uzaqlaşdırılmasının əsas səbəbi də milli maraqları İttifaqın siyasi mənafeyindən üstün tutması idi. Başda M.S.Qorbaçov olmaqla, sovet rəhbərliyi Dağlıq Qarabağı Ermənistanın tərkibində görmək istəyirdi. Onların düşüncəsinə görə, Heydər Əliyev də “sovet borcu”nu yerinə yetirərək bu istəyin reallaşmasına lazımi dəstəyi verməli idi. Necə ki, yüzlərlə azərbaycanlı öz kresloları naminə bu antimilli siyasətə “töhfə” verirdi.
Ulu öndər isə dirəniş göstərdi və buna görə vəzifədən çıxarıldı. Amma sonrakı addımları ilə sübuta yetirdi ki, onun gücü vəzifədə, kresloda deyil. Heydər Əliyev şəxsiyyətinin ucalığı, onun xalq arasındakı müstəsna nüfuzu bütün vəzifələrin fövqündə dayanır. Vəzifədən kənarlaşdırılandan sonra min bir təzyiqlə üzləşsə də, yenə qorxmadı, susmadı, ona qarşı edilən ədalətsizliklərlə barışmadı. Özünün şəxsində yenə də haqqın-ədalətin müdafiəsində dayandı.
1990-cı ilədək müxtəlif instansiyalara dəfələrlə müraciətlər etdi. Məktbular yazdı, ona qarşı aparılan qərəzli kampaniyaları faş etdi. Bütün bunlarla sübuta yetirdi ki, antiəliyev kampaniyası heç də Heydər Əlirza oğluna qarşı başladılmayıb. Bu, ümumən Azərbaycana, Azərbaycan xalqına qarşı aparılan məkrli bir kampaniyadır.
1990-cı ildə Bakıda xalqımıza qarşı törədilmiş kütləvi qətliamlara etiraz olaraq oğlu İlham Əliyev və digər ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi. Mərkəzin bu ağır cinayətinə qarşı haqq səsini bütün dünyaya yetirdi. O çətin günlərdə millətə düzgün yol göstərdi, xalqın önünə düşdü. Azərbaycan cəmiyyətini istiqlal uğrunda, milli haqlar uğrunda mübarizəyə səslədi.
1990-cı ilin iyulunda siyasi rəhbərliyin bütün maneələrinə, hətta sui-qəsd təhlükələrinə baxmayaraq, əvvəl Bakıya, sonra anadan olduğu qədim Naxçıvan torpağına döndü. Və Azərbaycanın qurtuluş missiyasına Naxçıvandan başladı...
Qısa müddətdən sonra ulu öndərin Naxçıvan Ali Məclisinin Sədri seçilməsi, əslində, tək Naxçıvan sakinlərinin deyil, bütün Azərbaycan vətəndaşlarının seçimi, istəyi idi. Bu vəzifədə çalışdığı iki ilə yaxın dövrdə Heydər Əliyev elə möhtəşəm işlər gördü ki, onlar əhəmiyyət və miqyasına görə neçə-neçə onilliyə örnək ola bilər. Ümummilli lider bu qədim diyarı bədnam ermənilərin işğal etməsinə imkan vermədi, onun müdafiə qüdrətini möhkəmləndirdi, hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər həyata keçirdi. Blokada şəraitində yaşayan, Bakıdakı rəhbərliyin davamlı təzyiqlərinə və maneələrinə məruz qalan Naxçıvanda əsl müstəqillik və dövlətçilik modeli yaranırdı. Təsadüfi deyil ki, müstəqillik və dövlətçiliklə bağlı bütün rəsmi qərarlar Azərbaycan Ali Soveti tərəfindən yox, Naxçıvan Ali Məclisi tərəfindən qəbul olunmuşdu. Müstəqillik və dövlətçiliklə bağlı təşəbbüslərin müəllifi də Azərbaycana o zaman rəhbərlik edən prezidentlər deyil, məhz Naxçıvandakı Heydər Əliyev idi.
