Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şərqşünaslıq sahəsində ixtisaslaşmış mühüm şəxsiyyətlərdən olan Aida İmanquliyevanın şöhrəti hər tərəfə yayılmışdı

08 Dekabr 2017
 

Akademik Gövhər Baxşəliyeva Birləşmiş Ərəb Əmirliklərində nəşr olunan gündəlik “Əl-Fəcr” qəzetinə müsahibəsində professor A.İmanquliyevanın fəaliyyət və yaradıcılığından bəhs edib

 

“Azərbaycan nəzərə çarpan şəkildə inkişaf edən dövlətlərdən biridir. Azərbaycan qadını elmin və inkişafın müxtəlif sahələrində mühüm rol oynayır. Bunu müşahidəçilərin çoxu təsdiq edir. Məsələn, Misirin Bakıdakı sabiq səfiri bildirmişdir ki, Azərbaycanda ən çox bəyəndiyim ziyalı Azərbaycan qadınıdır. O, elmli, savadlı xanımdır və ən yüksək vəzifələrə yiyələnmişdir”.
Bu fikirlər AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyevanın Birləşmiş Ərəb Əmirliklərində nəşr olunan gündəlik müstəqil siyasi qəzet “Əl-Fəcr”də dərc olunan müsahibəsində öz əksini tapıb. “Gövhər Baxşəliyeva Birləşmiş Ərəb Əmirliklərindəki hərtərəfli inkişafı yüksək qiymətləndirdi” sərlövhəli müsahibəni qəzetin baş redaktoru Şərif əl-Bassel götürüb.
Baş redaktor yazıda Şərqşünaslıq İnstitutu və Azərbaycan şərqşünaslığı barədə məlumat verib. Qeyd edib ki, Şərqşünaslıq İnstitutu ərəb ölkələrinin ədəbiyyatını, tarixini, o cümlədən Şərqin təfəkkür irsini öyrənən elmi-ədəbi bir mərkəzdir. İnstitut beynəlxalq səviyyədə olan və Şərq dilləri sahəsində ixtisaslaşmış ən mühüm elmi araşdırma mərkəzlərindən biri hesab edilir. İnstitut sözügedən sahədə ixtisaslaşan və bu sahənin xalqlar arasındakı ünsiyyətə xidmət etməsinin əhəmiyyətini dərk edən alim nəslini yetişdirmə vəzifəsini öz öhdəsinə götürmüşdür. Azərbaycan şərqşünaslığı Qərb şərqşünaslığında tez-tez təsadüf edilməyən xüsusiyyətləri ilə fərqlənir. Belə ki, Şərqi öyrənən azərbaycanlı şərqşünaslar həyatları boyu ərəb dilinə qarşı sevgiləri ilə xarakterizə edilmişlər. Onların əksəriyyəti ərəb ədəbiyyatına və ərəb irsinə bağlanmış, bəzən Qərbə, bəzən də şərqlilərin özlərinə şərqşünaslıqla bağlı ədəbiyyatlar bəxş etmişlər: “Şübhəsiz ki, tariximizi öyrənən, əsərlərimizi vərəqləyən, irsimizi araşdıran və keçmişimizi oxuyan şərqşünas bəzən bizim əvəzimizə həmin işləri görmüş olur. Onlar tələbata uyğun mənbə və yeni tədqiqatlar təqdim edərək ərəb və şərqdilli kitabxanaların zənginləşdirilməsi işində bizə kömək edirlər. Bununla da onlar obyektiv və elmi şəkildə araşdırma aparır, tədqiqat işini siyasiləşdirməkdən uzaq duraraq məlumatları keçmişdən bugünə çatdıran işlərində əsas amil hesab etdikləri dəqiqlik və obyektivliklə Şərqə xidmət edirlər. İnstitutun yerinə yetirdiyi geniş tədqiqatlar bu məqsədə realist və peşəkar şəkildə xidmət edir”,- deyə baş redaktor qeyd edib.
