Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Aleksandr Sidoroviç : UNEC-in regionda və dünyada nüfuzu sürətlə artır

05 Dekabr 2017
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Sankt-Peterburq şəhərində “Avrasiya iqtisadi perspektivi” mövzusunda keçirilən V Beynəlxalq Avrasiya İqtisadi Forumunda iştirak edib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, forum çərçivəsində “Avrasiya humanitar əməkdaşlığı: Təhsil, elm və mədəniyyət” mövzusunda plenar iclas təşkil olunub. Tədbirdə MDB məkanı üzrə elmi istinad indeksi institutunun yaradılması, universitetlərin təhsil və elm sahəsində əlaqələrinin dərinləşməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Avrasiya Universitetlər Assosiasiyası icra komitəsinin sədri, professor Aleksandr Sidoroviç UNEC-in fəaliyyətindən söz açıb, bu ali təhsil ocağının uğurlarını izlədiyini bildirib. Universitetin regionda və dünyada nüfuzunun sürətlə artdığını qeyd edən professor UNEC-in inkişaf strategiyasının doğru müəyyənləşdirildiyini və bu təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.

Rusiyanın tanınmış iqtisadçı alimləri UNEC-in Rus İqtisad Məktəbinin fəaliyyətini yüksək dəyərləndiriblər. Onlar pedaqoji fəaliyyətlərini burada davam etdirməkdən məmnun olacaqlarını bildiriblər.

Forum çərçivəsində Ə.Muradov Sankt-Peterburq Dövlət İqtisad Universitetində və “Müasir iqtisadiyyatın problemləri” Avrasiya beynəlxalq elmi-analitik jurnalında görüşlər keçirib.

Görüşlərdə ali təhsil ocağının ictimaiyyətə açıq olması, ölkədə və regionda baş verən iqtisadi proseslərə proqnozları ilə çevik reaksiya verən UNEC ekspertlərinin fəaliyyəti yüksək dəyərləndirilib.