Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İqtisadi terminlər yazıya ağırlıq gətirməsin deyə...

08 Dekabr 2017
 

Müasir dövrdə Azərbaycanın dil siyasətinin müəyyənləşməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan dilinin xalqımızın ictimai-siyasi və mənəvi həyatında rolunu həmişə yüksək dəyərləndirirdi. Hələ 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi məhz Heydər Əliyevin səyi ilə mümkün olmuşdur. 

Ümummilli liderin Azərbaycana rəhbərliyinin ikinci dövründə də dilimizin inkişafı istiqamətində əhəmiyyətli tədbirlər görülmüşdür. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də ardıcıllıqla davam etdirilir. Dövlət başçısının bununla bağlı imzaladığı bir çox fərman və sərəncamları misal göstərmək olar.
Bu ilin oktyabr ayında Prezidentin tapşırığı ilə “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirildi. Konfransda toxunulan mövzulardan biri də müasir dövrdə geniş vüsət alan qloballaşma prosesinin dildən istifadə sahəsindən yan keçməməsi idi. Belə ki, getdikcə təkmilləşən informasiya-kommunikasiya sistemlərinin, texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə mənimsənilməsinin, maneəsiz informasiya mübadiləsinin artması dili zənginləşdirməklə yanaşı, həm də ona mənfi təsir göstərir. Bu, mətbuatda, radio və televiziyada da qabarıq şəkildə görünür.
Təbii ki, yeni proseslərin dilimizə gətirdiyi sözlərin əksəriyyəti əcnəbi sözlərdir. Onların dilin lakonikliyini, axıcılığını korlaması məlum həqiqətdir. Üstəlik də belə sözlərin çoxu konkret sahəyə aid terminlər olduğu üçün geniş oxucu kütləsi tərəfindən anlaşılmır.
Dilçilər, təcrübəli jurnalistlər zərurət olmadığı halda həmin sözlərdən istifadə etməməyi məsləhət görürlər, yaxud mümkün olan variantlarda onların Azərbaycan dilindəki qarşılığını işlətməyi təklif edirlər. Məsələn, elə sözügedən konfransda təklif olundu ki, “start verildi” ifadəsi “başlandı” kəlməsi ilə əvəz edilsin. Həqiqətən bir çox hallarda buna bənzər əvəzetmələr mümkündür.
Lakin yeni sözlərin, konkret olaraq terminlərin dilə gəlməsi davamlı bir prosesdir. Elm və texnikanın yenilikləri istehsalatda daha geniş tətbiq olunduqca, müxtəlif ölkələrin iqtisadiyyatı bir-birinə inteqrasiya etdikcə belə sözlərin sayı da artır axı... Elə “inteqrasiya” sözünün özünü götürək. Bu, çoxmənalı sözdür. İqtisadiyyatda bu, iqtisadi subyektlərin birləşməsi, onların qarşılıqlı fəaliyyətinin dərinləşməsi, əlaqələrinin inkişafı deməkdir. Odur ki, necə eynimənalı bir söz tapmaq mümkündür ki, “inteqrasiya”nı onunla əvəz edəsən? Eləcə də dəmir yolundan yazanda “lokomotiv, teplovoz”, hava nəqliyyatından bəhs edəndə “illüminator”, gəmiçilik mövzusundakı məqalələrdə “tanker, dedveyt” sözlərindən qaçmaq çətin olur.
Doğrudur, işlədilən bir sıra iqtisadi terminlər artıq dilimizdə özünə möhkəm yer tutub. Əksər insanlar da onları başa düşür, yazısında, nitqində işlədir. Lakin bu, həmin sözlərin heç də hamısına aid deyil.
Bəs iqtisadiyyatın inkişafından bəhs edən orta həcmli bir məqalədə belə bir sözün dəfələrlə işlədilməsi yazının oxunaqlığına müəyyən dərəcədə də olsa, xələl gətirməməsi üçün nə etməli? Bir neçə il əvvəl mətbuatda tez-tez “diversifikasiya” sözü işlənməyə başlandı. Jurnalistin özünün mənasını izahlı iqtisadiyyat lüğətlərində axtardığı, yaxud tanıdığı iqtisadçılardan soruşub öyrəndiyi bu sözü oxucu necə qəbul etdi? Qəbul etməsi, başa düşməsi bir yana qalsın, bir çoxları, məsələn, yaşlı oxucular üçün bu iri, həm də dilə çətin yatan sözü oxumaq, tələffüz etməyin özü belə çətindir.
