Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Erkən nikah bəlası

09 Dekabr 2017
 

İlk dəfə 1900-cü ilin yazında Bakıya gələn görkəmli publisist Ömər Faiq Nemanzadə xatirələrində yazırdı: “Burada Tağıyevin açdığı qız məktəbini görməsəydim, Bakının türk maarifi üzərinə qara bir cizgi çəkəcəkdim. Lakin heç gözləmədiyim qız məktəbi məni o qara xəbərçilikdən qurtardı. Belə bir mühitdə, belə bir zamanda açılan qız məktəbi məni o dərəcədə sevindirdi ki, bunu ürəyimdə saxlaya bilmədim, “Xeyri-məzlumə” imzası ilə İstanbulda çıxan “Sərvəti-fünun” məcmuəsinə uzun bir məqalə şəklində yazdım.

Görünür, o məqalə İstanbul mətbuatını mənim qədər sevindirmiş olmalı ki, onu “Sərvəti-fünun”dan, qadınlar məcmuəsindən başqa bütün gündəlik qəzetlər də eynilə çap etmişlərdi. Hətta bir az sonra o məqalə və onun təbrik yolu ilə yazılan məqalələri yığaraq bir kitab surətində nəşr etmiş və bu surətdə öz qardaşlıq duyğularının izhar və davamı nümayişində bulunmuşlar. Bakıda doğrudan, bir möcüzə sayılan bu maarif ocağından başqa üz ağardacaq bir şey yox idi”.

 

Təhsilli ana - oyaq millət deməkdir

 

Ziyalılarımız millətin tərəqqisinin ən ümdə yolunu maariflənmədə görürdülər. Buna görə də XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində yaşayıb-yaratmış Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı və digər görkəmli şəxsiyyətlər bədii, publisistik əsərlərində təhsilin əhəmiyyətini cəmiyyətin diqqətinə xüsusi ilə çatdırır, böyük təəssübkeşliklə çıxış yolları axtarırdılar. Onlar oğlan uşaqları ilə bərabər, qız balaların da məktəbə cəlb olunmasından danışarkən bu mühüm amili daim diqqətdə saxlayırdılar: övlada tərbiyə verən, onu layiqli vətəndaş kimi yetişdirərək cəmiyyətə bəxş edən anadır. Və təhsilli ana oyaq millət deməkdir.
Nə qədər acınacaqlı olsa da, keçən əsrin əvvəllərində həllini tapdığını düşündüyümüz məsələlərlə yenidən qarşılaşırıq. Doğrudur, indi problemlər bizə o qədər də kəskin görünməyə bilər, ancaq belə davam edərsə, onun fəsadları özünü getdikcə daha kəskin şəkildə büruzə verəcək. Səbəb nə olursa-olsun, qızların təhsildən uzaqlaşdırılmasına haqq qazandırmaq olmaz. Bir faktı da qeyd edək ki, Azərbaycanın bəzi rayonlarında qızların 9-cu sinfədək təhsil ala bilmədiklərini bu günlərdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də açıqladı. O bildirdi ki, 1-ci sinfə getdikdə oğlan və qızların nisbəti təxminən yarıbayarı olur: “Amma bəzi rayonlarda məzunların 60 faizindən çoxu oğlandır. Bu isə təbii amillərlə bağlı deyil. Bu, o deməkdir ki, qızlar 9-cu sinfə gəlib çatmayıblar”. Söylənən fakt məsələnin nə qədər aktual olduğunu deməyə əsas verir.

 

Valideynlərin “ağ gün” arzuları...

 

