Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

3 ildə 4 sənaye məhəlləsi

30 Noyabr 2017
 

Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan Sabirabad Sənaye Məhəlləsi modern sənayeləşmə siyasətinə mühüm töhfədir

 

Azərbaycan iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı yeni iqtisadi inkişaf konsepsiyasının prioritetidir.
Yeni iqtisadi modelə keçidlə ölkə iqtisadiyyatı innovasiyalar, müasir texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etməkdədir. Uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq son illərdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilib, minlərlə yeni iş yeri açılıb.
Noyabrın 28-də Prezident İlham Əliyevin Tərtər, Ağcabədi və Sabirabad rayonlarına səfəri çərçivəsində daha bir neçə müəssisənin fəaliyyətə başlaması və bəzi obyektlərin təməlinin qoyulması dövlət başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğının bariz təcəssümü idi.

 

Azərbaycanın sayca 4-cü sənaye məhəlləsinin təməli qoyuldu

 

Səfər çərçivəsində bir neçə istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olan dövlət başçısı Sabirabad rayonunda yeni sənaye məhəlləsinin təməlqoyma mərasimində də iştirak etdi. Xatırladaq ki, Azərbaycan Prezidenti noyabrın 26-da Sabirabad Sənaye Məhəlləsinin yaradılması ilə bağlı sərəncam imzalamışdı.
Sərəncama əsasən, sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə yaradılacaq Sabirabad Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə xidmət müəssisələri fəaliyyət göstərəcək. Sənaye məhəlləsinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə olunub.
Sərəncama əsasən Nazirlər Kabineti Sabirabad Sənaye Məhəlləsinin fəaliyyəti üçün rayon ərazisində iyirmi hektar torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilərək sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilməsini iki ay müddətində təmin edib dövlət başçısına məlumat verəcək. İqtisadiyyat Nazirliyi isə Sabirabad Sənaye Məhəlləsinin fəaliyyəti ilə bağlı müvafiq torpaq sahəsinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su təchizatı, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulmasını, eləcə də məhəllənin işinin təşkilini və tənzimlənməsini, o cümlədən iştirakçıların dəstəklənməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlər göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görəcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə hazırda ölkəmizdə Neftçala Sənaye Məhəlləsi fəaliyyət göstərir. Masallı Sənaye Məhəlləsinin tikintisi ilin sonuna kimi başa çatacaq. Hacıqabul Sənaye Məhəlləsinin təşkili istiqamətində işlər davam etdirilir. Dövlət başçısının təməlini qoyduğu Sabirabad Sənaye Məhəlləsi isə sayca 4-cü sənaye məhəlləsi oldu.

 

Sabirabad Sənaye Məhəlləsi - yun tədarükü, pambıqtəmizləmə, logistika mərkəzi

 

Ölkəmizdə sənaye məhəllələrinin yaradılması dövlət başçısının “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanına əsasən həyata keçirilir. Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi, əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və s. məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir.
Sabirabad Sənaye Məhəlləsinin yaradılması əlbəttə ki, regionda qeyri-neft sektorunun inkişafında, yeni iş yerlərinin açılmasında mühüm rol oynayacaq. Çünki Sabirabad rayonu Muğan, Mil və Şirvan düzünün kəsişdiyi, Kür-Araz çaylarının qovuşduğu ərazidə yerləşir. Eyni zamanda rayon şimaldan Kürdəmir, şimal şərqdən Hacıqabul, şərqdən Şirvan, cənub şərqdən Salyan, qərbdən Saatlı, cənubdan isə Biləsuvarla həmsərhəddir. Buna görə Sabirabadda sənaye məhəlləsinin yaradılması həm qonşu şəhər və rayonlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlar üçün geniş imkanlar açacaq, həm də yerli əhalinin işlə təmin olunmasında mühüm rol oynayacaq.
İyirmi hektar ərazidə salınacaq bu sənaye mərkəzində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistika mərkəzinin fəaliyyət göstərməsi planlaşdırılır.

 

Sabibkarların böyük maraq göstərdikləri Neftçala Sənaye Məhəlləsi

 

Hazırda ölkəmizdə fəaliyyət göstərən Neftçala Sənaye Məhəlləsi Prezident İlham Əliyevin 2015-ci il 2 fevral tarixli sərəncamına əsasən yaradılıb. Bu il sentyabrın 24-də dövlət başçısının iştirakı ilə istifadəyə verilən sənaye məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb. Məhəllədə ümumilikdə 500-ə yaxın iş yeri yaradılıb. Sahibkarlar tərəfindən sənaye məhəlləsinə böyük maraq göstərilir və tələbata uyğun olaraq məhəllənin ərazisinin genişləndirilməsi nəzərdə tutulur.