Ulu öndərin səyi nəticəsində hələ 1991-ci il noyabrın 17-də Naxçıvan Ali Məclisinin yekdil qərarına əsasən müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız ilk dəfə muxtar respublikanın rəsmi bayrağı kimi qəbul edildi. Naxçıvan Muxtar Respublikası İttifaqın qalıb-qalmaması barədə səsvermə prosesində iştirakdan imtina edən yeganə diyar oldu. Naxçıvan Muxtar Respublikası referendumda “Yeni İttifaq müqaviləsi”nə cəsarət və qətiyyətlə “Yox!” dedi. Sovet qoşun hissələrinin muxtar respublikadan çıxarılması, 20 Yanvar faciəsinə siyasi qiymət verilməsi, Naxçıvanın müdafiəsi üçün sistemli tədbirlərin görülməsi, nizami ordu hissələrinin təşkili, Naxçıvanın taleyi üçün müstəsna əhəmiyyətə malik Qars müqaviləsinin şərtlərinin beynəlxalq aləmin diqqət mərkəzinə çəkilməsi kimi vacib məsələlər qısa müddətdə həllini tapdı. Yeni iqtisadi münasibətlərin formalaşdırılması, əhalinin sənaye mallarına, ərzaq məhsullarına kəskin ehtiyacının ödənilməsi, enerji təminatı sahəsində böhranlı vəziyyətin aradan qaldırılması üçün layihələrin həyata keçirilməsi, ağıryüklü təyyarələrin qəbulu üçün aeroportun yenidən qurulması kimi mühüm hadisələr Heydər Əliyev dühasının fədakarlığının nəticəsi idi.
Blokada şəraitində yaşayan Naxçıvana kömək etmək əvəzinə hakimiyyətdə olan AXC-Müsavat cütlüyü təxribatlar törədir, muxtar respublikada hakimiyyət böhranı yaratmaq istəyirdilər. Lakin onların bütün cəhdləri boşa çıxdı. Naxçıvan sakinləri öz liderlərinə və iradələrinə sahib çıxaraq araqarışdıranları Naxçıvandan qovdular.
Ulu öndərin Naxçıvan Ali Məclisinin Sədri kimi qəbul etdiyi müdrik qərarlar, həyata keçirdiyi məqsədyönlü tədbirlər yeni müstəqillik qazanmış dövlətin aparmalı olduğu islahatların mahiyyətini təşkil edirdi və 1993-cü ildən sonra bütün Azərbaycana şamil olunacaq yeni inkişaf kursunun da əsası idi.
Bir haşiyə çıxım. Bu günlərdə Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun, Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının və digər dəyərli dövlət, elm xadimlərinin, ruhanilərin nitqlərinin əsas mövzusu da məhz Heydər Əliyevin bünövrəsini qoyduğu tolerantlıq, multikulturalizm, İslam həmrəyliyi modellərinin dünyada ən mükəmməl nümunə kimi qəbul olunması idi. Konfransdakı çıxışlarımızda Naxçıvanın 25-27 il öncəki ağır durumunu, xaosdan tərəqqiyə keçidin məşəqqətlərini yada saldıq və real müqayisələrlə Naxçıvanın bu gün mövcudluğunun yeganə şərtinin məhz ulu öndər olduğundan bəhs etdik.
Xatırlatdıq ki, 1990-cı illərin əvvəllərində insanlar Heydər Əliyevin fəal siyasətə dönüşünə Azərbaycanın milli qurtuluşunun başlanğıcı kimi baxırdılar. Azərbaycanda yaranmış hakimiyyət böhranı, artan erməni işğalları Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişini qətiləşdirirdi. Xalqın iradəsi ilə baş tutan və tariximizə Qurtuluş Günü kimi düşən bu hadisə həm də Azərbaycanın xilası oldu.
1993-cü ilin iyununda ölkə real vətəndaş müharibəsinə sürüklənirdi. Azərbaycanı bir neçə yerə parçalamaq planı vardı və planın icrasına artıq başlanmışdı. Torpaqlarımızın Ermənistan silahlı birləşmələri tərəfindən işğalı, qaçqın və məcburi köçkünlərlə bağlı problemlər, sosial-iqtisadi böhran, ümidsizlik cəmiyyəti acınacaqlı vəziyyətlə üzləşdirmişdi. O çətin anlarda Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdışı Azərbaycanı məhv olmaqdan qorudu. Ulu öndər pərən-pərən düşmüş cəmiyyəti yenidən bir yerə topladı. Milli vəhdətə nail oldu, vətəndaş müharibəsinin, qardaş qırğınlarının qarşısını aldı. Xaosu, anarxiyanı ortadan götürdü. Ölkənin demokratik inkişafı üçün böyük təhlükə törədən qanunsuz hərbi qruplaşmaları zərərsizləşdirdi. 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ilə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğuna doğru mühüm addımlar atdı. Ulu öndərin elan etdiyi yeni neft strategiyası, 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın gələcək sosial-iqtisadi inkişafının rəhninə çevrildi.
