Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan 30 ölkəyə enerji ehtiyatları ixrac edir

09 Dekabr 2017
 

Respublikamız Avrasiya məkanında effektiv transregional logistik zəncir yaradıb

 

Azərbaycanın davamlı iqtisadi inkişaf sahəsində əldə etdiyi böyük nailiyyətlər bir daha sübut etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi islahatlar, əlverişli investisiya mühitinin yaradılması, iqtisadi siyasət çərçivəsində zamanın tələblərinə uyğun olaraq zəruri tədbirlərin həyata keçirilməsi müstəsna əhəmiyyətə malikdir. Azərbaycan xalqı hazırda tarixinin çox məsul və şərəfli bir dövrünü yaşayır. Böyük perspektivlərə malik olan respublikamız dünyada inkişaf edən ən dinamik ölkələrdən biri sayılır.

 

225 milyard dollar həcmində investisiya

 

Sirr deyil ki, iqtisadi inkişafın səviyyəsindən asılı olmayaraq, iqtisadiyyata investisiyaların yatırılması hər bir dövlətin iqtisadi siyasətinin özəyini təşkil edən aktual məsələlərdən biridir. Dünyada baş verən qlobal maliyyə böhranı şəraitində bu aktuallıq hər bir ölkədə olduğu kimi, respublikamız üçün də son dərəcə əhəmiyyətlidir.
Dünya iqtisadiyyatında baş verən mənfi tendensiyalar, demək olar ki, bütün ölkələrdə sərmayə qoyuluşunu azaldıb. Ancaq ölkəmizdəki yaxşı investisiya imkanları və Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılan əlverişli biznes mühiti yerli sahibkarlarla yanaşı, xarici investorları da ölkəmizə cəlb edir. Dövlət başçısının tapşırıqlarına əsasən, investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərin nəticəsidir ki, Azərbaycana sərmayə qoyan şirkətlərin sayı ilə yanaşı, onların coğrafiyası da getdikcə genişlənir. Son 14 ildə ölkə iqtisadiyyatına 225 milyard dollar həcmində investisiya qoyulub. Bunun 107,2 milyard dolları xarici investisiyadır. Bütün bunlar isə Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da yüksəlməsinə səbəb olub.

 

Regional lider, geosiyasi aktor, transmilli layihələr

 

Azərbaycan hazırda regional lider, bir sıra qlobal məsələlərdə mühüm geosiyasi aktor, habelə beynəlxalq imici durmadan artan nüfuzlu ölkədir. Azərbaycan “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan dörd layihədən ibarət (“Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP) “Cənub qaz dəhlizi” kimi milyardlarla investisiya yatırılan layihələrin əsas təşəbbüskarlarından biridir. Prezident İlham Əliyevin söylədiyi kimi, bütün bu layihələr bir daha sübut edir ki, Azərbaycan son 14 il ərzində böyük və şərəfli yol keçib. İri sərmayəçi kimi mövqeyini möhkəmləndirən Azərbaycan regionda xarici ölkələrin iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə bu gün MDB-də aparıcı dövlətlərdən birinə çevrilib. Dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarında respublikamız bölgədə investisiyaların coğrafi mərkəzinə çevrilən ölkə kimi səciyyələndirilir.
Dekabrın 1-də Bakıda “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci Nazirlər Konfransında çıxış edən Prezident İlham Əliyev bir daha Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən meqalayihələri dəyərləndirib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın təşəbbüskarı olduğu və davam edən regional bağlılıq layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Azərbaycan ilə İran arasında dəmir yolu şəbəkələrini əlaqələndirən Xəzər dənizi sahilindəki logistik mərkəz kimi strateji təməl komponentləri Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə çoxtərəfli imkanlara malik transregional infrastrukturun inkişafında keyfiyyətcə yeni nailiyyətləri nümayiş etdirir.