 

Masallı Sənaye Məhəlləsi gələn il fəaliyyətə başlayacaq

 

Azərbaycan Prezidentinin 2016-cı il 13 iyul tarixli sərəncamı ilə yaradılan Masallı Sənaye Məhəlləsində aparılan tikinti işləri ilin sonunda başa çatdırılacaq. Burada 3 istehsal, 1 inzibati bina, yüksək gərginlikli yarımstansiya, hər biri 100 kubmetrlik 2 nasosxana, 4 sutəmizləyici qurğu, 300 kubmetrlik 2 texniki və suvarma, içməli və yanğın əleyhinə su anbarları, buraxılış-keçid məntəqəsi tikilmiş, asfalt yol, elektrik, daxili kanalizasiya xətləri çəkilib.
Sənaye məhəlləsinə sahibkarların marağı böyükdür və artıq ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub. Bu layihələr əsasən mebel, alüminium, xalça, süfrə suyu və plastik qapı-pəncərə, eləcə də müxtəlif növ tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı sahələrini əhatə edir. Müəssisələrin işə düşməsi nəticəsində 600-dən çox yeni iş yeri açılacaq.

 

Hacıqabul Sənaye Məhəlləsi - ağır maşınqayırma, kompozit materialları istehsalı

 

Prezident İlham Əliyevin bu il iyulun 25-də imzaladığı sərəncama əsasən yaradılan Hacıqabul Sənaye Məhəlləsinin təşkili istiqamətində işlər davam etdirilir. Sənaye məhəlləsinin tikintisinə gələn ilin yanvarında başlanılacaq.
Dövlət başçısının sərəncamına əsasən, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə Hacıqabul Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə xidmət müəssisələri yaradılacaq. Məhəllədəki müəssisələr ağır maşınqayırma, xüsusi vaqonqayırma, avtomobil və kompozit materialları istehsalı sahələrində ixtisaslaşacaq. Məhsulların satış bazarları isə MDB, Yaxın Şərq və Afrika ölkələri olacaq.
Qeyd edək ki, sənaye məhəlləsinin fəaliyyətinin təşkilini, həmin ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulmasını təmin etmək məqsədilə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan İqtisadiyyat Nazirliyinə 4 milyon manat vəsait ayrılıb.
Dövlət başçısının tapşırığına əsasən, ölkəmizin digər regionlarında da sənaye məhəllələrinin yaradılması istiqamətində araşdırmalar aparılır. Hazırda Ağdam, Ağstafa, Qazax və digər rayonlarda da sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır.

 

İqtisadiyyatın tarazlı yüksəlişi, sənayenin tərəqqisi

 

Müasir dövrdə sənaye siyasəti rəqabətqabiliyyətlilik, səmərəlilik və ekoloji təhlükəsizlik meyarlarına uyğun yüksək texnologiyaların tətbiqinə yönəlməli, elmi araşdırmalarla üzvi surətdə bağlı olmalı, yeni çağırışlara, yeni yanaşmalara əsaslanmalıdır. Zamanın tələblərinə uyğun olaraq aparılan islahatlar, uğurla həyata keçirilən dövlət proqramları, genişmiqyaslı infrastruktur layihələri, biznes və investisiya mühitinin davamlı surətdə yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyi və siyasi, makroiqtisadi sabitlik ölkədə güclü sənayenin formalaşdırılması üçün əlverişli şərait yaradır.
Prezident İlham Əliyevin “Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır” strateji xəttinə uyğun olaraq, prioritet hədəf kimi reallaşdırılan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də məhz sənayeləşmə və qeyri-neft sənayesinin inkişafıdır. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən proseslər artıq öz bəhrəsini verməkdədir. Bütün bunlar əlbəttə ki, Prezident
İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü proqram və layihələrin tərkib hissəsidir.
Regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir.
Müasir istehsal infrastrukturuna malik sənaye parkı və məhəllələrinin fəaliyyəti ölkədə sənaye sahələrinin tərəqqisinin, iqtisadiyyatın tarazlı yüksəlişinin təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilmişdir. Bu cür sənaye komplekslərinin yaradılması ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, bölgələrdə məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”