Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ermənistan növbəti diplomatik zərbəni Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatından aldı

08 Dekabr 2017
 

QDİƏT Parlament Məclisinin 25 illiyi ilə bağlı qəbul edilən Bəyannamə Ermənistanın işğalçı dövlət kimi ifşası baxımından mühüm əhəmiyyət kəsb edir

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından ötən 26 ildə nail olduğu ən böyük uğurlardan biri bütün sahələrdə qazanılan inkişafdır. Hansı ki, bu uğurlara bir çox inkişaf etmiş dövlətlər onilliklər boyu nail ola bilməyiblər. Dövlətimizin qarşısında duran yeganə problem isə torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etməsidir. Respublikamızın hərbi imkanları, güclü ordusu işğal altında olan əzəli torpaqlarımızı - Dağlıq Qarabağı və ona bitişik rayonları qısa müddətdə azad etməyə qadirdir. Ötən ilin aprel döyüşləri də hansı dövlətin döyüş imkanlarının güclü olduğunu göstərdi. Lakin Azərbaycan hələlik sülh danışıqlarına sadiqdir və torpaqlarının işğaldan beynəlxalq hüquq normaları çərçivəsində azad olunması, Ermənistanın işğalçılıq siyasətinin qlobal miqyasda ifşası üçün bütün səviyyələrdə iş aparır.

 

QDİƏT zəbt altında olan torpaqların azad olunmasını tələb edir

 

İndiyədək işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi təşkilatlar qətnamələr, qərarlar qəbul ediblər. Bu qəbildən olan növbəti və Azərbaycanın maraqlarına uyğun şəkildə daha kəskin sənəd isə bu günlərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının noyabrın 27-dən dekabrın 1-dək Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən 50-ci sessiyasında qəbul olunub. Belə ki, sessiyanın QDİƏT Parlament Məclisinin 25 illiyi ilə bağlı qəbul etdiyi bəyannamədə quruma üzv ölkələrin ərazi bütövlüyünün bərpa edilməsi ən əsası, zəbt altında olan torpaqların ərazi bütövlüyü çərçivəsində azad edilməsinə dair bənd öz əksini tapıb.
Məsələ ilə bağlı QDİƏT Parlament Məclisində iştirak edən Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin rəhbəri Eldar Quliyevlə söhbət etdik. Eldar Quliyev öncə onu bildirdi ki, bu gün qarşımızda duran ən mühüm vəzifə Ermənistanın beynəlxalq miqyasda işğalçı dövlət kimi tanınmasına nail olmaqdır. Çünki bu, sülh danışıqlarının ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində başa çatması üçün mühüm vasitələrdən biridir: “Prezident
İlham Əliyevin həyata keçirdiyi siyasətin, o cümlədən müəllifi olduğu hücum diplomatiyasının mahiyyətində Azərbaycan ərazilərinin işğaldan azad edilməsi dayanır. Təsadüfi deyil ki, beynəlxalq təşkilatlarda fəaliyyət göstərən Azərbaycan nümayəndə heyətləri də ən böyük vəzifəmiz olan bu məsələdə aktivlik göstərirlər. Çünki Ermənistanın bütün səviyyələrdə işğalçı kimi tanınması, qəbul edilən sənədlərdə ərazilərin işğaldan azad olunmasının tələb kimi qarşıya qoyulması nəticə etibarilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi işinə xidmət edir”.
Bəyannaməyə gəlincə, Eldar Quliyev dedi ki, Azərbaycan nümayəndə heyəti hələ bu yaxınlarda Rusiyanın Rostov şəhərində keçirilən komitə iclaslarından sonra sözügedən bəndin qurumun 25 illiklə bağlı yekun sənədində əksini tapması üçün iş aparırdı. Bu barədə nümayəndə heyəti tərəfindən Milli Məclisin Sədri Oqtay Əsədova məruzə olunub. Öz növbəsində, parlament sədri təşəbbüsü yüksək qiymətləndirərək nümayəndə heyətinə müvafiq tövsiyələr verib.
QDİƏT-nin hər bir üzvü Parlament Məclisində müzakirə olunan layihəyə özünün əlavələrini təklif edə bilər. Bu barədə danışan Eldar Quliyev dedi ki, budəfəki sessiyada da belə oldu: “Azərbaycan nümayəndə heyəti hələ Bakıda ikən QDİƏT üzvü olan ölkələrin işğal edilmiş ərazilərinin qeyd-şərtsiz azad edilməsinə dair öz təklifini hazırlamış və rəhbərliklə razılaşdırmışdı. O cümlədən, Ermənistan nümayəndə heyəti də müvafiq təkliflərlə gəlmişdi. Plenar sessiyadan əvvəl keçirilən büro və daimi komitələrin iclaslarında Azərbaycan nümayəndə heyəti bununla bağlı digər nümayəndə heyətləri ilə iş apardı və onlar nümayəndə heyətimizin Bəyannaməyə təklif etdiyi bəndə prinsipial etirazlarının olmadıqlarını bildirdilər. Sadəcə, birgə məsləhətləşmədən sonra “işğal” sözü “zəbt” sözü ilə əvəzləndi ki, bunların hər iki variantı Azərbaycanın maraqlarına uyğundur. İclas başlamazdan əvvəl isə prosedura əsasən, hər bir ölkənin təklifləri digər nümayəndə heyətlərinə təqdim olunur. Azərbaycanın təklifinin nədən ibarət olduğunu görən Ermənistan nüməyəndə heyətinin üzvləri buna etiraz edərək sessiyada iştirak etmədən zalı tərk etdilər. Plenar iclasdan sonra siyasi komitənin də iclasına gəlmədilər. Özləri iştirak etməsələr də, Parlament Məclisinin plenar iclasında reqlamentə əsasən ilk olaraq ermənilərin təklifləri müzakrəyə çıxarıldı. Lakin onların irəli sürdüyü üç təklifdən heç biri səsvermədə qəbul olunmadı. Bütün nümayəndə heyətləri onların əleyhinə səs verdilər. Daha sonra Azərbaycan nümayəndə heyətinin Bəyannaməyə təklif etdiyi zəbt olunmuş ərazilərin qeyd-şərtsiz azad edilməsi bəndi müzakirəyə çıxarıldı və üzv dövlətlər tərəfindən yekdilliklə dəstəkləndi və sonda qəbul olunan Bəyannamədə yer aldı”.

