Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Almaniya əfqanların deportasiyasını davam etdirir

07 Dekabr 2017
Almaniyadan deportasiya edilmiş 27 əfqanı daşıyan təyyarə Kabildə yerə enmişdir. Bu barədə DPA agentliyi xəbər verir.

Məlumata görə, Almaniya hökumətinin kirayələdiyi təyyarədə ilk dəfə ictimai təhlükəsizlik üçün real təhlükə yaradan iki nəfər olmuşdur. AFR-in xüsusi xidmət orqanları həmin adamların terror aktı törədəcəyindən ehtiyatlanır.

Frankfurt hava limanında deportasiya prosedurunu 70-ə yaxın polis əməkdaşı təmin etmişdir. Təxminən 600 nəfər fəal şəkildə bunun qarşını almaq istəmişdir. “Pro Asyl” hərəkatı Əfqanıstanda təhlükəsizlik problemlərinin mövcudluğu ilə əlaqədar deportasiyanın dayandırmasını tələb etmişdir.

Öz növbəsində Almaniyanın daxili işlər naziri Tomas de Mezyer bir daha bildirmişdir ki, heç bir tənqidə məhəl qoymayaraq, əfqanların deportasiyasını davam etdirəcək. Nazir əminliklə vurğulamışdır ki, ictimai təhlükəsizlik üçün təhdid yaradanlar, qanunu pozanlar, habelə inteqrasiyadan imtina edənlər deportasiya olunacaqlar.

Ötən il AFR hökuməti Əfqanıstan hakimiyyət orqanları ilə readmissiya haqqında saziş imzalamışdır. Həmin ilin dekabrında ilk deportasiyalar başlamışdır.

Xatırladaq ki, 2016-cı ilin mayında AFR-in Kabildəki səfirliyinin yaxınlığında terror aktı baş verdikdən sonra Berlin deportasiyanı məhdudlaşdırmışdı. Hazırda AFR hökuməti Əfqanıstana yalnız qanunu pozanları, potensial terrorçuları və Almaniyaya saxta sənədlərlə gəlmiş şəxsləri deportasiya edir.