Veteran nefçilərimizlə söhbətlərimiz zamanı onlar Azərbaycanda neft sənayesinin inkişafı üçün Heydər Əliyevin ötən əsrin 70-ci illərində gördüyü işləri xatırlayırlar. Ulu öndər o illərdə ölkənin bütün neft infrastrukturunu, demək olar ki, yenidən qurmuşdu. Bu sistemi müasirləşdirmişdi, modernləşdirmişdi. Bunun müqabilində ölkədə neft istehsalının həcmi ən azı 3-4 dəfə artmalı idi. Amma bu, baş vermirdi. Artım sadəcə 20-30 faiz olurdu. Ən çox artımın qeyri-neft sektorunda, o cümlədən aqrar sektorda əldə olunmasına cəhd göstərilirdi. Ölkə həyatının bütün əhəmiyyətli sahələrində inkişafın, irəliləyişin tərəfdarı olan, insanları bu məqsəd ətrafında səfərbər edən Heydər Əliyev təkcə neft istehsalının artımında maraqlı deyildi. Bu istiqaməti dolayısı ilə əngəlləyirdi. İndi tarixi reallıqları təhlil edəndə görürsən ki, bu da ümummilli liderin vətənpərvərliyindən, müdrikliyindən irəli gəlirmiş. O millətin dar gününün sərvəti olan nefti sovet büdcəsinin mənbəyi olmaqdan, dəyər-dəyməzinə sümürülüb aparılmaqdan qoruyurdu. Onu müstəqil Azərbaycan üçün saxlayırdı...
Və Heydər Əliyevin bu müdrikliyi növbəti dəfə özünü doğrultdu. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycana əbədi səadət, sarsılmaz qüdrət bəxş etdi.
Heydər Əliyev hələ sovet dövründə Azərbaycan kəndlisini torpağa qaytardı. Kolxoz-sovxoz adıyla kəndli əməyinin istismarına son qoydu. Ona qədər əli torpaqdan soyumuş kənd zəhmətkeşləri artıq öz əməklərinin halal qazancını görməyə başladılar. Kəndlərimizdəki palçıq daxmalar daş evlərə çevrildi. Sonra ikimərtəbəli imarətlər, həyətlərdə qəttəzə avtomobillər göründü. Əmək qəhrəmanları cəmiyyətin göz bəbəyinə çevrildi. Hər kəs anladı ki, torpaq onları ucaldır. İnsanlar torpağı sevməyə başladılar. Və 1997-ci ildə Heydər Əliyev milyonlarla insanımızın çörək təknəsi olan torpağı təmənnasız olaraq kəndlilərimizə bağışladı. Bu, tariximizdə bir ilk idi. Azərbaycanın minillik tarixində hələ heç vaxt kəndli öz torpağının ağası olmamışdı.
Bir məqamı da vurğulamaq istərdim ki, Heydər Əliyevin torpaq islahatlarını 1997-ci ildə başladığını deyənlər, əslində, böyük yanlışlığa yol verirlər. Hələ 1992-ci ildə Naxçıvan Ali Məclisinə rəhbərlik edərkən Heydər Əliyevin kənd təsərrüfatında kolxoz-sovxoz sisteminin xüsusi mülkiyyətə keçirilməsi ilə bağlı qəbul etdiyi qərar nəinki Azərbaycanda, ümumilikdə İttifaq miqyasında kənd təsərrüfatında ümumi mülkiyyətçiliyin ləğvinə dair ilk təşəbbüs idi.
Bütün bunlar Azərbaycanı davamlı inkişaf yoluna çıxardı. Cəmiyyətimizdə azad bazar iqtisadiyyatı prinsipləri, demokratik birgəyaşayış qaydaları bərqərar oldu. Cəmiyyət yeni ictimai-iqtisadi formasiyaya tezliklə uyğunlaşdı və onun üstünlüklərindən faydalanmağa başladı. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etdi. İrəli sürdüyü qlobal təşəbbüslərlə, irimiqyaslı enerji-kommunikasiya layihələri ilə Azərbaycanı dünyaya, ardıcıl inkişaf axınlarına yetirdi. Ölkəmiz beynəlxalq arenada öz layiqli yerini tutdu.