 

Dünya ictimaiyyəti artıq erməni yalanlarına inanmır

 

Eldar Quliyevin sözlərinə görə, Ermənistan nümayəndə heyəti Yerevana qayıtdıqdan sonra belə bir bəyanat verib ki, guya QDİƏT Parlament Məclisinin Bəyannaməsində yer alan müvafiq bəndin Dağlıq Qarabağla bağlı heç bir əlaqəsi yoxdur. “Diplomatik müstəvidə QDİƏT-də Azərbaycana məğlub olan işğalçı Ermənistanın siyasi rəhbərliyi bu dəfə də öz ictimaiyyətini aldatmaq yolunu tutub. Yalan informasiya vermələri bir yana, öz çirkin xislətlərinə sadiq qalaraq təxribatçılığa da cəhd ediblər. Azərbaycanın Ermənistanı çıxmaq şərtilə QDİƏT-nin bütün üzvləri ilə, hətta QDİƏT üzvü olmayan qonşu dövlətlərlə sıx münasibətləri var. Ona görə Ermənistan nümayəndə heyətinin iddiaları tamamilə cəfəng və gülüncdür. Digər tərəfdən, sual oluna bilər ki, əgər Bəyannamədə əksini tapan bəndin Dağlıq Qarabağla bağlı əlaqəsi yox idisə, Ermənistan nümayəndə heyəti niyə iclasda iştirak etmədən zalı tərk edirdi?” - deyə Eldar Quliyev bildirdi. Həmsöhbətim əlavə etdi ki, bu məsələdən xəbər tutan Ermənistanın Ukraynadakı səfirinin təcili parlamentə gəlməsi də ermənilərin ciddi təşviş keçirmələrindən xəbər verir. Ukrayna parlamentinin sədri Andrey Parubiy isə qətnaməyə salınan bəndin bütün üzv ölkələr tərəfindən dəstəklənərək qəbul olunduğunu səfirin diqqətinə çatdırıb.
Xatırladaq ki, buna bənzər ilk sənəd QDİƏT Parlament Məclisinin İstanbul sessiyasında da qəbul edilmişdi. Bu barədə danışan Eldar Quliyev dedi ki, həmin sənəddə də üzv ölkələrin ərazi bütövlüyü məsələsi öz əksini tapmışdı. Amma işğal altında olan ərazilərin qeyd-şərtsiz azad edilməsi tələb olunmurdu. Bu mənada qurumun Kiyev sessiyasında qəbul olunan Bəyannaməsi ölkəmiz üçün böyük siyasi əhəmiyyət daşıyır. Çünki bu sənəddə birbaşa işğal edilmiş ərazilərin qeyd-şərtsiz qaytarılması məsələsi öz əksini tapıb.
QDİƏT Parlament Məclisinin 50-ci sessiyasında müşahidəçi qismində ayrı-ayrı təşkilatların, o cümlədən BMT-nin ATƏT-in, Avropa İttifaqının, Avropa Şurasının nümayəndələri də iştirak ediblər. Təbii ki, onların da şahidi olduqları və öz hesabatlarında qeyd edəcəkləri bu hadisə Ermənistanın işğalçı kimi beynəlxalq miqyasda ifşası baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Ən əsası, bu sənəd bir daha onu göstərir ki, Azərbaycanın uğurlu diplomatik gedişləri nəticəsində ermənilər bütün dünyada öz mövqelərini və nüfuzlarını itiriblər. Çünki dünya ictimaiyyəti artıq erməni yalanlarına inanmır.

