Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bu ilin ötən dövründə 23 bələdiyyənin fəaliyyətində cinayət əlamətləri aşkar olunub

07 Dekabr 2017
Qəbələdə “Azərbaycanda yerli özünüidarəetmənin inkişafı: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçirilib

 

Dekabrın 7-də Qəbələ şəhərində Prezident Administrasiyasının ərazi-təşkilat şöbəsinin bələdiyyələrlə iş sektorunun dəstəyi, Milli Məclisin regional məsələlər komitəsinin, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının və Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycanda yerli özünüidarəetmənin inkişafı: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

“Qafqaz Sport” otelində keçirilən konfransda Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, komitənin sədr müavini Fəttah Heydərov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Zahir Əlizadə, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edib.

Natiqlər Azərbaycanda yerli özünüidarəetmənin inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüblər. Qeyd edilib ki, yerli özünüidarəetmə orqanlarının - bələdiyyələrin statusunun əsasları ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul olunan Konstitusiya ilə müəyyənləşib. Azərbaycanda bələdiyyələrin yaranması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Təməli Ulu Öndərimiz tərəfindən qoyulmuş ölkə bələdiyyələri illər ötdükcə möhkəmlənib və fəaliyyət dairəsini genişləndirib. Dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkəmizdə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülüb. Bildirilib ki, yerli özünüidarəetmənin inkişafı və möhkəmlənməsi istiqamətində zəruri tədbirlər görülüb, bələdiyyələrin beynəlxalq standartlara cavab verən hüquqi bazasının möhkəmlənməsi istiqamətində dövlət və hökumət orqanları ilə əməkdaşlıq davam etdirilib, yeni qanunların qəbul olunmasında milli assosiasiyaların təklifləri nəzərə alınıb.

Bildirilib ki, bələdiyyələrin əsas gəlir mənbəyi hesab olunan yerli vergi və ödənişlərin yığılmasında müəyyən irəliləyiş var. Lakin bələdiyyələr qarşısında duran vəzifələr və görüləsi işlər hələ çoxdur.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Zahir Əlizadə qeyd edib ki, bu ilin 9 ayında bələdiyyələrə metodoloji yardım, onların maarifləndirilməsi məqsədilə 140-a yaxın seminar, diskussiya, görüşlər keçirilib, bu tədbirlərdə 6 mindən çox bələdiyyə üzvü və qulluqçusu iştirak edib. Təhlillər göstərir ki, bələdiyyələrlə iş mərkəzinə daxil olan şikayətlərin, eləcə də qanunsuz hesab olunan qərarların əksəriyyəti torpaq qanunvericiliyinin pozulması ilə bağlıdır. İnzibati nəzarəti həyata keçirən orqanların təkliflərinə əsasən qanunsuz olduğuna görə ləğv edilmiş aktların sayı təxminən 2 dəfə artaraq 1040 ədəd olub.

Diqqətə çatdırılıb ki, hələ də bəzi bələdiyyələr tərəfindən bələdiyyənin mülkiyyət hüququ tanınmadan, yaxud müvafiq rəylər alınmadan torpaq sahəsinin satılması və ya icarəyə verilməsi haqqında, satışı qadağan olunan kənd təsərrüfatı təyinatlı torpaqların satılması haqqında qərarlar qəbul edilir, torpaqların bazar qiymətindən aşağı satılması, bələdiyyə qərarlarında müsabiqənin şərtlərinin müəyyən edilməməsi, bələdiyyə mülkiyyətində olan torpaqların zəbt olunmasının qarşısının alınmaması hallarına yol verilir, mülki dövriyyədə olan torpaqlarla bağlı əhali vaxtında məlumatlandırılmır. Məhz bu kimi hallara yol verildiyinə görə inzibati nəzarəti həyata keçirən ədliyyə orqanlarının təkliflərinə əsasən bu ilin 9 ayında 2162,5 hektar torpaq sahəsi ilə bağlı qanunsuz qərarlar ləğv olunub. İnzibati nəzarətlə bağlı həyata keçirilən tədbirlər nəticəsində bu ilin ötən dövründə 23 bələdiyyənin fəaliyyətində cinayət əlamətləri aşkar olunduğuna görə toplanmış materiallar istintaq orqanlarına göndərilib.

Konfrans digər çıxışlarla davam etdirilib, müzakirələr aparılıb.

Çıxışlarda bildirilib ki, bu gün Azərbaycan bələdiyyələri beynəlxalq əməkdaşlıqdan bəhrələnirlər. Azərbaycan Yerli Özünüidarə haqqında Avropa Xartiyasının müddəalarını tam tətbiq edir, bələdiyyələrimiz “Avropada Yerli Demokratiya Həftəsi” və “Açıq Qapı Günü” adlı beynəlxalq təşəbbüslərə qoşulur, Türkiyə, Latviya, Litva bələdiyyələri, eləcə də Yerli və Regional Hakimiyyətlər Konqresi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq edirlər.

Müzakirələrdə bələdiyyələrin fəaliyyətində şəffaflığın daha da artırılmasının zəruriliyi qeyd edilib, yerli vergi və ödənişlərin yığılmasında mövcud çətinliklərin aradan qaldırılması yollarına dair təkliflər səsləndirilib.

Qeyd edək ki, konfransda Milli Məclisin regional məsələlər komitəsinin 6 üzvü, Ədliyyə Nazirliyinin regional idarələrinin rəhbərləri, 90 şəhər, qəsəbə və kənd bələdiyyəsinin sədri iştirak edib.

Konfrans iştirakçıları həmin gün Qəbələ şəhərindəki “Gilan Qida” şəhərciyinin, “Savalan” üzüm emalı və şərab istehsalı zavodunun və Vəndam iribuynuzlu heyvandarlıq kompleksinin fəaliyyəti ilə tanış olublar.