Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sualım var

30 Noyabr 2017
 

Hansı hallarda ödənilməmiş  cəriməyə görə  avtomobil hərəkətdə ikən saxlanıla və sürücüdən alınaraq cərimə meydançasına aparıla bilər? Bu prosedur  hüquqi cəhətdən necə icra edilməlidir, sürücüyə hansısa sənəd göstərilməlidirmi?

 

Ehtiram ABBASOV,

Bakı şəhər sakini

 

- Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin  96-cı maddəsinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin  DYP əməkdaşı tərəfindən dayandırılaraq cərimə meydançasına yerləşdirildiyi hallardan biri də sürücüyə yol hərəkəti qaydalarını pozduğuna görə əvvəllər tətbiq edilmiş cərimənin vaxtında ödənilməməsidir. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində sürücü cəriməni ödəməzsə, onun həmin vaxt idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya DYP orqanının qərarı çıxarılır.  Cərimənin tətbiqi barədə qərarın qanuni qüvvəyə minməsi isə yalnız həmin qərarın  (o cümlədən elektron protokolun)  kağız daşıyıcında sürücüyə rəsmən təqdim edilməsindən sonra mümkündür. Sürücü belə qərarı aldıqdan sonra ondan şikayət etməzsə,  həmin qərar 10 gündən (elektron protokol 20 gündən) sonra qüvvəyə minir. Qərar qüvvəyə mindikdən sonra  iki ay müddətində icra edilməzsə, DYP-nin mərkəzi informasiya sistemində ayrıca bir qərar çıxarılır ki, avtomobil saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilsin.

Lakin cərimə məhkəmə qərarı ilə tətbiq edilmişdirsə,  avtomobilin saxlanılması barədə qərar da həmin məhkəmə tərəfindən çıxarılır və DYP-nin Mərkəzi İnformasiya sisteminə yerləşdirilir. Barəsində belə qərar çıxarılmış nəqliyyat vasitəsini saxladıqda DYP əməkdaşı sürücüyə  öz planşetində həmin qərarı göstərməli və bundan sonra nəqliyyat vasitəsinin cərimə meydançasına aparılmasını təmin etməlidir.

 

Ərşad HÜSEYNOV,

hüquqşünas