 

Transavropa və Transasiya dəhlizləri Bakıda qovuşacaq

 

Azərbaycanın iştirakı və təşəbbüsü ilə reallaşdırılan layihələr eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac neft boru kəməri və Cənubi Qafqaz qaz kəməri vasitəsilə Xəzər dənizinin enerji ehtiyatları yaxın region ölkələrinə və Avropaya nəql edilir. Bu da enerji ehtiyatlarının dünya bazarlarına ixracının inkişafı ilə yanaşı, ölkənin tranzit imkanlarının genişləndirilməsi üçün strateji əhəmiyyətə malikdir.
Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov ötən ay Aşqabadda keçirilən Enerji Xartiyası Konfransının “Gələcəyin dayanıqlı energetika təminatı və nəqletmə marşrutlarının şaxələndirilməsi məqsədilə sərmayələrin səfərbər edilməsi” mövzusuna həsr edilmiş 28-ci sessiyasında bildirib ki, hazırda Azərbaycan təxminən dünyanın 30 ölkəsinə neft, qaz və neft məhsulları ixrac edir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri və Cənubi Qafqaz qaz kəməri vasitəsilə Xəzər dənizinin enerji ehtiyatları yaxın region ölkələrinə və Avropaya nəql edilir. Bu da enerji ehtiyatlarının dünya bazarlarına ixracının inkişafı ilə yanaşı, ölkənin tranzit imkanlarının genişləndirilməsi üçün strateji əhəmiyyətə malikdir.
Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinə böyük önəm verir və bu layihələrin inkişafında fəal iştirak edir. 2004-cü ildə Azərbaycanda 11 min kilometr uzunluğunda avtomobil yolu salınıb və bunun 1300 kilometri məhz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əhatə edib. Azərbaycanın əsas məqsədi Transavropa və Transasiya dəhlizlərini birləşdirəcək yeni nəqliyyat infrastrukturu yaratmaqdır.

 

Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirəcək layihə

 

Ötən ay Avropa Komissiyası “Cənub qaz dəhlizi”nin tərkib hissəsi olan layihələri yenidən Avropa İttifaqının (Aİ) ümumi maraq layihələri (PCI) siyahısına daxil edib. Həmin layihələr Azərbaycan təbii qazını Gürcüstan-Türkiyə sərhədinə qədər daşıyacaq Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), qardaş ölkədən keçərək Yunanıstanadək uzanacaq Transanadolu (TANAP) və Yunanıstan, Albaniya, Adriatik dənizindən keçməklə İtaliya sahillərinə çıxacaq Transadriatik (TAP) boru kəməridir.
Prezident İlham Əliyev Brüsseldə Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasındakı çıxışında enerji və nəqliyyat təhlükəsizliyinin Azərbaycan üçün vacib maraq kəsb edən əsas prioritet sahələr olduğunu bildirərək “Cənub qaz dəhlizi” layihəsinin Avropa qitəsinin enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirəcəyini vurğulayıb: “Cənub qaz dəhlizi” uğurla inkişaf edir. Bu layihənin dəyəri 40 milyard ABŞ dollarından artıqdır və bizə əlavə həcmdə təbii qaz hasil etməyə və bunu Azərbaycandan Avropa bazarlarına nəql etməyə imkan verəcək. 3500 kilometrlik qaz xətti yeni marşrut olacaq və Avropa bazarlarına yeni mənbədən qaz nəql edəcək. Bu, enerji təhlükəsizliyi siyasəti ilə bərabər, enerji şaxələndirilməsi siyasətidir, çünki Azərbaycanın qaz yataqlarından hasil ediləcək qaz Avropanın yeganə yeni təbii qaz mənbəyi olacaq və sözsüz ki, Avropa qitəsinin enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirəcək. Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir və bu, qarşıdakı onilliklərdə Avropaya təbii qaz nəql etmək üçün yetərli olacaq”.
Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub qaz dəhlizi” Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Bu boru xətti ilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır. Artıq “Şahdəniz-2” layihəsi üzrə işlər - mühəndis işləri, təchizat, tikinti işləri və istismar sınaqları da daxil olmaqla, ümumilikdə, 97 faizdən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi üzrə işlərin isə 98 faizi görülüb. Azərbaycanda əsas kəmər xəttinin inşası işləri tamamlanmaq üzrədir. Təqribən 419 kilometr uzunluğunda borular artıq qaynaq edilib, 380 kilometr boru xəndəyə endirilib və üstü örtülüb. Planlaşdırılmış 5 üfüqi qazma işinin hamısı tamamlanıb. Bundan əlavə, 6 hidro-sınaq bölməsində işlər bitib.
TANAP layihəsi üzrə ümumi işlərin 86 faizi tamamlanıb. 2018-ci ilin iyununda Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlərin 93 faizi, 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün tamamlanması nəzərdə tutulan işlərin isə 70 faizi görülüb. Uzunluğu 1850 kilometr olan TANAP layihəsinin dəyəri hazırda 7,99 milyard ABŞ dollarıdır. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.
Təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulan TAP qaz boru kəməri üzrə işlərin isə 57 faizdən çoxu icra edilib. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyə və Gürcüstanla həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.

