Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Real gələcəyə nikbin münasibət

08 Dekabr 2017
 

Niderlandın ING maliyyə holdinqinin məruzəsi Azərbaycanın daha uğurlu perspektivindən xəbər verir

 

ING maliyyə holdinqinin (Niderland) analitik məruzəsi son illər Azərbaycanın keçdiyi böyük inkişaf yolunun uğurlarının sirrini açır. Müharibə şəraitində yaşayan, torpaqlarını işğaldan azad etməyə çalışan ölkəmizin iqtisadi və siyasi sahələrdə həyata keçirdiyi islahatların nədən bəhrələndiyini, hansı amillərin üzərində tərəqqiyə nail olduğunu izah edir. Ekspertlərin üzə çıxardıqları mənəvi dəyər, iqtidarla xalq arasındakı bağlılıq əslində, istənilən dövlətin inkişafının qayəsini təşkil edir. Bu baxımdan sözügedən analitik məruzə mürəkkəb siyasi proseslərin və qarşıdurmaların cövlan etdiyi müasir dünyada rəqiblərindən güclü olmağın və islahatlarda irəli çıxmağın əsas yolunun xalqla siyasi elita arasında yaranan qırılmaz bağlılıqdan faydalandığını göstərir.
ING maliyyə holdinqinin (Niderland) analitik məruzəsində ACT LLC humanitar tərəfdaşlıq təşkilatının Azərbaycanda apardığı araşdırmaların nəticələrinə istinadən bildirilir ki, Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45, Milli Məclis isə 65 faizinin etibarını doğruldur. Məruzədə həmçinin o da vurğulanır ki, əsasən vətəndaşların 80 faizi ölkənin gələcəyini nikbin qiymətləndirir, rəyi soruşulanların 83 faizə yaxını isə şəxsi gələcəyinə nikbinliklə baxır. Onu da qeyd edək ki, adı çəkilən araşdırmanın sifarişçisi Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramıdır.
Müasir dünya tarixində Azərbaycan müstəqillik tarixi çox qısa zamanla, cəmi bir neçə onilliklə ölçülən gənc dövlətlərdən biridir. Amma ölkəmiz bu qısa zaman kəsiyində müasir dünya təcrübəsindən yetərincə faydalanmış, tarixin ən ağır sınaqlarından uğurla keçə bilmişdir. Bu gün tanınmış ING maliyyə holdinqi hesabatında ölkə əhalisinin böyük əksəriyyətinin hökumətə, parlamentə etimad etdiyini göstərirsə, bu, bizim üçün qürur doğuran məqamdır. Bu etimadı, əminliyi yaradan amillər isə mahiyyət etibarı ilə müxtəlif nailiyyətlərin çoxşaxəli vektorlarının cəmindən ibarətdir. Onlardan ən vaciblərini sadalayaq.

 

Xaosdan siyasi sabitliyə

 

Ötən əsrin 90-cı illərində Qarabağ müharibəsi ilə paralel dərinləşən daxili böhran, siyasi qüvvələrin qarşıdurmaları gənc ölkəni ümidsizliyə yuvarlamışdı. Yalnız ulu öndər Heydər Əliyev kimi təcrübəli siyasi xadimin xalqın təkidi ilə hakimiyyətə qayıtması Azərbaycanı xaosdan, dağılmaqdan xilas etdi. Bu gün isə xalqla hakimiyyət arasındakı birliyi İlham Əliyevin davam etdirməsi Azərbaycanın dövlətçilik tarixində yeni ənənələrin təşəkkül tapmasına imkan verir və xalqla hakimiyyət arasında uğurlu birliyin özülü möhkəmlənir. Azərbaycan Prezidentinin Silahlı Qüvvələrin güclənməsi istiqamətində atdığı addımlar nəticəsində Qafqazın ən güclü ordusunun yaradılması, düşmənə edilən diplomatik təpkilərin artması və sonda aprel döyüşündəki qələbə hər birimizə anlatdı ki, biz artıq yenilməz və qüdrətli bir ölkənin sakinləriyik. Bu isə xalqla iqtidar arasındakı vəhdətin özülünü quran amildir.

 

Tərəqqiyə xidmət edən islahatlar

 

Danılmaz həqiqətdir ki, siyasi müstəqilliyimizi bərpa etdikdən sonra sürətlə reallaşdırılan iqtisadi islahatlar ölkəmizin simasını dəyişdirmişdir. Bu gün Azərbaycan ən müxtəlif məzmunlu onlarla beynəlxalq tədbirə evsahibliyi edir, sülhün, tərəqqinin ünvanı kimi qapılarını bütün dünyaya açır.
Aqrar sektorda, iqtisadiyyatda tətbiq edilən islahatlara milyonlarla vəsait xərclənir. Qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatında ənənəvi sahələrin dirçəldilməsi, aqroparkların, böyük fermer təsərrüfatlarının yaradılması inanılmaz sürətlə reallaşdırılır.
Yeni suvarma sistemlərinin qurulması və su anbarlarının tikintisi min hektarlarla əlavə torpaqlara həyat verir. Nəticədə məhsul istehsalı artır, ölkə idxaldan azad olur və üstəlik, əhalinin öz halal zəhməti hesabına güzəranı yaxşılaşır. Ölkədaxili yolların yenidən qurulması, yeni nəqliyyat dəhlizlərinin yaradılması, özünü blokadaya salan Ermənistanın fonunda əfsanə kimi görünür. Zavodların, fabriklərin, sənaye parklarının və zonalarının yaradılması sayəsində bölgələrdə və paytaxtda minlərlə iş yerləri açılır. Bütün bunlarsa ölkə sakinlərinin diqqətindən kənarda qala bilməzdi.
Elə ING maliyyə holdinqinin (Niderland) analitik məruzəsində də ekspertlər ölkədə həyata keçirilən bu cür layihələrin müsbət tendensiyasını məruzələrində nəzərə almışlar. Belə ki, onlar daxili tələbatın daha da sabitləşəcəyini proqnozlaşdırmış, kənd təsərrüfatında və qeyri-neft sektorunda artımın olduğunu bildirmişlər. Məsələn, qeyd etmişlər ki, ötən il pərakəndə satışların artımı 2 faiz ətrafında dəyişmiş, əməkhaqqı və gəlirlərin artması istiqamətində dönüş əlamətləri olmuşdur.

 

Sosial siyasət hər bir vətəndaşın həyatına təsir edən sahədir

 

Ölkədə aparılan bütün islahatlar və yeniliklər Azərbaycan vətəndaşının maddi rifahının, həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Bu baxımdan reallaşdırılan sosial layihələr - yüzlərlə məktəbin tikilməsi, köhnələrin təmir edilməsi, yeni təhsil ocaqlarının yaradılması, bütün ölkədə müasir tipli səhiyyə müəssisələrinin qurulması, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin, eləcə də sosial müavinətlərin, təqaüdlərin və əməkhaqlarının artırılması hakimiyyətlə xalq arasında birliyi və etibarı daha da möhkəmləndirir. ING maliyyə holdinqi kimi beynəlxalq qurumun analitik məruzəsi də bunu sübut edir.

Bahadur İMANQULİYEV,
“Azərbaycan”