Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

UNESCO Şəkini seçdi

08 Dekabr 2017
 

Qədim sənətkarlıq mərkəzi beynəlxalq “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb

 

Daha bir il tarixə qovuşur. Ümumilikdə 2017-ci ili ölkəmiz üçün uğurlu hesab edə bilərik. Bu uğurlar isə sözsüz ki, bütün istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində də müşahidə olunmaqdadır. Sevincli anlardan paytaxt Bakı ilə yanaşı, bölgələrimizə də pay düşüb.
Qızılı payızın yurdumuza qədəm qoyduğu, təbiətin min bir çalara büründüyü bir zamanda şəkililər xoş bir xəbər aldılar: Şəki şəhəri UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Belə bir qərarın verilməsi şəhər ictimaiyyəti tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılandı.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova söhbət zamanı bildirdi ki, Şəki şəhərinin UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi barədə qərarı hər kəsi duyğulandırıb. Noyabrın 6-da Şəki Şəhər İcra Hakimiyyətində keçirilən geniş şura iclasında təşkilatın bu qərarı ətraflı müzakirə olunub, görüləcək işlərdən və qarşıda duran vəzifələrdən bəhs edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkinin UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsini şəhərin həyatında çox mühüm hadisə kimi diqqətə çatdırıb. Bildirib ki, UNESCO-nun baş direktoru İrina Bokovanın qərarı ilə “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına 44 ölkədən 64 şəhər daxil edilib. Şəbəkənin yaradılmasında məqsəd xalq tətbiqi sənətinin daha da inkişaf etdirilməsi, həmçinin şəhərlərin turizm potensialının genişləndirilməsi, beynəlxalq səviyyədə tanıdılması və davamlı sosial-iqtisadi inkişafa nail olmaqdır. Bu baxımdan, UNESCO-nun bu qərarını xalq sənətkarlığının inkişafında yeni mərhələnin başlanğıcı saymaq olar.
Bildirilib ki, bu hadisə həm də Şəkinin beynəlxalq səviyyədə tanıdılması üçün atılan növbəti uğurlu addımlardan biridir. Təşkilatın bu qərarı son illər ölkəmizdə mədəni irsin qorunması və dünyaya tanıdılması istiqamətində aparılan məqsədyönlü işin məntiqi nəticəsidir.
Zərinə Cavadova deyir ki, Şəki şəhəri məhz Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin və Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəliyinin birgə fəaliyyəti nəticəsində “Yaradıcı şəhərlər şəbəkəsi”nin “sənət və sənətkarlıq” tematikası üzrə siyahıya salınıb.
Şəki şəhərinin belə bir mötəbər təşkilatın siyahısına salınması heç də təsadüfi deyil. Qədim dövlətçilik ənənələrinə, zəngin tarixə, yüksək mədəniyyətə malik olan Şəki şəhəri tarixən sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biridir. El sənətkarlarının misilsiz sənət ənənələrini davam etdirən şəkili sənətkarların fədakar əməyi sayəsində bu qədim şəhərdə zəngin tarixi-mədəni irs yaranıb. Dəmirçilik, misgərlik, dulusçuluq, papaqçılıq, şəbəkə, ağac üzərində oyma, ipəkçilik və digər istehsal sahələri Şəki sənət məbədinin başlıca sütunlarını təşkil edib. Şəki sənətkarlarının yüzillər boyunca əldə etdikləri təcrübə nəsildən-nəslə keçməklə zəmanəmizədək gəlib çatıb. Təsadüfi deyil ki, Mədəniyyət və Turizm Nazirliyinin “Xalq yaradıcılığı paytaxtları” proqramına əsasən, Şəki şəhəri 2010-cu ildə “Azərbaycanın sənətkarlıq paytaxtı” elan olunmuşdu.
