Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Həmas” lideri ərəb ölkələrini ABŞ-la əməkdaşlığı dayandırmağa çağırıb

07 Dekabr 2017
Fələstinin “Həmas” İslam hərəkatının siyasi bürosunun başçısı İsmayıl Haniyə ərəb ölkələrini ABŞ-la əməkdaşlığı dayandırmağa çağırıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Haniyə, həmçinin Birləşmiş Ştatların Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına görə peşman olacağını bildirib. Bu qərarı Fələstin xalqına qarşı təcavüz adlandıran “Həmas” lideri Fələstin tufanının Tramp peşman olanadək davam edəcəyini deyib.

Xatırladaq ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib və həmçinin Amerika səfirliyinin Təl-Əvivdən bu şəhərə köçürülməsi barədə sənəd imzalayıb. Birləşmiş Ştatlar konqresi ABŞ səfirliyinin Qüdsə köçürülməsi planını hələ 1995-ci ildə qəbul etmişdi. Lakin şəhərin mübahisəli statusu və problemin müsəlman aləmi üçün həssaslığı səbəbindən Amerikanın bütün prezidentləri bu qərarı o vaxtdan indiyədək təxirə salırdılar.

Trampın bu addımı təkcə ərəb ölkələrində və müsəlman aləmində deyil, dünyanın çox yerində etirazlar doğurub. ABŞ-ın qəbul etdiyi qərarın sülh prosesini pozacağı, Yaxın Şərqdə gərginliyi artıracağı və yeni zorakılıq dalğası doğuracağı istisna olunmur.