Əlbəttə, bu, yalnız qız uşaqlarının problemi deyil. Qızlar qədər olmasa da, oğlanların da erkən yaşda evləndirilməsi müşahidə olunur. Nəticədə, onlar məktəbdən uzaqlaşmalı olurlar. Gərəkli təhsil almayan, üstəlik də heç bir peşə, ixtisas sahibi olmayan yeniyetmə övladlarını evləndirmək üçün canfəşanlıq göstərən valideynlər onların sabahını, özlərini, ailələrini necə dolandıracaqlarını fikirləşmirlər. Belə ailələr evlilik həyatının mənəvi və maddi sınaqlarından keçməkdə çətinlik çəkir, sıxıntılarla qarşılaşdıqları an sarsılırlar.
Şübhəsiz ki, heç bir valideyn övladının bədbəxt olmasını istəmir, onları ağ günə çıxardıqlarını düşünərək evləndirirlər. Ümumiyyətlə, erkən nikahları dəstəkləyənlər onu müxtəlif bəhanələrlə əsaslandırırlar. Bunu sosial durumu yaxşılaşdırmaq, adət-ənənəyə riayət və dini inanclarla əlaqələndirməyə çalışırlar. Bəzən ailədaxili zorakılıq, təcavüz edənlə evləndirmə halı, qaçırılma kimi səbəblər də göstərilir. Erkən nikahların yaranmasına nə səbəb olursa-olsun, onlar yanlışdir.
Narahatlıq doğuran məsələlərdən biri də yeniyetmə qızların özlərindən dəfələrlə böyük, hətta ataları yaşda kişilərə ərə verilməsidir. Bu gün belə mənzərələrlə də az qarşılaşmırıq: vaxtilə Rusiya Federasiyasına gedib uzun illər orada yaşadıqdan sonra yaşlarının keçdiyindən narahat olan və vətənə ailə qurmaq qərarı ilə dönənlərin elçiləri yeniyetmə qızların qapılarını döyür. Bəzilərinin maddi vəziyyətləri cəlbedici göründüyündən, yaxud qohumluq və digər səbəblərdən onların elçilərinə “yox” deyilmir.
Erkən evliliklərdə, adətən, milli adət-ənənlərə əməl edilərək elçilik, nişan, xına, toy mərasimləri keçirilsə də, rəsmi nikaha daxil olmurlar. Belə evlənənlərin, yaxud boşananların qeydiyyatdan keçməmələri ölkə statistikasının dəqiq aparılmasına da zərbə vurur, rəsmi şəkildə göstərilən rəqəmlər istər-istəməz reallığı əks etdirmir.
Ümumiyyətlə, boşanmaların və ailə münaqişələrinin azaldılması üçün psixoloqlar gənclər arasında maarifləndirməni, təbliğat işini gücləndirməyi vacib hesab edirlər. Erkən evliliklərin boşanma hallarının yüksəlməsinə təsir göstərdiyi isə şəksizdir. Çünki məktəb partası arxasından yarımçıq ayrılan yeniyetmə qızın ev işləri görməyə, ailəni idarə etməyə nə mənəvi, nə də fiziki gücü olur. Əsəb, stress, yaşına uyğun olmayan çətinliklər onun həyatını puç edir. Bütün bunlara görə erkən nikahlar cəmiyyətdə narahatlıq doğurmalıdır. Çünki mütəxəssislər - həkimlər və psixoloqlar da belə ailələrdə stress və depressiyanın, əsəb pozuntusunun və digər mənfi halların olduğunu istisna etmirlər.

 

Məsələnin hüquqi tərəfləri...

 