2007-ci ildə Şəkidə ilk dəfə olaraq “Sənətkarlar günü” bayramı keçirilib. Tarixən mövcud olan sənət sahələrinin qorunub saxlanılması, yaddan çıxmaqda olan bir çox sənət növlərinin bərpa edilməsi, həmçinin turizmin inkişafı baxımından belə tədbirlərin böyük əhəmiyyəti var.
Sevindirici haldır ki, ölkəmizdə mədəni irsin qorunub saxlanılmasına, xalqımızın zəngin mədəniyyətinin təbliğinə dövlət səviyyəsində yetərincə diqqət yetirilir. Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları da mədəni irsin qorunub saxlanılması baxımından böyük əhəmiyyətə malikdir. Məhz Prezident İlham Əliyevin, Birinci vitse-prezident, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın diqqət və qayğısının nəticəsidir ki, muğamımız, aşıq sənətimiz və Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil olunub.
Qədim mədəniyyət mərkəzlərindən biri, zəngin xalq tətbiqi sənəti ənənələrinə malik olan Şəki şəhəri nisbətən mərkəzdən ucqar bir guşədə yerləşməsinə baxmayaraq, onun iqtisadi əlaqələr baxımından əlverişli coğrafi mövqeyi sənətkarların sayına görə bu diyarı Azərbaycan şəhərlərinin ön cərgəsinə çıxarıb.
Şəki xanlığı öz sənətkarları, müxtəlif sənətkarlıq növləri ilə məşhur olub. Xanlıqda sənətkarlıq əsasən şəhərdə, xanlığın mərkəz şəhəri olan Şəki şəhərində cəmləşmişdi. Şəkidə ipək istehsalı və ipək emalı ilə məşğul olan sənətkarlıq geniş inkişaf tapmışdı. Başqa şəhərlərdə olduğu kimi, Şəkidə də hər sənət sahəsi bir məhəllədə yerləşir və məhəllə həmin sənət sahəsinin adını daşıyırdı. Azərbaycan sənətkarlarının sənətkar birləşmələri, daha doğrusu, sex təşkilatları var idi və bu birləşmələr həmkar, yaxud əsnaf adlanırdı. Əsnafın üzvləri üç kateqoriyaya bölünürdü: ustalar, kargərlər-yarımustalar və şagirdlər. Demək olar ki, bütün əsnafların öz bayraqları var idi. Hər bayrağın üzərində həmin əsnafın gerbi vurulurdu. Gerbdə adətən həmin sənətə aid olan alətlər təmsil olunurdu.
1861-ci ildə Şəkidə 1735 nəfər sənətkar yaşayırdı. Şəki şəhərində yaranan xalq tətbiqi sənəti sahələrinin, demək olar ki, hamısı bugünədək yaşadılmaqdadır. İllər ötdükcə sənətkarlar öz sənət sirlərini, qazandıqları təcrübəni nəsildən-nəslə ötürərək bugünümüzə qədər yaşatmışlar. Şəki sənətkarlarının istehsal etdikləri məhsullar yerli əhalinin tələbatını ödəməklə yanaşı, xarici ölkə bazarlarına da yol tapıb.
Şəkinin tərəqqisi həm də sənətkarlığın inkişafı ilə şərtlənirdi. Sənət, sənətkarlıq inkişaf etdikcə əhalinin gün-güzəranı yaxşılaşır, yeni-yeni karvansaralar tikilir, xalqlar və ölkələr arasında ticarət əlaqələri genişlənirdi. Bu isə əhalinin say artımına da müsbət təsir edirdi. Şəhər inkişaf etdikcə yeni həyata uyğun bir çox yeni sənət sahələri də yaranıb və onların bir çoxu indi də uğurla inkişaf etdirilir.