 

Beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşən liman kompleksi

 

Xəzər hövzəsi Avrasiyanın və dünyanın transmilli nəqliyyat-kommunikasiya sisteminin ən vacib və həlledici halqalarından biri hesab olunur. Dənizin hər iki sahilini Şərqin və Qərbin inkişaf etmiş həmsərhəd ölkələri ilə birləşdirən və əlverişli coğrafi məkan sayılan Xəzər hövzəsi geoiqtisadi xarakteristikasına görə də mühüm əhəmiyyət kəsb edir. Hövzə Şərqlə (Cənub-Şərqi Asiya və Çin) Qərbi (Şərqi və Qərbi Avropa) və Şimalla (Rusiya və Uzaq Şərq) Cənubu (İran və Yaxın-Orta Şərq) birləşdirən ən əlverişli nəqliyyat-kommunikasiya dəhlizinin keçdiyi məkan hesab olunur. Hesablamalara görə, Aralıq dənizindən Sakit okeana qədər olan böyük bir planetar məkanın nəqliyyat-kommunikasiya və ticarət əlaqələrinin qurulmasında ən qısa və əlverişli dəhliz məhz Xəzər-Qara dəniz hövzəsi, Orta Asiya və Cənubi Qafqaz hesab olunur. Hazırda müxtəlif qitələri birləşdirən transmilli ticarət, enerji mübadiləsi və digər geoiqtisadi əlaqələr ən qısa və əlverişli marşrutlar, enerji dəhlizi və kommunikasiya xətləri də mütəxəssislərin fikrinə görə bu bölgədəki ölkələrin ərazilərindən keçir.
Prezident İlham Əliyevin iştirakı ilə 2010-cu il 3 noyabr tarixində təməli qoyulan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası da məhz bu məqsədlərə xidmət edir. Yeni liman kompleksi Azərbaycan ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşir. Bu coğrafi mövqe, yeni liman üçün zəngin tranzit potensialı yaratmaqla, ölkəyə daxil olan, ölkədən çıxan və tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirməyə imkan verərək, Xəzər dənizi üzərindən effektiv, sürətli və təhlükəsiz bərə keçidini təmin etmiş olacaq.
Şimal-Cənub, Şərq-Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yük axınlarının yeni liman kompleksində cəmlənərək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə Şərq istiqamətində nəql edilməsini təmin edən effektiv və dayanıqlı logistik zəncir yaradıla bilər.
Qeyd edilənlərlə bərabər, yeni limanın ərazisi də daxil olmaqla Ələt qəsəbəsində Azad Ticarət Zonasının yaradılması nəzərdə tutulub ki, bu da öz növbəsində mühüm nəqliyyat qovşağı kimi yeni limana daha geniş tranzit və daşıma imkanları verəcək. Azad Ticarət Zonasının fəaliyyətə başlaması ilə Bakının regional əhəmiyyətli ticarət zonasına çevrilməsi nəticəsində 2020-ci ildə real ÜDM-in 110 milyon manat birbaşa və 35 milyon manat dolayı olmaqla, ümumilikdə, 145 milyon manat artacağı, 2900 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.
Bu liman təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət kəsb edir. Limanın tikintisinin birinci fazası başa çatdıqdan sonra mal dövriyyəsi 15 milyon ton, konteyner daşınması isə 100 min təşkil edəcək. Limanın tikintisi tam başa çatdıqdan sonra isə mal dövriyyəsinin 25 milyon tona, konteyner daşınmasının isə 1 milyona çatdırılacağı gözlənilir.