Ümummilli liderin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində ilk mühüm addımlarından biri cəmiyyətin vahidliyinin, bütövlüyünün təmin olunması, milli ideologiyanın sistem halında təqdimatı oldu. Bu bir reallıqdır ki, ulu öndər cəmiyyətin vahidliyini təmin edərək, onun müxtəlif istiqamətlər - sosial bərabərsizlik, regional, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına im-kan vermədi. Bu, Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi baxımından son dərəcə vacib amil idi və ötən illərin reallıqları da bunu təsdiqlədi. Dünya Azərbaycanınlılarının Birinci Qurultayında “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gun də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyən ulu öndər dünya azərbaycanlılarını azərbaycançılıq ideyası ətrafında səfərbər etdi.
Və ən mühümü, ulu öndər onun cismani yoxluğu dövründə də milli ideyaları davam və inkişaf etdirməyə qabil lideri yetişdirdi. Heydər Əliyevin formalaşdırdığı möhkəm təməllər üzərində Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə gətirib çıxaran məhz onun yetirməsi - Prezident İlham Əliyev oldu.
Ulu öndərin Azərbaycanın gələcəyi ilə bağlı böyük ideallarının həyata keçirilməsi bu gün İlham Əliyevin missiyasıdır. Dövlət rəhbərimiz öz tarixi missiyasını əzmlə həyata keçirir. Onun ölkəmizə qazandırdığı nailiyyətlər təkcə Azərbaycanın deyil, ümumilikdə türk dünyasının, İslam aləminin gələcəyinə işıq salır. Dövlət başçımızın, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında Azərbaycan bəşəriyyətə sevgini, şəfqəti, xeyirxahlığı, maarifi, mədəniyyətlərarası dialoqu, sülh və tolerantlığı aşılayır, ölkələr və cəmiyyətlər arasında mənəvi körpüyə çevrilir.
Azərbaycanı belə bir ucalıqda görmək Heydər Əliyevin də ən böyük arzusu idi...
Bu gün çox qürur duyuruq ki, ulu öndərin irsini, müqəddəs yolunu davam etdirən, Azərbaycanda ən səmimi inam, etimad ünvanlarından binə çevrilən məkan - Heydər Əliyev Fondu var. Ulu öndər həyatı boyu mərhəmət, xeyirxahlıq, maarifçilik kimi dəyərlərin ən bariz daşıyıcısı oldu və sevinirəm ki, Heydər Əliyev Fondu da bu dəyərləri artıq 13 ildir layiqincə dünyada təbliğ edir. Yəni Heydər Əliyev irsinin yaşadığını demək onun özünün də mənən yaşadığını hər gün sübut edir. Hörmətli Mehriban xanım Əliyevanın səyləri, ulu öndərin irsinə olan dərin sevgisi və bağlılığı nəticəsində xalqımız Heydər Əliyev Fonduna elə Heydər Əliyevin özü kimi yanaşır, dar günündə çəkinmədən ora müraciət edir, oradan yardım istəyir, mədəd umur. Dünyanın onlarla ölkəsində Heydər Əliyev Fondu tərəfindən məktəblər tikilir, xəstəxanalar açılır, yardıma ehtiyacı olan insanların problemləri həll olunur, dini ibadətgahlar təmir edilir, onlarla digər sosial layihələr icra olunur. Bunlar həm Azərbaycanın və həm də Heydər Əliyev irsinin təbliğatı, tanınmasıdır.
2013-cü ilin 10 mayında ulu öndərin anadan olmasının 90-cı ildönümünə həsr edilmiş mərasim zamanı Azərbaycan Prezidentinin dilə gətirdiyi xəfif bir epizodu Heydər Əliyevin vəfatının ildönümü günündə yenidən yada salıb təsirlənirəm...
İlham Əliyev həmin gün səhər gül bayramında onunla şəkil çəkdirən bir qızcığazın söylədiyi kəlmələri xatırlatmışdı: “Bir qız yaxınlaşdı, - 4-5 yaşında, - dedi ki, mən Sizi tanıyıram, Siz Heydər babanın oğlusunuz. Bilirsiniz, bu, bu gün eşitdiyim ən gözəl, ən əziz sözlərdir”...
Bir ömrün insana qazandıra biləcəyi ən böyük dəyər də, yəqin ki, elə budur:
İnsanların yaddaşında güclü bir dövlətin qurucusu kimi xatırlanmaq...
“Bani ata” kimi xatırlanmaq...
Dünyanın ən böyük azərbaycanlısı kimi xatırlanmaq...
Heydər Əliyev kimi xatırlanmaq...

Fəttah HEYDƏROV,
Milli Məclisin komissiya sədri, Respublika Ağsaqqallar Şurasının sədri