Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisdə Azərbaycan-Türkiyə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

30 Noyabr 2017
Noyabrın 30-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, spiker ölkələrimizin xarici işlər nazirlərinin mütəmadi səfərlərinin və keçirilən görüşlərin münasibətlərimizin strateji xarakter daşımasının əyani göstəricilərindən biri olduğunu deyib. O vurğulayıb ki, bu cür səfərlər sürətlə dəyişən bölgə reallıqları ilə bağlı ortaq mövqelərin formalaşmasında müsbət rol oynayır.

Oqtay Əsədov deyib ki, ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi “Bir millət, iki dövlət” ifadəsi bu gün real həyatda öz təsdiqini tapıb. Azərbaycan-Türkiyə münasibətləri digər dünya dövlətləri üçün nümunə ola biləcək bir səviyyədədir. Əlbəttə ki, bütün bunlar bizi sevindirir. Əlaqələrimizin bu səviyyəyə yüksəlməsində dövlət başçılarının görüşləri və apardıqları danışıqlar mühüm rol oynayıb.

Spiker Azərbaycan Prezidenti İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) IX Zirvə görüşündə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışında iştiraklarını xatırlayaraq, hər iki ölkənin qlobal əhəmiyyətə malik layihələrə imza atdığını söyləyib. Bildirilib ki, istər neft-qaz, istərsə də nəqliyyat sahəsindəki bu uğurlarımız qürurvericidir.

Sədr Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin görüşünün və Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul prosesi” 7-ci nazirlər toplantısının əhəmiyyətini yüksək dəyərləndirib. Bildirilib ki, beynəlxalq təşkilatlarda tərəfləri düşündürən məsələlər barədə vahid mövqedən çıxış etmək günün tələbidir.

Söhbət zamanı spiker vurğulayıb ki, Azərbaycan və Türkiyə strateji müttəfiq kimi çox uğurlu əməkdaşlıq edir. Bizim əməkdaşlığımız və dostluğumuz dünyada baş verən proseslərdən və qarşıya çıxan təhdidlərdən asılı olmayaraq sarsılmazdır.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin Bakıda keçirilən görüşü, “İstanbul prosesi” kimi toplantı barədə fikirlərini bölüşüb. Qeyd edilib ki, bu cür tədbirlər çərçivəsində aparılan fikir mübadiləsi ümumi məqsədlərin reallaşması üçün yaxşı zəmin yaradır.

Qonaq qeyd edib ki, Azərbaycanla Türkiyə arasında əməkdaşlığın yüksək səviyyədə olması, qlobal layihələrin birgə həyata keçirilməsi bölgənin tərəqqisi və təhlükəsizliyi baxımından çox önəmlidir.

Mövlud Çavuşoğlu parlamentlər səviyyəsində əlaqələrin daha da dərinləşməsinin xalqlarımızın mənafeyi naminə qarşıya qoyulan məqsədlərə çatmaq üçün birgə fəaliyyətə xidmət etdiyini söyləyib. O, deputatlarımızın beynəlxalq qurumlarda prinsipial məsələlər barədə eyni mövqedən çıxış etməsini zəruri hesab edib.

Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında danışıqlar aparılıb.

Görüşdə Parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin başçısı Səməd Seyidov, ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər iştirak ediblər.