Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Ali Neft Məktəbində Layihələri İdarəetmə Məktəbinin yeni qrupu açılıb

11 Dekabr 2017
Bakı Ali Neft Məktəbi (BANM), İngiltərənin “TwentyEighty Strategy Execution” (STRATEX) şirkəti, ABŞ-ın Corc Vaşinqton Universiteti, BP və onun tərəfdaşlarının birgə əməkdaşlığı ilə həyata keçirilən Layihələri İdarəetmə Məktəbinin növbəti – “Stream 18” qrupunun təqdimat mərasimi olub.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirə bu ali məktəbin rektoru Elmar Qasımov, “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov, “BP-Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Asif Şəfəqqətov, “Azərsu” ASC-nin aparat rəhbəri Möhsün Quliyev və yeni qrupun müxtəlif aparıcı şirkətlərdən olan iştirakçıları qatılıblar.

E.Qasımov BANM-in və Layihələri İdarəetmə Məktəbinin uğurlu fəaliyyətindən danışıb. Rektor rəhbərlik etdiyi ali məktəbin təşkilatçılığı ilə həyata keçirilən proqrama önəm verdikləri üçün qonaqlara təşəkkürünü bildirib.

Tədbirdə T.Cabbarov, B.Aslanbəyli və A.Şəfəqqətov Layihələri İdarəetmə Məktəbinin bu sahə üzrə mütəxəssis hazırlığında böyük rola malik olduğunu bildirib və iştirakçılara uğurlar arzulayıblar.

“Stream 18” qrupunun iştirakçıları təmsil etdikləri şirkət haqqında məlumat veriblər. Proqramda SOCAR-ın baş ofisinin, “Azərsu” ASC, BP, “CBMC”, “CNFA”, “Ernst&Young”, “Neftqaztikinti”, “Azərkimya”, “Azneft” İstehsalat Birliyi, “Worley Parsons” və digər şirkətlərin əməkdaşları iştirak edirlər.

Qeyd edək ki, Layihələri İdarəetmə Məktəbi son bir ildə dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlərin böyük marağına çevrilib. Şirkətlər öz seçilmiş mütəxəssislərinin ixtisasartırması haqqında düşünərkən üstünlüyü məhz Layihə İdarəetmə Məktəbinə verir. Burada proqramın iştirakçıları layihələrin idarəolunmasının yeddi modulu üzrə ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramını keçir. Proqramı uğurla başa vuranlar həmin universitetinin magistr sertifikatı ilə təltif edilirlər.