Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının növbəti iclası keçirilib

30 Noyabr 2017
Noyabrın 29-da Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.

İclasda dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi, dövlət qulluqçularının maarifləndirilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi, dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması sahəsində görülən işlər, eləcə də Avropa İttifaqının TAIEX layihəsi çərçivəsində DİM tərəfindən həyata keçirilən imtahanlarda “e-markinq” sisteminin tətbiqi ilə bağlı ekspert missiyasının yekun hesabatı və digər cari məsələlər müzakirə edilib.

Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi işinin davamlı olaraq aparıldığını qeyd edən Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib: “Bir ildən artıq müddət idi ki, bir çox hüquqi məsələlər öz həllini tapmadığına görə biz dövlət qulluğuna müsabiqə yolu ilə qəbul imtahanı keçirə bilmirdik. Hazırda hüquqi müstəvidə məsələlərin çoxu həll olunub və mərkəz bu imtahanların keçirilməsinə başlayıb”.

Belə ki, noyabrın 18-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələr üzrə keçirilən test imtahanında 90 namizəd imtahanda iştirak edib, onlardan 13-ü tələb olunan keçid balını toplayaraq uğur qazanıb.

Dekabrın 17-də isə inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçiriləcək.

Bu sahədə aparılan işlərin nəticəsi olaraq, DİM-in təklifi əsasında, “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nda dəyişikliklər edilib. Dəyşikliklərdən biri də ondan ibarətdir ki, ali-beşinci kateqoriya dövlət orqanlarında yardımçı vəzifələr üzrə dövlət qulluğuna qəbul aparılmayacaq. Yəni dövlət orqanlarında yardımçı kargüzarlıq (katibə, kargüzar) və yardımçı texniki vəzifələr (sürücü, liftçi) üzrə qəbul test imtahanlarına əsasında aparılmayacaq.

Dövlət qulluqçularının maarifləndirilməsi işinin təşkili ilə bağlı məlumat verən sədr qeyd edib ki, bu sahədə mərkəz tərəfindən “Hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi”, “Dövlət qulluğunda etik məsələlər üzrə təlimçilər üçün təlim”, “Dövlət qulluğunda etika”, “Korrupsiyaya qarşı mübarizə” “Dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzularını əhatə edən təlimlər təşkil edilib və bu təlimlərin hər birində 100-dək dövlət qulluqçusu iştirak edib.

İclasda dövlət orqanlarında dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi vəziyyəti ilə bağlı aparılan araşdırmanın nəticələri ilə bağlı bildirilib ki, bəzi dövlət orqanlarında vakant vəzifə olduğu halda həmin vəzifələrin tutulması barədə müvafiq qərar qəbul edilməməsi və bu barədə DİM-ə məlumat verilməməsi halları mövcuddur. Həmin dövlət orqanlarına aşkarlanmış pozuntuların aradan qaldırılmasının təmin edilməsi üçün müvafiq məktublar göndərilib.

İclasda Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq alətlərindən biri – TAIEX layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan “DİM tərəfindən həyata keçirilən imtahanlarda “e-markinq” sisteminin tətbiqi ilə bağlı ekspert missiyasının yekun hesabatı”na toxunan sədr bildirmişdir ki, hesabatda DİM-in imtahanlarda tətbiq etdiyi “e-markinq” sisteminin bir çox müsbət cəhətləri xüsusi vurğulanıb və DİM-in olduqca yaxşı təşkilatlanmış qurum olduğu, fəaliyyət göstərdiyi 25 il ərzində müvafiq sahə üzrə kifayət qədər genişhəcmli işlərin həyata keçirildiyi, təhsilin müxtəlif pillələrinə qəbulun, o cümlədən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin yüksək səviyyədə təşkil olunduğu bildirilib.

Görüşdə digər cari məsələlər də müzakirə olunub.