 

Avropanı Asiya ilə dəmir yolu vasitəsilə birləşdirən ölkə

 

Azərbaycanın qonşuları ilə birgə həyata keçirdiyi daha bir əhəmiyyətli təşəbbüs oktyabrın 30-da açılışı olmuş Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən, bununla da Asiya ilə Avropa arasında yeni nəqliyyat əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yoludur. Bu, qarşılıqlı ticarət dövriyyəsini artıracaq və bir çox ölkələrə bu layihəyə qoşulmağa imkan verəcək ən qısa nəqliyyat marşrutdur.
Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu Qafqaz bölgəsini və Mərkəzi Asiya məkanını Cənubi Avropa və Cənub-Şərqi Asiya ölkələri ilə birləşdirən ən səmərəli və o cümlədən artıq mövcud olan xətdir, Türkiyədən keçməklə Cənubi Avropaya birbaşa birləşən bu polad magistral Avrasiyada bütün ölkələrin idxal və ixrac maraqlarını tamamlayır. Dəmir yolu Avrasiya məkanındakı bütün polad magistralların birləşdiricisi funksiyasına malikdir. Bu şəbəkəyə qoşulmaq, öz siyasətini sülh və inkişaf prinsipləri ilə quran bütün ölkələrin maraqlarındadır.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması Azərbaycan Prezidentinin strateji təşəbbüsünün bəhrəsidir. Dövlət başçısı bu layihəni belə dəyərləndirib: “Azərbaycan Avropanı Asiya ilə dəmir yolu vasitəsilə birləşdirən ölkəyə çevrilib. Enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, iqtisadi inkişaf - bütün bunlar bizim üçün vacib maraq kəsb edən və əsas prioritet olan sahələrdir”.
Enerji təhlükəsizliyi məsələlərini tam şəkildə həll edən müstəqil Azərbaycan bu gün dünyada neft və qaz hasil edən dövlət kimi tanınır və ölkə iqtisadiyyatı, respublikanın gələcək inkişafı üçün neft sənayesi, neft-qaz sektoru həmişə həlledici rol oynayacaq.
Dövlət başçısının təşəbbüsü ilə ölkəmizdə rəqabətli, şaxələndirilmiş, inklüziv və dayanıqlı iqtisadiyyatın qurulması təşəbbüslərinin tərkib hissəsi kimi hazırlanan “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” logistika və ticarət sahəsində iqtisadi inkişaf üzrə Azərbaycanın 2020-ci ilədək, 2025-ci ilədək və 2025-ci ildən sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətlərini müəyyən edir. Yol xəritəsində 2020-ci ilədək dövr üzrə inkişaf perspektivini özündə əks etdirən strateji məqsəd və hədəflərlə yanaşı, həmin məqsəd və hədəflərə nail olmaq üçün bir sıra tədbirlər nəzərdə tutulmuş, habelə əsas və digər icraçıların, icra müddətlərinin, nəticə indikatorlarının əks olunduğu təfsilatlı tədbirlər planı hazırlanmışdır. Həyata keçirilən tədbirlər nəticəsində 2020-ci ildə Azərbaycanda real ÜDM-in 605 milyon manat artacağı, eyni zamanda, ümumilikdə, 18900 yeni iş yerinin açılacağı proqnozlaşdırılır. Nəzərdə tutulan tədbirlərin reallaşdırılması üçün dövlət və özəl mənbələrdən istifadə edilməklə, cəmi 3160 milyon manat investisiya qoyuluşunun tələb olunacağı gözlənilir.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”