Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyə Prezidentinin Yunanıstana tarixi səfəri

07 Dekabr 2017
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana rəsmi səfər edib. Bu, son 65 ildə Türkiyə liderinin Afinaya ilk səfəridir.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan əvvəlcə Yunanıstan Prezidenti Prokopis Pavlopoulosla, daha sonra Baş nazir Aleksis Çiprasla görüşüb.

 

Ərdoğan: Heç bir qonşu ölkənin torpaq bütövlüyündə gözümüz yoxdur

 

Çiprasla görüşü zamanı qonşu ölkəyə səfərindən məmnunluğunu dilə gətirən Türkiyə Prezidenti deyib: “Artıq Türkiyə və Yunanıstan bir şeyə inanmalıdır. Boşqabın boş tərəfini bir kənara qoyub, dolu tərəfinə yönəlməliyik. Müzakirələrimizi onun üzərində qurmalıyıq. Əslində xalqlarımızın bir-biri ilə ortaq cəhətləri çoxdur. Təki beyinlərə yeridilmiş ideoloji fikirləri bir kənara qoya bilək. Bizim Türkiyə olaraq heç bir qonşu ölkənin torpaq bütövlüyündə gözümüz yoxdur”.

Türkiyə Prezidenti qeyd edib ki, vaxtilə baş verən yanlışları tarixə buraxmaq lazımdır. Gələcək sağlam təməl üzərində qurulmalıdır. Bunun üçün görüləsi çox iş var.

 

Çipras: Biz ölkələrimiz arasında divarlar deyil, körpülər tikməliyik

 

Bölgədə qaçqın böhranı, Suriya, Avropa İttifaqı-Türkiyə əlaqələri kimi ciddi gərginliklərin yaşandığını diqqətə çatdıran Yunanıstanın Baş naziri qeyd edib ki, onun ürəyindən mehriban qonşuluq və dostluq əlaqələri qurmaq keçir: “Bizim bu dövrdəki səylərimiz əslində ölkələrimiz arasında divarlar deyil, körpülər inşa etməyə yönəlməlidir. Bu körpünü tikərkən onun sağlam bünövrə üzərində olmasına diqqət yetirməyimiz lazımdır. İkitərəfli münasibətlərdə sağlam təməl dediyimiz zaman qarşılıqlı hörmət, beynəlxalq hüquqa və torpaq bütövlüyünə hörmət nəzərdə tutulur”.

Yunanıstan və Türkiyə arasında bir sıra məsələlərdə fərqli baxışların olduğuna işarə edən Çipras deyib ki, buna baxmayaraq, diqqət ortaq nöqtələrə yönəldilməlidir. Onun sözlərinə görə, bu fikir ayrılıqlarını hər zaman qarşılıqlı hörmət çərçivəsində, təhriklərdən uzaq şəkildə müzakirə etmək lazımdır. “Bu gün biz bunu bacara bilsək, Sizin səfəriniz tarixi olmaqla yanaşı, iki ölkənin əlaqələrində yeni səhifənin açılmasına səbəb olacaq”, - deyə Yunanıstanın Baş naziri bildirib.

Xatırladaq ki, Türkiyə və Yunanıstan münasibətlərində müəyyən gərginlik müşahidə edilir. Bu sıraya Egey dənizi akvatoriyasında və bu rayonun hava məkanında mübahisələr, Kipr məsələsi, həmçinin Ankaranın 2016-cı ildə Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin təşkilində ittiham etdiyi Fətullah Gülən tərəfdarlarına Afinada sığınacaq verilməsi daxildir.

Rəcəb Tayyib Ərdoğanın Yunanıstan Prezidenti Prokopis Pavlopoulos və Baş nazir Aleksis Çiprasla danışıqlarında bu məsələlərlə bağlı müzakirələr aparılıb.