Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qafqazın lideri “Asiyanın Qəlbi”ndəki geosiyasi mövqeyini möhkəmləndirir

05 Dekabr 2017
 

İstanbul Prosesi Azərbaycanın Avrasiyada transregional əlaqəliliyin gücləndirilməsinin yeni aparıcı qüvvəsi olduğunu bir daha təsdiqlədi

 

Qloballaşma dövründə sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən müstəqil, balanslı xarici siyasəti ilə və Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanan Azərbaycan diplomatik fəaliyyət sahəsində də qarşıda duran hədəfləri düzgün müəyyənləşdirir. Milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadi və geostrateji maraqların ödənməsi həyata keçirilən xarici siyasətin prioritet istiqamətləridir.
Rəsmi Bakının Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə yüksək səviyyədə evsahibliyi etməsi Şərqlə Qərb arasında multikultural mərkəz rolunu oynaması ilə şərtlənir. Azərbaycanın yüksək təşəbbüskarlığı ilə paytaxtımızda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını artıq regionun “diplomatik paytaxtı”na çevirib.

 

Avrasiyanın geosiyasi aktoruna çevrilən Azərbaycan

 

Ötən həftə Bakıda “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş “Asiyanın Qəlbi” regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci Nazirlər Konfransının keçirilməsi də bütün deyilənlərin təsdiqi idi. Bu, eyni zamanda Azərbaycanın Avrasiya məkanındakı geosiyasi çəkisi və bölgənin siyasi-iqtisadi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi olduğunu bir daha isbatladı.
Ölkənin geosiyasi dəyərinin artmasına və xarici ölkələrlə münasibətlərinin qurulmasına müsbət təsir göstərən əsas amillərdən biri onun əhəmiyyətli geosiyasi və coğrafi məkanda yerləşməsi hesab olunur. Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda gedən əsas proseslərin mərkəzində dayanan Azərbaycan öz milli maraqlarının təmin edilməsinə istiqamətlənmiş siyasi kursuna, əlverişli coğrafi mövqeyinə və kəsb etdiyi transmilli geosiyasi əhəmiyyətinə uyğun olaraq bu və ya digər gedişlər edir.
Prezident İlham Əliyevin son 14 ildə yürütdüyü düzgün iqtisadi inkişaf strategiyası ümumilikdə Azərbaycanı Avrasiyanın iqtisadi, siyasi və sosial-mənəvi cəhətdən dinamik inkişaf edən ölkəsinə, dövlətlərarası əlaqələrdə ciddi geosiyasi aktora çevirib.

 

“Asiyanın Qəlbi - İstanbul Prosesi”- səmərəli regional platforma

 

“Asiyanın Qəlbi - İstanbul Prosesi” “Asiyanın Qəlbi” regionunda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib platformadır.
2011-ci ildə təsis olunduqdan bəri “Asiyanın Qəlbi - İstanbul Prosesi” istər prosesdə iştirak edən dövlətlər, istərsə də buna dəstək verən dövlət və təşkilatların Əfqanıstanda və regionda vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş səylərinin möhkəmləndirilməsi baxımından səmərəli çoxtərəfli platforma kimi özünü sübut edib. Bu platforma regionda və regiondan kənarda yerləşən dövlətlər arasında dialoq və əməkdaşlıq yolu ilə Əfqanıstanda sülh, sabitlik və rifahın əldə edilməsi üçün nadir imkan yaradır.
“Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Azərbaycan, Türkiyə, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir.
Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi - İstanbul Prosesi”nə qoşulub. İstanbul Prosesinin həmsədri kimi öz missiyasını yekunlaşdıran Azərbaycan öz həmsədrliyindən istifadə etməklə prosesin qarşıya qoyduğu məqsədlərə çatmaq istiqamətində bütün mümkün töhfələri verib. 2017-ci ildə Bakı və Nyu York şəhərlərində yüksək vəzifəli məmurların görüşlərini, eləcə də Narkotiklərlə Mübarizə və Regional İnfrastruktur üzrə Etimad Quruculuğu Tədbirləri çərçivəsində ekspertlərin görüşlərini təşkil edib.
Həmsədrlik missiyasını başa vurmasına baxmayaraq, Azərbaycan ikitərəfli səylər və müxtəlif çoxtərəfli platformalar vasitəsilə “Asiyanın Qəlbi” regionunda sabitliyi, sülh şəraitində yenidənqurma səylərini və inkişafı dəstəkləməyə davam edəcək.
Konfransın sonunda qəbul edilən Bakı Bəyannaməsində də ölkələrin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmamaq kimi prinsiplərlə bağlı öhdəliklər bir daha təsdiq edilib. Həmçinin dövlətlərin suverenliyi, ərazi bütövlüyünə qarşı güc tətbiq edilməsinin yolverilməzliyi qeyd olunub, bu əməllərdən çəkinmənin vacibliyi bildirilib.
Sənəddə “Asiyanın Qəlbi - İstanbul Prosesi”nin regionda dialoq və etimadın gücləndirilməsində əhəmiyyətli rolu bir daha vurğulanıb. Həmçinin terrorizmə, narkotiklərin qanunsuz dövriyyəsinə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə səylərin artırılması, sülh, təhlükəsizlik, regional əməkdaşlıq kimi məsələlər öz əksini tapıb.

