Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bu ilin 11 ayında ölkəmizi 2 milyondan çox xarici vətəndaş ziyarət edib

11 Dekabr 2017
Bu ilin on bir ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 milyon 477 min 908 nəfər olub.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ölkəmizə səfər edənlərin 790 min 258 nəfəri Rusiyanın payına düşür.

Bundan başqa, Gürcüstandan 488 min 269, İrandan 340 min 702, Türkiyədən 275 min 147, Birləşmiş Ərəb Əmirliklərindən 87 min 215, İraqdan 58 min 259, Ukraynadan 53 min 583 və Səudiyyə Ərəbistanından isə 32 min 644 nəfər ölkəmizi ziyarət edib.

Ziyarətçilərin 351 min 831 nəfəri isə digər ölkə vətəndaşlarıdır. Ən çox xarici ölkə vətəndaşları ölkəmizə iyul ayında (313 min 515 nəfər) gəlib.

Bu dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ vətəndaşlarının xüsusi çəkisi daha çox qeydə alınmaqla müvafiq olaraq 31,8, 19,7, 13,7, 11,1 və 3,5 faiz təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya olub. Belə ki, bu il ölkəmizə İrandan 117 min 556, BƏƏ-dən 44 min 558, Rusiyadan isə 105 min 20 nəfər daha çox şəxs gəlib.

2016-cı ilin 11 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 2 milyon 64 min 224 nəfər, noyabr ayında isə 169 min 427 nəfər təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 11 ayında Azərbaycana 413 min 684 nəfər, təkcə noyabr ayında isə 31min 877 nəfər çox xarici vətəndaş gəlib.