Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeni yolların tanıdılmasına ehtiyac var

30 Noyabr 2017
 

Təkcə Bakıda deyil, ölkə boyu yol infrastrukturu  yenilənir, modernləşdirilir. Son dövrlər bu proses Abşeron yarımadasında daha geniş vüsət alıb. Bakının qəsəbə və kəndlərinin avtomobil yolları müasir tələblər səviyyəsində yenidən qurulur. Bütün layihələr həyata keçirildikdən sonra yarımadada, Bakıda dairəvi hərəkət təmin olunmaqla yanaşı, paralel və perpendikulyar yol şəbəkəsində alternativ marşrut seçmək imkanı xeyli artacaq. Bu da əsas yolların hazırkı yükünü xeyli azaldacaq. Deməli, hərəkət daha təhlükəsiz və intensiv olacaq.

Təəssüf ki, bir çox sürücülər bunlardan - yeni yollardan, onların üstünlüklərindən xəbərsizdir. Bu səbəbdən də bəzi istiqamətlərdə - ənənəvi yollarda hərəkət sıx olsa da, rahatlığına görə əsas yollardan geri qalmayan yenilənmiş yollarda maşın seyrəkdir. Deməli, yeni yolları tanıtmağa, onlardan istifadənin daha sərfəli olduğunu təbliğ etməyə ehtiyac var.

Yəqin çox sürücünün xəbəri yoxdur ki, Sumqayıtdan sahil boyu yolla Coratdan, Novxanıdan, habelə Goradil, Fatmayı və Pirşağıdan keçən yol tamamilə yenidən qurulub, genişləndirilib, asfaltlanıb, bütün texniki elementlərlə, o cümlədən məlumatverici-göstərici nişanlarla təchiz olunub. Bu yol Pirşağıyadək çəkilmiş dairəvi magistral yola birləşir və keyfiyyətinə görə də ondan geri qalmır. Heydər Əliyev prospektindən aeroport istiqamətində gedən magistral iki istiqamətdə uzanır: düzünə Mərdəkana, sola Buzovnaya, Zuğulbaya, Bilgəhə getmək mümkündür və bunu hər kəs bilir. Magistral Pirşağıyadək uzansa da, dar və xarab olduğuna görə Zuğulbadan sonra yoldan əsasən Nardarana və Pirşağıya gedənlər istifadə edirdilər.  İndi (yaydan bəri) tamamilə yenidən qurulmuş sahilboyu yol bu magistrala birləşdirilib. Hərəkətin uğurlu təşkili sayəsində Mərdəkandan Sumqayıta qədər qısa və keyfiyyətli yolla rahat maneəsiz gedib-gəlmək mümkündür. Üstəlik, ayrı-ayrılıqda Fatmayıdan və Novxanıdan Binəqədiyədək olan və bir neçə yaşayış məntəqəsini birləşdirən yollar da eyni üslub və keyfiyyətdə yenidən qurulub. Binəqədi şosesi yaxın günlərdə istifadəyə verildikdən sonra bu sahilboyu zolaqla paytaxta çıxış da xeyli rahatlaşacaq.

Qısası, şimal bölgəsindən, eləcə də Şamaxı yolu ilə Bakının adlarını sadaladığımız və onlara yaxın yaşayış məntəqələrinə gedənlər şəhərə girmədən, sıxlığa, tıxaca düşmədən bu yollarla mənzil başına daha tez və rahat çata bilərlər. Yaxud əksinə - eyni marşrutla respublika əhəmiyyətli yollara çıxmaq mümkündür.

Müşahidələr onu göstərir ki, yeni istifadəyə verilmiş, ancaq xəbərsizlikdən az istifadə olunan belə yollarımız çoxdur. Odur ki, KİV-in, xüsusilə televiziyaların əyani şəkildə bu yolları əhaliyə tanıtmasına, vizual sxemlərlə üstünlüklərinin izahına, bu sahədə maarifçilik işini genişləndirməsinə ehtiyac var.

 

Elxan ELDAROĞLU,

Bakı şəhər sakini