Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub

07 Dekabr 2017
Vyanada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar intensiv görüşlər təşkil olunub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a bildirib ki, dekabrın 6-da ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, Rusiyadan olan həmsədri İqor Popov, ABŞ-dan olan həmsədri Endrü Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşlər keçiriblər. Sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil edilib.

H.Hacıyev vurğulayıb ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan təkliflərlə bağlı intensiv və konkret müzakirələr aparılıb. İntensiv və substantiv danışıqların davamı kimi 2018-ci ilin yanvar ayının ikinci yarısında xarici işlər nazirləri səviyyəsində növbəti görüşün keçirilməsi barədə razılıq əldə olunub.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşün pozitiv və konstruktiv şəkildə keçdiyini bildirib.