Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı-Tbilisi-Qars dəmir yolunda yük qatarlarının hərəkətinin təşkili və idarəetmə rejimi yoxlanılır

07 Dekabr 2017
Bakı-Tbilisi-Qars dəmir yolunun Marabda-Kartsaxi, Marabda-Axalkalaki sahəsində yük qatarlarının hərəkətinin təşkili, qatarların hazırlığı və idarəetmə rejiminin müəyyən edilməsi üçün sınaqlar keçirilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, QSC-nin hərəkətin təhlükəsizliyi üzrə müfəttişlik aparatının rəisi Kazım Şərifovun rəhbərliyi, "Ukrayna investisiya-konsaltinq" şirkətinin və Dnepropetrovsk Dəmir Yolu Mühəndisləri İnstitutunun alim mütəxəssislərinin iştirakı ilə aparılıb. Sınaqlar zamanı müxtəlif çəkili qatarlar 6 dəfə (hər dəfə çəkisi artırılmaqla) Marabdadan Axalkalakiyə göndərilib. Bu proseslərdə qatarın hərəkətinin 32 parametri (dinamik xüsusiyyəti, sürəti, əyləc kolotkalarının qızması və sair) yoxlanılıb. Sınaqlar zamanı Tbilisi lokomotiv deposunun 14 nəfərdən ibarət lokomotiv briqdaları (maşinist-təlimatçılar, maşinistlər) fəal iştirak ediblər.

Sınaqlardan sonra keçirilən müşavirədə nəticələr müzakirə olunub və Tbilisi lokomotiv deposunun 14 nəfərdən ibarət lokomotiv briqdaları "Azərbaycan Dəmir Yolları" QSC rəhbərliyi adından müxtəlif hədiyyələrlə mükafatlandırılıblar. Yük Daşımaları Departamentinin yük və vaqon şöbələrinin rəhbərlərinin iştirak etdiyi tədbirdə mükafatları hərəkətin təhlükəsizliyi üzrə müfəttişlik aparatının rəisi Kazım Şərifov təqdim edib.

Qeyd edək ki, bu sınaqlar gələcəkdə qatarların təhlükəsiz hərəkətinin və yük həcminin etibarlı təşkilinə hesablanıb.