İqtisadiyyatın, sənayenin, yaxud ixracın diversifikasiyası... Yəni bir sıra yollara bölünərək, qollara ayrılaraq genişləndirilməsi, qısaca desək, şaxələndirilməsi.
Əgər müəyyən məqalədə toxunulan mövzu ilə əlaqədar bu sözün bir neçə dəfə işlədilməsi zərurəti yaranırsa, onu daşıdığı mənanın oxucuya tanış olan “şaxələndirmə” sözü ilə əvəz etmək mümkündür. Belədə həm yazının ağırlığını aradan qaldırmaq, həm təkrarçılıqdan qaçmaq, həm də iqtisadi sahələrdən uzaq olan oxucuları məlumatlandırmaq olar.
Yaxud, son vaxtlar elə bir KİV yoxdur ki, Xəzərin Azərbaycan sektorundakı böyük perspektivlərə malik “Şahdəniz” qaz-kondensat yatağından tez-tez söhbət açmasın. Bu yaxınlarda redaksiyaya zəng vuran bir xanım soruşdu ki, “kondensat” nədir? “Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyi olan bu yataqdan yazan həmkarımız “kondensat” sözünün bir çox oxucular üçün başa düşülmədiyini nəzərə alaraq “Şahdəniz” haqqındakı növbəti qeydlərinə belə bir abzas əlavə etdi: “Şahdəniz” yatağından zəngin qaz ehtiyatları ilə yanaşı, kondensat da hasil olunur. Bu, yataqlardan qazla birlikdə çıxan maye yanacaqdır. Tərkibinə görə bir qədər benzinə, bir qədər də dizel yanacağına yaxındır. Keyfiyyətinə görə isə “Azəri layt” neftini də üstələyir. Başqa sözlə, “kondensat” təmizlənməyə ehtiyacı olmayan, təbiətin özünün “emal” etdiyi neftdir”.
Fikrimizcə, bununla da həmkarımız “kondensat” sözünün “günahını yudu”. Beləliklə, iqtisadiyyatdan yazan jurnalistlər bu qəbildən olan sözlərin dilə gətirdiyi ağırlığı aradan qaldırmaq, həm də yazdıqlarını təhsil səviyyəsi, məlumat dairəsi eyni olmayan əhaliyə (oxucu təbəqəsinə) çatdırmaq üçün çıxış yolu axtarmalıdırlar.
Hazırda iqtisadiyyatdan bəhs edən yazılarda ən çox işlənən sözlərdən biri də “platforma”dır. Əgər söhbət inkişafın, nailiyyətlərin, uğurların platformasından gedirsə, yazı boyu yeri gəldikcə “platforma”nı onun sinonimi olan “bünövrə”, “təməl”, “özül” sözləri ilə əvəz etmək mümkündür.
Əgər yazı Xəzərin qoynundakı neft və qaz platformaları haqqındadırsa, “platforma”nı imkan daxilində ixtisar etmək, eləcə də “qurğu”, “özül” sözləri ilə növbələşdirmək olar. Məsələn: “Çıraq” platformasından artıq 20 ildir neft hasil edilir... Hazırda “Çıraq”ın (“platforma” ixtisar edildi) orta gündəlik hasilatı 56 min bareldir... Bu müasir qurğu (“platforma” sözü “qurğu” ilə əvəz olundu) təhlükəsiz və ahəngdar işləyir”. Yaxud, “Qurudakı köhnə yataqlarda hasilat stabil davam edir. Hasilatın sabit olması geoloqların, təmirçilərin, neftçıxaranların birgə səyinin nəticəsidir (“stabil”i təkrar etməmək üçün “sabit” sözü işlədildi).
Son dövrlər qeyri-neft sektorunun inkişafının prioritet elan olunması nəticəsində bu sahədə də bir sıra terminlərdən tez-tez istifadə etmək lazım gəlir. Məsələn, kənd təsərrüfatının inkişafından bəhs edərkən yazıda istər-istəməz tez-tez “intensiv” sözü işlədilir. Bu sözün mənasını bilənlər də çoxdur, bilməyənlər də. Aqrar sahədə bu, daha böyük səmərə verən, daha məhsuldar üsul deməkdir. Torpaqdan istifadə haqqında söhbət gedirsə, “intensiv” sözü böyük xərc və zəhmət əsasında istehsal sistemi yaratmaq mənası daşıyır. Belə hallarda terminin tam mənasını açan qısa qarşılıq tapmaq bir qədər çətin olur.
Bu qısa qeydləri qələmə almaqda məqsəd “Azərbaycan” qəzetinin iqtisadiyyatdan yazan jurnalistlərinin terminlərdən istifadə etmək təcrübəsindən bəzi məqamları bölüşmək idi. Çünki iqtisadiyyatın sürətli inkişafı nəticəsində bu qəbildən olan sözlərin artması onlardan istifadəyə diqqətin daim artırılmasını da tələb edir.

Flora SADIQLI,
“Azərbaycan”