Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ümidim sizədir...

30 Noyabr 2017
 

Hörmətli redaksiya!

Müraciət etmədiyim təşkilat, üz tutmadığım ünvan qalmayıb. Son ümid yeri kimi sizə müraciət edirəm.

1972-ci ildə ailə qurmuşam. Dörd il sonra həyat yoldaşım vəfat edib. İki övladımı çətinliklə böyütmüşəm. Amma onları vətənpərvər ruhda tərbiyə etmişəm. Oğlum Yusifov Yusif Əhməd oğlu Qarabağ müharibəsinə könüllü getdi. 1994-cü ilin fevralında, 20 yaşında Kəlbəcər döyüşlərində itkin düşdü...

Bircə oğlumun  ağrı-acısını çəkməyə özümdə taqət tapa bildim. Balamın məzarı da yoxdu ki, gedib başdaşını qucaqlayıb ağlayam, ürəyimi boşaldam. Üstündən xeyli keçəndən sonra - 2007-ci ildə məhkəmə qərarı ilə oğluma şəhidlik statusu verildi. Bu, mənim üçün böyük təsəlli oldu. Lakin oğul dərdi məni sağalmaz dərdə düçar etdi: neçə ildir ki, onkoloji xəstəyəm. Bəlkə də ömrümün son aylarını yaşayıram.

Aldığım pensiya dərmanlara, işıq, qaz puluna, gündəlik məişət xərclərinə belə çatmır. Eybi yox, dərmansız da qala bilərəm. Amma yaşadığım ev qəzalı vəziyyətdədir - uçub-dağılmaq təhlükəsi var və bu da məni çox üzür. Mən dünyadan köçəndən sonra tək qızımın bu durumda qalacağı ilə barışa bilmirəm. Sizdən əvvəl müraciət etdiyim respublikanın əlaqədar səlahiyyətli təşkilatlarının adını çəkməyə lüzum görmürəm. Daha doğrusu, onların adını çəkməyə utanıram. Məgər bir şəhid ailəsinin evini təmir etdirmək  elə əlçatmaz, güc yetməz işdir?

Hörmətli redaksiya!

Ümidvaram ki, müraciətimi cavabsız qoymayacaq, şəhid ailəsinə həyan olacaqsınız.

 

Aybəniz YUSİFOVA,

Bərdə şəhəri, C.Cabbarlı küçəsi, 23 nömrəli evin sakini