 

Dialoq və əməkdaşlıq üçün dəyərli mexanizm

 

Konfransda çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan “Asiyanın Qəlbi - İstanbul Prosesi”ni Əfqanıstanda sülhün, barışığın, təhlükəsizliyin və iqtisadi inkişafın əldə edilməsi istiqamətində dialoq və əməkdaşlıq üçün dəyərli mexanizm hesab edir. 2012-ci ildə prosesə qoşulandan bəri ölkəmiz bu çoxtərəfli platformada fəal şəkildə iştirak etməkdədir: “Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət və riayət edilməsi, xüsusilə suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, suveren bərabərliyə hörmət və daxili işlərə qarışmama regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində təməl olmaqla, sabitlik və yəqinlik təmin edir. Bu prinsiplər İstanbul Prosesi çərçivəsində bizim münasibətlərimiz və əməkdaşlığımız üçün zəmin təşkil edir və bu, “Asiyanın Qəlbi” bəyannamələrində bir daha vurğulanmışdır”.
Azərbaycanın Əfqanıstanın qarşısında duran çağırışların öhdəsindən gəlməsində onu dəstəkləyən birinci və ən fəal ölkələr sırasında olduğunu söyləyən dövlət başçısı qeyd etdi ki, ölkəmiz ikitərəfli səylər və eləcə də çoxtərəfli platforma çərçivəsində fəal iştirakı ilə Əfqanıstanda ölkənin sabitliyinə, sülh şəraitində yenidənqurma və inkişafına yardım işinə sadiq olaraq qalır: “Çox önəmlidir ki, Əfqanıstanın yenidən qurulması və iqtisadi inkişafı məsələlərinə səylərimizin yönəldilməsi ilə yanaşı, biz ölkənin indiyədək əldə etdiyi tərəqqini qoruyub saxlamaq üçün Əfqanıstanın üzləşdiyi təhlükəsizlik çağırışlarını həll etməkdə davam edirik. Belə ki, terrorizm, radikal ekstremizm və separatizmin bütün forma və ifadə vasitələrindən qaynaqlanan təhlükəsizlik təhdidləri ilə mübarizədə birgə səylərimizin davam etdirilməsi və bu məqsədlə regional əməkdaşlığın artırılması vacibdir”.

 

Ticarət və tranzit arteriyası

 

