Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dolma hazırlama və paylaşma ənənəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına Azərbaycan ənənəsi kimi daxil edilib

06 Dekabr 2017
Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycanın təqdim etdiyi “Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

AZƏRTAC xəbər verir ki, UNESCO-nun qiymətləndirici orqanı tərəfindən bütün kriteriyalara dair müsbət rəy alan nominasiya faylına dair qərar dekabr 6-da elan edilib.

Qeyd etmək lazımdır ki, sözügedən nominasiya sənədi Mədəniyyət və Turizm, Xarici İşlər nazirlikləri və Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib.

Qiymətləndirici orqanın müsbət rəyinə baxmayaraq müzakirələr zamanı Ermənistan tərəfi Komitə üzvlüyünü öz təxribatçı məqsədləri üçün istifadə edərək fayla qarşı çıxış edib. Lakin Azərbaycan nümayəndə heyətinin səyləri və Komitənin digər üzvlərinin konstruktiv mövqeyi nəticəsində fayla heç bir müdaxilə edilməmişdir.

Azərbaycan nümayəndə heyəti adından çıxış edən ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov xalqımızın qonaqpərvərlik, dostluq, mehribanlıq mədəniyyətinin əsas simvollarından biri olan dolmanın bişirilmə və paylaşma ənənəsinin ölkəmizin sərhədlərindən daha geniş coğrafiyanı əhatə etdiyini yüzilliklər boyu nəsillərdən-nəsilə ötürülən mədəni mənsubiyyət nümunəsi olduğunu diqqətə çatdırdı. O, Azərbaycan hökuməti adından UNESCO-nun qiymətləndirici orqanına və Komitəyə xalqımızın mədəni dəyəri olan bu mətbəx nümunəsinin dəstəklədiklərinə görə təşəkkürünü bildirib.

Səfir, həmçinin Ermənistanın həmişə olduğu kimi bu dəfə də Komitədəki üzvlüyündən sui-istifadə edərək öz çirkin siyasi oyununu aparmaqda və əsassız iddialarını irəli sürməkdə davam etdirdiyini, işğalçılıq siyasətini mədəniyyət sahəsində də tətbiq etdiyini qeyd edib. Buna baxmayaraq diplomat Komitə tərəfindən bu nominasiya üzrə ədalətli qərarın qəbul edildiyini alqışlayıb.

Eyni zamanda, nominasiyada ölkəmizin Qarabağ bölgəsinə istinadlara dair Ermənistan tərəfinin əsassız etirazlarına cavab olaraq səfir Anar Kərimov qəti şəkildə vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü heç bir beynəlxalq platformalarda, o cümlədən UNESCO çərçivəsində sual altına qoyula bilməz və o, bu xüsusda BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı məlum dörd qətnaməsini qeyd edib. Bu səbəbdən nominasiyada Azərbaycan Respublikasının Qarabağ bölgəsinə istinadların heç kimdə sual doğurmamalı olduğu xüsusilə vurğulanıb.

UNESCO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə hazırda dolma hazırlama və paylaşma ənənəsindən başqa, Azərbaycanın muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çövkən – Qarabağ ənənəvi atüstü oyunu isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alıb.