Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Leonid Kalaşnikov: Azərbaycan və Rusiya parlamentləri arasında əməkdaşlıq yüksək səviyyədədir

11 Dekabr 2017
Dekabrın 11-də Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkələrimiz arasındakı dostluq münasibətlərinin dərin tarixi köklərə əsaslandığını və hazırda yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. O bildirib ki, ulu öndər Heydər Əliyev Rusiya-Azərbaycan əlaqələrinin dərinləşməsi üçün böyük işlər görüb.

Komitə sədri ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın əhəmiyyətindən söz açıb, ikitərəfli münasibətlərdə mədəniyyət, elm və təhsil sahələrinin vacibliyindən danışıb. Bildirib ki, ölkəmiz Rusiya ilə əməkdaşlığa önəm verir və ortaq maraqlar Azərbaycan-Rusiya əməkdaşlığını daha da gücləndirir.

Parlamentlər arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov ölkələrimiz arasında fikir ayrılığının olmadığını deyib. O qeyd edib ki, Rusiya və Azərbaycan arasında strateji əməkdaşlıq uğurla inkişaf edir. Ölkələrimizin ortaq sərhədi, tarixi var. Ulu babalarımızın İkinci Dünya müharibəsində qələbəsi ortaq tarixi səhifələrimizdən biridir. Bu müharibədə Qələbənin əldə edilməsində Azərbaycanın böyük rolu olub. Bakı nefti Sovet İttifaqının qələbə qazanmaqda əsas səbəb olub.

Leonid Kalaşnikov, həmçinin qeyd edib ki, ölkələrimiz arasında humanitar sahədə də əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycanda M.V.Lomonosov adına Moskva Dövlət və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb universitetlərinin Bakı filialları fəaliyyət göstərir. Burada rus dilinin qorunub saxlanılması üçün görülən işlər bizi sevindirir.