Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Türkiyənin Silahlı Qüvvələri arasında əlaqələr genişlənir

06 Dekabr 2017
Dekabrın 6-da Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər İdarəsinin rəisi, general-polkovnik Yavuz Türkgencin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Türkiyə Respublikasının Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycan Respublikasının dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub. Transsərhəd cinayətkarlığı ilə mübarizədə həyata keçirilmiş tədbirlər, Dövlət Sərhəd Xidmətində aparılan islahatlar, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə edilən nailiyyətlər barədə məlumat verilib.

Tərəflər arasında hərbi və hərbi-texniki sahədə əlaqələrin dərinləşdirilməsi, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması və birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüşdə Тürkiyənin ölkəmizdəki səfiri Erkan Özoral da iştirak edib.