 

Azərbaycan “Expo-2025” sərgisini keçirməyə hazırdır

 

Sessiyada daha sonra nümayəndə heyətlərinin rəhbərlərinə söz verilib. Öz çıxışında Eldar Quliyev Azərbaycanın sosial-iqtisadi vəziyyəti, qazanılan nailiyyətlər barədə danışıb. Azərbaycanın iqtisadi cəhətdən uğurlarına toxunan nümayəndə heyətimizin rəhbəri bildirib ki, 2017-ci ilin yanvar-sentyabr aylarında ölkəmizin Qara Dəniz Hövzəsi ölkələri ilə ticarət dövriyyəsi 4,6 milyard dollara çatıb. Azərbaycanın ümumi ticarət dövriyyəsinin 32,32 faizi Qara Dəniz Hövzəsi Ölkələri ilədir.
Əsas diqqət yetirdiyi məsələ isə dünyada 7 ildən bir keçirilən “Expo-2025” sərgisinə ölkəmizin evsahibliyi etmək üçün namizədliyi olub. “Azərbaycan “Expo-2025” beynəlxalq sərgisinin Bakıda keçirilməsinə iddialıdır. Bu sərgi inkişaf etmiş ölkələrdə keçirilir. Azərbaycan isə müstəqillik əldə etdikdən sonra güclü inkişaf edib. Ölkəmiz regionda inkişaf göstəricilərinə görə ön mövqedə dayanır. Bu gün Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda heç bir transmilli iqtsadi layihə reallaşa bilməz. Respublikamızda turizmin, kənd təsərrüfatının inkişafı üçün mühüm tədbirlər, islahatlar həyata keçirilir. “Expo-2025” üçün Azərbaycan ilə yanaşı, Rusiya, Yaponiya və Fransa da namizədliyini irəli sürüb. Ancaq onu qeyd edim ki, bu sərgi Yaponiyada 5, Fransada isə 4 dəfə keçirilib. Azərbaycan isə ilk dəfə belə bir sərginin Bakıda keçirilməsində maraqlıdır. “Expo-2025 beynəlxalq sərgisinin hansı ölkədə keçiriləcəyinə dair səsvermə 2018-ci ilin noyabrında baş tutacaq. Biz bütün ölkələri Azərbaycana səs verməyə çağırırıq” - deyə E.Quliyev çıxışında bildirib.
Plenar sessiyadan sonra QDİƏT Parlament Məclisinin komitələrinin iclasları keçirilib. Siyasi komitədə çıxış edən Eldar Quliyev ölkəmizin inkişafından, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələrindən, TANAP, TAP kəmərlərinin çəkilişi üzrə işlərin qrafikə uyğun getməsindən bəhs edib. Qeyd edib ki, bu yaxınlarda istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təşəbbüskarı Azərbaycandır. Qədim İpək yolunun bərpasına yol açan bu dəmir yolunun istifadəyə verilməsi nəticəsində Avropa ilə Asiya arasında yükdaşımalar zamanı məsafə 3-4 dəfə qısalıb. Bu da həm vaxt itkisinin qarşısının alınması, həm də maddi baxımdan kifayət qədər qənaət deməkdir. Eldar Quliyev, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyətindən, Azərbaycanın bu dəhlizin formalaşmasına verdiyi töhfələrdən söz açıb.
QDİƏT Parlament Məclisinin 50-ci sessiyası çərçivəsində İqtisadiyyat və Mədəniyyət komitələrinin də iclasları keçirilib. Bu iclaslarda Qara dəniz regionunda iqtisadi böhranın nəticələrinin aradan qaldırılması, gənc
ailələrin sosial müdafiəsi, mədəniyyət, təhsil, texnologiya və ekologiya sahəsində mövcud problemlər barədə məsələlər müzakirəyə çıxarılıb. Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildiriblər.

Söhbəti yazdı;
Rəşad CƏFƏRLİ,
“Azərbaycan”