Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bu oğlum da şəhid qardaşı kimi əsgəri borcunu şərəflə yerinə yetirəcək

30 Noyabr 2017
 

Azərbaycanın dövlət sərhədlərinin qorunması, ərazi bütövlüyünün bərpası uğrunda çalışmaq hər kəsin həm mənəvi, həm də vətəndaşlıq borcudur. Vətən, dövlət - evimiz, vətəndaşlarımız  - ailəmizdir. Onları qorumaqda hər kişi hərbi mükəlləfdir.

Mən şəhid atasıyam. Oğlum Əmiraslan aprel döyüşləri zamanı - Tərtərin Seysulan kəndi istiqamətində aparılan hərbi əməliyyatlarda şücaət göstərərək şəhid olub. O günləri tez-tez yuxuda da görürəm. Oğlumun şəhid olması xəbərini alanda sanki dizlərim qatlandı, nəfəsim dayandı. Axı, əsgərlikdən qayıtmasına az qalmışdı. Şirin xəyallarda ordudan tərxis olacağı günü, hətta toyunu belə yaşamışdım. Qayıtdı, ancaq bayrağa bükülü... Həyət-bacamız insanla dolu idi, lakin sevincimizə şərik olmağa deyil, dərdimizi bölməyə, həyan olmağa gəlmişdilər. Onda anladım ki, övlad, oğul mənim olsa da, şəhid xalqın, dövlətindir... Dəfnində böyük izdiham var idi. Bütün kənd, rayon, ətrafda yaşayan hər kəs yanımızda olmağı özünə borc bilmişdi. Beləcə, yaylım atəşi altında Əmiraslan Cağarqışlaq kəndində torpağa tapşırıldı, məzarı üstünə əklil və tər qərənfillər düzüldü. Onun tabutu üzərinə çəkilmiş üçrəngli dövlət bayrağını ailə xəzinəsində əbədi xatirə olaraq saxlayacağıq...

Övlad, oğul itkisi hər bir valideyn üçün ağır dərddir. Amma torpaq uğrunda ölən varsa, Vətəndir! Bizə də toxtaqlıq verən budur. Dövlət qayğısı, el məhəbbəti və ehtiramı dərdimizi yüngülləşdirir, yaşamağımızı stimullaşdırır. Həyat davam edir. Daha doğrusu, davam etməlidir - digər ailə üzvləri, övladlarım qarşısında da valideynlik, atalıq borcumu yerinə yetirməliyəm. İnsanların ailəmizə göstərdiyi isti münasibət, dövlət qayğısı ailəmizi nikbinləşdirib. Verilən mənəvi dəstək sayəsində həyatımızı sürürük. Bizi yaşadan bir də şəhidimizin xatirəsidir.

Qapımız hər kəsin üzünə açıqdır - gəlib-gedən, yad edən yeniyetmə və gənclər daha çox olur. Oturub oğlum Əmiraslanın həyatını, keçdiyi döyüş yolunu xatırlayır, onun qəhrəmanlığı ilə qürur duyuruq.

Bəli, həyat davam edir. Bu günlərdə kiçik oğlum Əmrahı da ordu sıralarına yola saldıq. Əminəm ki, bu oğlum da şəhid qardaşı kimi vətən borcunu şərəflə yerinə yetirəcək, intizamlı, cəsur əsgər olacaq: torpaqlarımızı yağı düşməndən qoruyacaq və sağ-salamat evinə-ailəsinə, kəndinə dönəcək.

İşğal altındakı torpaqlarımızı azad edəcəyimiz günü səbirsizliklə gözləyirəm. Məhz o zaman bütün şəhidlərimizin, o cümlədən Əmiraslanın intiqamı alınacaq!

 

Xəlil XEYİRBƏYOV,

Qusar rayon sakini, şəhid atası