Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ulu öndər Heydər Əliyev dünya siyasətinə adını yazdıran müdrik siyasi lider və fenomenal şəxsiyyətdir

11 Dekabr 2017
Dekabrın 11-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, anım tədbirində universitetin professor-müəllim heyəti, tələbələr, eyni zamanda, Milli Məclisin deputatları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə müasir və müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin milləti və xalqı qarşısında olan misilsiz xidmətlərindən danışan universitetin rektoru, professor Gülçöhrə Məmmədova Ulu Öndərin dünya siyasətinə adını yazan mütəfəkkir şəxsiyyət, müdrik siyasi lider və fenomenal şəxsiyyət olduğunu vurğulayıb. Rektor Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə müşahidə olunan inkişafı diqqətə çatdırıb. O, hazırda memarlıq və inşaat sahəsində peşəkar kadr hazırlığı aparan Memarlıq və İnşaat Universitetinin yaradılması təşəbbüsünün də məhz dahi lider Heydər Əliyev tərəfindən gerçəkləşdiyini qeyd edib.

Milli Məclisin deputatları Şahin İsmayılov və Aydın Hüseynov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxışlarında ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Azərbaycan tarixindəki rolundan, ölkənin inkişafı istiqamətində həyata keçirdiyi uğurlu islahatlardan söhbət açıblar.

AzMİU-nun tələbələri Fidan Məmmədzadə və Ülvi Verdiyev isə Ulu Öndərin gənclər siyasətindən danışıblar, ümummilli lider Heydər Əliyevin gənc nəslin yüksək intellektli qüvvə kimi formalaşmasında böyük xidmətlərini xatırladıblar.