Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Piylənmə və hipertoniyanın daha bir səbəbi aşkar edilib

07 Dekabr 2017
Nyukasl Universitetinin (Böyük Britaniya) alimləri müəyyən ediblər ki, ağrıkəsici dərmanlar insanda piylənmənin və yuxusuzluğun inkişaf etməsinə gətirib çıxarır. Tədqiqatçılar bildirirlər ki, həkimlər belə preparatların qəbul edilməsi ilə bağlı əlavə təsirlərin, o cümlədən gecələr tənəffüsün və yuxunun pozulması hallarının sayının son vaxtlar artdığını qeydə alıblar.

AZƏRTAC “MedikForum.ru” saytına istinadla xəbər verir ki, tərkibində opiat komponentləri olan ağrıkəsici dərmanların daxilə qəbul edilməsi piylənmə riskini 95 faiz, hipertoniya riskini 63 faiz artırır. Bu səbəbdən xroniki ağrıları aradan qaldırmaq üçün tətbiq edilən ağrıkəsici preparatlar qısa müddətə təyin edilməlidir.

Mütəxəssislər ürəyi xəstə olan 133 min pasiyent haqqında toplanmış məlumatı “UK Biobank” layihəsi çərçivəsində təhlil edərək bu qənaətə gəliblər. Pasiyentləri şərti olaraq iki qrupa ayırıblar: kardiopreparatlarla yanaşı, ağrıkəsici vasitələr qəbul edənlərə və yalnız ürək dərmanları qəbul edənlərə. Sonra onların bədən kütləsi, bel dairəsi və arterial təzyiq göstəriciləri tutuşdurulub.

Alimlər müəyyən ediblər ki, ağrıkəsici dərmanlar içən insanlarda piylənmə və hipertoniya ehtimalı xeyli yüksəkdir.

Tədqiqatçılar deyiblər: “Belə bir fakt böyük narahatlıq doğurur ki, tərkibində opiat komponentləri olan preparatlar getdikcə daha çox təyin olunur. Nəticədə onların qəbul edilməsi ilə bağlı əlavə təsirlərin sayı artır. Pasiyentləri tez-tez ağrıkəsici dərmanları artıq dozada qəbul etdikləri üçün xəstəxanaya yatırırlar. Bundan əlavə, onlar gecələr tənəffüsün pozulmasından və yuxusuzluqdan əziyyət çəkirlər”.