Azyaşlı qızların ərə verilməsi insan hüquqlarının pozulması deməkdir. Bu, qanunlarımıza ziddir. Çünki 15-16 yaşında (bəzən hətta daha az, 13-14 yaşında) qız təhsil almalı, peşə öyrənməli, sənət sahibi olmalıdır. Hər insanın ömrü müəyyən mərhələlərdən keçir. Heç kimin, hətta ata-ananın da haqqı yoxdur ki, uşaqlığını, yeniyetməliyini övladının əlindən alsın. Qızlarını bu yaşlarda ərə verən və azyaşlı qızı evinə gəlin gətirən valideynlər hərəkətlərinə bəraət qazandırmaq üçün molla kəbinini misal gətirirlər. Ancaq unutmaq olmaz ki, ölkəmizdə dini kəbinin hüquqi qüvvəsi yoxdur. Azərbaycanda Ailə Məcəlləsinin 10.1-ci maddəsində nikah yaşı istər qadınlar, istər kişilər üçün 18 yaş müəyyən olunub. Avropa İnsan Hüquqları Konvensiyasının 12-ci maddəsində də göstərilir ki, yalnız nikah yaşına çatmış kişi və qadınlar ailə qurmaq hüququna malikdirlər. Bu qanunların işlədiyi respublikamızda erkən nikahların artmasına rəvac verən səbəblər müxtəlif olsa da, ilk növbədə, cəmiyyətin susqunluğu, laqeydliyi təəssüf doğurur. İş o yerə çatıb ki, artıq hər birimiz ətrafımızda erkən qurulan ailələri, onların çox zaman problemlərlə qarşılaşdıqlarını, hətta faciələrə yuvarlandırıldıqlarını görsək də, susuruq. Bu, məsələnin ağrılı tərəfidir. Amma ondan da böyük faciəmiz var. Bu da erkən evliliklərə bilərəkdən və ya bilməyərəkdən haqq qazandırmaq, rəvac verməkdir. Təəssüf doğuran bir məqam da budur: əsrlər öncə Azərbaycan mətbuatının nümayəndələri, millətsevər ziyalılarımız əllərinə qələm alanda millətin dərdlərinə sızıldayaraq, halına yanaraq yazırdılar. Bəzən öz millətdaşlarına yalvarır, göz yaşı tökür, bəzən ən kəskin şəkildə tənqid, bəzən üsyan edirdilər. Məqsədləri isə bir idi: inkişafımıza mane olan, cəmiyyətmizin bəlasına çevrilən problemlərin həll yollarını tapaq, “dünyanın tərəqqi edən, xoşbəxt millətlərindən olaq” - deyirdilər. Fikirlərimizin təsdiqini o zamankı qəzetlərin, jurnalların saralmış səhifələrində qalan yazılarda tapa bilərik. Həmin yazılar müəlliflərinin məqsədlərinin aliliyinin, millətsevərliklərinin, təəssübkeşliklərinin təsdiqidir. Bu gün o mətbuat orqanlarından daha böyük, müqayisə edilməyəcək dərəcədə geniş auditoriyadan - televiziyadan təqdim olunan verilişdə aparıcının bir qrup sənətçi ilə 15 yaşlı qıza elçi getməsinin isə əslində, bəraəti yoxdur. Üstəlik, təhsil aldığı məktəbdə yeniyetmənin dərslərdə müntəzəm iştirak etdiyi, yaxşı oxuduğu bildirilirsə və elçiliyi edilən oğlanla aralarında heç bir ülvi hiss, sevgi yoxdursa, onda “elçi”lərin hansı düşüncədən çıxış etdikləri təəccübdən daha çox təəssüf, qəzəb doğurur.
Əvvəllər belə fikirlər mövcud idi ki, qızları əsasən, təhsilin zəif və qadınlar üçün iqtisadi imkanların məhdud olduğu əyalət bölgələrində, ucqar dağ kəndlərində erkən yaşda gəlin köçürürlər. Səbəblərdən biri də hər cür imkan və şəraiti olsa belə, valideynin qız övladını oxutmaq istəməməsidir. Məsələn, Bakının bəzi kəndlərində belə hallar nadir deyil ki, qız uşaqları üç, ya dörd sinif oxuyan, hərfləri öyrənib adlarını yaza bilən kimi ata-anaları onları məktəbdən ayırır, sonra da ərə verirlər. Müşahidələr deməyə əsas verir ki, indi ölkəmizin hər yerində az və ya çox dərəcədə erkən evlənmə halları mövcuddur.
Əslində, bu problemin miqyası olduqca genişdir. Hər gün dünyanın müxtəlif yerlərində minlərlə erkən evlənmə baş verir. Adətən, belə halların daha çox Asiya və Afrika ölkələrində olduğu güman edilsə də, Avropanın bir sıra yerlərində, hətta son zamanlar inkişaf etmiş ölkələrdə də erkən yaşda ailə quranlar olur. İstisnalar təbii ki, mümkündür, amma psixoloqlar ümumilikdə bu fikirdədirlər ki, erkən evlənmə cəmiyyətə həyatından gileyli, bədbəxt cütlüklər, həmçinin psixoloji problemlərlə böyüyən uşaqlar bəxş edir.

 

Sağlam ailə sağlam cəmiyyətin bünövrəsidir

 

Ailə mədəniyyətinə Azərbaycanda böyük dəyər verilir. Bu müqəddəs ittifaqın səmimiliyinə, saflığına xələl gətirmək olmaz. Bir də unutmamalıyıq ki, sağlam ailə sağlam cəmiyyətin bünövrəsidir.
Bütün məsələlər bir-biri ilə sıx bağlı olduğundan onlara bütövlükdə nəzər salmaq, kökündən həll etməyə çalışmaq zəruridir. Erkən nikahların qarşısını almaq, uşaq hüquqlarını qorumaq, təhsilə dəstək, gələcək anaların və körpələrin sağlamlığına qayğı göstərmək vacibdir. Geriliyə, mühafizəkarlığa qarşı mübarizədə əsas silahımız məktəb, təhsildir.
Qanunların gücündən qızların, qadınların səlahiyyətlərini, hüquqlarını bilməsinə, cəmiyyətdə hər kəsin bu istiqamətdə maariflənməsinədək bütün vasitələrdən istifadə olunmalıdır.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”