Şəki sənətkarlarının sayı haqqında ilk informasiyaya XIX əsrin başlanğıcında çar məmurlarının tərtib etdikləri statistik məlumatlarda rast gəlinir. 1848-ci ilə aid sənədlərdən məlumdur ki, o zaman əhalinin təkcə geyim və bəzək ehtiyaclarını ödəmək üçün şəhərdə 235 papaqçı, 173 dabbaq, 147 başmaqçı, 154 dərzi, 82 şəridçi, 41 gümüşbənd çalışıb. Onlar təkcə Şəki əhalisinin deyil, habelə qonşu əyalətlərdən gəlmiş müştərilərin də tələbatını ödəyirdilər. Şəkinin xalq sənətkarları öz ata-babalarından miras qalmış qədim sənət növlərini bu gün də yaşadırlar. Hazırda Şəkidə xalq tətbiqi sənətinin 18 növü üzrə 200 nəfərdən çox sənətkar məşğul olur. Onların bir çoxu artıq beynəlxalq səviyyədə tanınan və qiymətləndirilən sənətkarlardır. Müxtəlif sənət növləri üzrə keçirilmiş respublika və beynəlxalq səviyyəli sərgi, yarmarka və festivallarda Şəkinin xalq sənətkarlarının əsərləri yüksək dərəcəli diplomlara, qızıl medala layiq görülmüşdür. Azərbaycanın əməkdar mədəniyyət işçiləri - təkəlduz ustası Möhtərəm Ağahüseynzadə, şəbəkə ustası Əşrəf Rəsulov, məşhur dulusçu Şöyüb Məmmədov və başqaları təkcə respublikamızda deyil, xarici ölkələrdə də tanınırlar.
Şəkinin gümüşbəndlik sahəsində şöhrət qazanmış sənətkarlarından Müftəli bəy və Şəkər bəy Vəlicanbəyovların, usta Əbdülrəhim Hacı Mahmud oğlunun düzəltdiyi zinət əşyaları çox-çox uzaqlara yayılarmış. Qadınlar üçün saysız-hesabsız zinət əşyaları, o cümlədən qızıl bilərzik, belbağı, üzük, tana, yaxa düymələri, həmayil, silsilə və qeyri-imarət növləri şəhərin zərgər dükanlarının başlıca məhsulları imiş. Maraqlıdır ki, 1886-cı ildə Şəkidə 31 zərgərxana fəaliyyət göstərib. Təsadüfi deyil ki, şəkili zərgər Eyyub Mehdi oğlunun düzəltdiyi zərif zərgərlik məmulatı 1896-cı ildə Nijni-Novqorodda keçirilən Ümumrusiya sərgisinin yüksək mükafatına layiq görülüb.
1998-ci ildə Böyük İpək yolunun bərpası Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafına əsaslı şəkildə təsir etdi. Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yenidən fəaliyyətə başlayan “Şəki İpək” ASC-nin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Şəki ipəyinin əvvəlki şöhrətini qaytarması üçün hər cür şərait yaradılıb. Bir faktı qətiyyətlə demək olar ki, Şəki ipəyi, o cümlədən burada istehsal olunan xalçalar, kəlağayılar, şərflər, xammal məmulatları yenə keyfiyyəti, rahatlığı, insana faydalılığı ilə seçilir. Gənc xalça ustalarının toxuduğu “Qımı”, “Gülüstan”, “Şirvan” xalçaları milli koloritinə, rənglərin diriliyinə, estetik görünüşünə görə ilk baxışdan diqqəti çəkir.
İpəkçiliklə bağlı olan qədim sənət sahələrindən biri də təkəlduzluqdur. Əsrlər boyu ev peşəsi sayılıb və əsasən də qadın təxəyyülünün məhsulu olub. Tədqiqatçı A.Mustafayevin yazdığına görə, XIX əsrin əvvəllərində Şəkidə yəhər üzü bəzəyən 22, başmaq üzü bəzəyən 16, püştü üzü bəzəyən 50 təkəlduz dükanı olub.
Deyilənə görə, XIX əsrin ortalarında Azərbaycana səyahət etmiş Aleksandr Düma Şəkinin təkəlduz ustalarının bədii tikmə sahəsindəki məharətinə heyranlığını gizlədə bilməmişdir: “Mən 24 manata Şəkidə bədii tikməli 2 ədəd yəhər aldım. Belə yəhəri Fransada 200 franka da ala bilməzdim. Düzünü desəm, onu bizdə heç bir qiymətə tapmaq mümkün deyil”.
Qeyd edilənlərdən belə bir nəticəyə gəlmək olar ki, beynəlxalq qurumun verdiyi bu status Şəki üçün yeni mərhələnin başlanğıcı olacaq. Həm sənət və sənət növləri daha geniş miqyasda inkişaf etdiriləcək, həm də turistlərin buralara olan marağı daha da artacaq.

Əli SƏLİMOV,
“Azərbaycan”