Gövhər Baxşəliyeva müsahibəsində öncə Şərqşünaslıq İnstitutu, onun elmi həyatdakı rolu və bu instituta rəhbərlik etmiş görkəmli şəxsiyyətlər barədə danışıb. İnstitutun sabiq direktorları - görkəmli alimlər Əbdülkərim Əlizadə, Əlisöhbət Sumbatzadə, Həmid Araslı, Ziya Bünyadov, Aida İmanquliyeva haqqında ətraflı məlumat verib, xüsusi olaraq professor Aida İmanquliyevanın fəaliyyəti və yaradıcılığı üzərində dayanıb: “Aida xanım İmanquliyeva 1992-1993-cü illərdə instituta rəhbərlik etmişdir. O, şərqşünaslıq sahəsində ixtisaslaşmış mühüm şəxsiyyətlərdəndir. Sovet İttifaqı dövründə ədəbi yaradıcılıq sahəsində qabaqcıl mütəxəssis kimi onun şöhrəti hər tərəfə yayılmışdı. O, ərəb ədibləri, məhcər ədəbiyyatının nümayəndələri, o cümlədən Mixail Nuaymə, Cübran Xəlil Cübran, İlya Əbu Madi və başqaları haqqında çoxlu tədqiqat və elmi araşdırmalar aparmışdır. Eyni zamanda Aida xanım zahirən gözəl və humanizmlə dolu, təmiz və böyük ürəyə malik bir xanım idi. Çox təəssüflər olsun ki, o, özündən sonra bəşəriyyət üçün yazdığı kitabları yeni nəsillərə miras qoyaraq cəmi 52 yaşında dünyasını dəyişdi”.
1992-ci ildən sonra yenidən instituta akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun, 1997-ci ildən isə özünün rəhbərlik etdiyini bildirən deputat G.Baxşəliyeva qurumun 160-a yaxın əməkdaşının üçdəbirinin qədim dövrlərdən başlayaraq orta əsrlər və müasir dövrdə ərəb Şərqi, ərəb dili, ərəb ədəbiyyatı, ərəb tarixi məsələləri ilə məşğul olduğunu qeyd edib. Vurğulayıb ki, institut doktorantura təhsili verir və diplomları UNESCO-ya üzv olan bütün dövlətlər tərəfindən tanınır.
Onun sözlərinə görə, Azərbaycanda alimlərin istər ölkə rəhbərliyi, istərsə də xalqı tərəfindən təqdir edilmələri və böyük hörmətlə qarşılanmaları ölkə vətəndaşlarını Şərqşünaslıq İnstitutunda, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının digər institutlarında doktorantura təhsili almağa sövq edir.
Ərəb ölkələrindəki elmi tədqiqatları ümumi şəkildə dəyərləndirən Gövhər Baxşəliyeva ərəb, ümumiyyətlə Şərq tədqiqatlarının əksəriyyətinin təsvirçi xarakter daşıdığını söyləyib. Onlar özlərindən əvvəlkilərin dediklərini nəql edərək tədqiqatlarını yekunlaşdırırlar. Bundan fərqli olaraq, Azərbaycan alimləri öz tədqiqatlarında elmi təhlil və dərin araşdırmalara əsaslanırlar. Beləliklə, Şərqşünaslıq İnstitutu ərəb ədəbiyyatı, ərəb ədibləri, o cümlədən Taha Hüseyn, Nəcib Məhfuz, Yusif əs-Sibai və başqaları haqqında çox dərin araşdırmalar aparıb.
Bütün bunlarla bərabər Milli Məclisin deputatı G.Baxşəliyeva Birləşmiş Ərəb Əmirliklərində müxtəlif sahələri əhatə edən ümumi inkişaf göstəricilərini və ölkə rəhbərliyinin elm, savad, yaradıcılıq xüsusiyyətləri ilə silahlanmış nəsil yetişdirmək istiqamətində atdığı addımları yüksək qiymətləndirib.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”