Əfqanıstanın dayanıqlı dövlət qurmaq səylərini ardıcıl olaraq dəstəkləyən Azərbaycan əfqan rəsmiləri üçün genişmiqyaslı hərbi, dövlət idarəçiliyi, hüquq mühafizə, minalardan təmizləmə, tibbi və reabilitasiya sahələri üzrə təlimlər təşkil edib və elektron idarəçilik, ictimai xidmətlərin çatdırılması üzrə öz təcrübəsini Əfqanıstanla paylaşıb. Bu gün Azərbaycan hərbçiləri Qətiyyətli Dəstək Missiyasında xidmət edir və ölkəmiz Əfqanıstan Milli Ordusuna yardımlarını davam etdirir.
Bununla yanaşı, Azərbaycanın regionu nəqliyyatla birləşdirmək sahəsindəki töhfələri Əfqanıstan və ümumilikdə regionun yeni bazarlara çıxması və beynəlxalq ticarət şəbəkələrinə qoşulması üçün yeni imkanlar yaradır. Bu yaxınlarda açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkiyə, Türkmənistan tərəfindən imzalanmış Lapis-Lazuli razılaşması regionda əmtəə və sərnişinlərin rahat hərəkətinə imkan yaradacaq. Gürcüstan və Azərbaycandan başlayaraq Xəzər dənizi vasitəsilə Orta Asiyaya qədər uzanan geniş coğrafi region dünyanın ən böyük təchizat və tələb bazarlarını birləşdirən qitələrarası ticarət marşrutları üzərində yeni rəqabətədavamlı ticarət və tranzit arteriyasına çevrilir.
Bu layihələri dəyərləndirən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın təşəbbüskarı olduğu və davam edən regional bağlılıq layihələri - Bakı-Tbilisi-Qars dəmir yolu, yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Azərbaycan ilə İran arasında dəmir yolu şəbəkələrini əlaqələndirən Xəzər dənizi sahilindəki logistik mərkəz kimi strateji təməl komponentləri, Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə çoxtərəfli imkanlara malik transregional infrastrukturun inkişafında keyfiyyətcə yeni nailiyyətləri nümayiş etdirir. Bu layihələr Əfqanıstanın qlobal bazara çıxışını asanlaşdıracaq və bölgədə yükdaşımaların daha qısa, daha sürətli və daha səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradacaq bağlılığı təmin edəcək. Konfransda Azərbaycanın həyata keçirdiyi meqalayihələrdən danışan dövlət başçısı eyni zamanda Əfqanıstanın da Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulması perspektivlərinə toxundu.
Prezidenti İlham Əliyev konfransdakı nitqində bir çox mühüm məsələləri yenidən gündəmə gətirərək beynəlxalq əməkdaşlığın əhəmiyyətini, dünyada sülh və təhlükəsizliyin təmin olunmasının yollarını açıq şəkildə diqqətə çatdırdı.
Bütün bunlar bir daha onu göstərir ki, “Asiyanın Qəlbi- İstanbul Prosesi” Azərbaycanın strateji maraqlarının həyata keçirilməsi baxımından da mühüm bir prosesdir.

 

Azərbaycan Cənubi Qafqazın lideridir

 

“Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində Nazirlər Konfransının Bakıda keçirilməsi ölkəmizin qlobal sülh, təhlükəsizlik və dialoq platforması kimi qəbul edildiyini və bu statusunu getdikcə möhkəmləndirdiyini bir daha təsdiqlədi. Konfransın Bakı Bəyannaməsində ölkələrin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq kimi prinsiplərin xüsusi olaraq vurğulanması bu platformanın təkcə Əfqanıstana sülh və barışıq gətirilməsinə deyil, daha geniş məqsədlərə xidmət etdiyindən xəbər verir.
Nəzərə alsaq ki, Asiyada 56 dövlət var və onların içərisində Çin, Hindistan, Pakistan kimi dünya siyasətində söz sahibi olacaq ölkələr yer alır, o zaman bu konfransın və qəbul edilən bəyanatın əhəmiyyətini bir daha anlamış olarıq. Bu tərəfdaşlıq formatı regionumuza siyasi sabitlik və təhlükəsizliklə bərabər, həm də ciddi iqtisadi əməkdaşlıq perspektivləri vəd edir.
Bir sözlə, Azərbaycanın əlverişli coğrafi mövqeyi və bu mövqenin mühüm geosiyasi amilə çevrilməsi istiqamətində yürüdülən uğurlu siyasət ölkəmizin bu əməkdaşlıq platforması çərçivəsində də çox önəmli bir mövqeyə sahiblənməsinə, logistik imkanlarından daha səmərəli istifadə olunmasına zəmin yaradır.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”