Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

97-ci şəhərcik, 1170 ailəyə mənzil...

29 Noyabr 2017
İndiyədək 250 mindən artıq qaçqın və məcburi köçkünü evlə təmin edən İLHAM ƏLİYEV 34 binalı yeni yaşayış kompleksinin açılışını etdi

 

* Bu, çox böyük layihədir, 1170 ailə bundan sonra 34 çoxmərtəbəli binadan ibarət bu şəhərcikdə rahat yaşayacaq. Burada 1200 şagird yerlik bu gözəl məktəb, uşaq bağçası, musiqi məktəbi, tibb məntəqəsi tikilib. Burada rahat yaşamaq üçün bütün şərait var, infrastruktur yaradılıb - istilik, qaz, işıq, su.

 

* Köçkünlərin problemləri daim diqqət mərkəzindədir və bizim üçün prioritet təşkil edir. Bu, sayca 97-ci qəsəbədir ki, Azərbaycan dövləti köçkünlər üçün istifadəyə verir. Bu qəsəbələrdə 250 mindən çox insan evlərlə, mənzillərlə təmin edilibdir. Bu il 2300 ailə yeni mənzillərə, evlərə köçürülür, gələn il də bu proses davam etdiriləcəkdir. Gələn il ən azı 4 min köçkün ailəsi yeni mənzillərə, evlərə köçürüləcəkdir. Bu, Azərbaycan dövlətinin siyasətini göstərir.

 

* Bu il köçkünlərin həyatında önəmli hadisə baş vermişdir. Uzun fasilədən sonra Cocuq Mərcanlı kəndinə həyat qayıtdı. Cocuq Mərcanlı kəndinin bərpası istiqamətində indi son addımlar atılır. Birinci mərhələdə biz bu il 50 evin istifadəyə verilməsini qeyd etmişik. Mən o mərasimdə iştirak etmişəm. İndi isə əlavə 100 evin tikintisi başa çatıb və tezliklə o evlərə də Cocuq Mərcanlı kəndinin sakinləri yerləşəcəklər. Orada da bütün infrastruktur yaradılıb, məktəb, tibb məntəqəsi, Şuşa məscidinin bənzəri olan məscid tikilib. Yəni, Cocuq Mərcanlıya həyat qayıdıb. Cocuq Mərcanlı kəndinin bərpası xüsusi məna, rəmzi xarakter daşıyır. Onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan dövləti heç vaxt işğalla barışmayıb və barışmayacaq.

 

* Keçən il Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirərək minlərlə hektar torpağı düşməndən azad etmişdir və bundan sonra Cocuq Mərcanlıda yaşamaq mümkün olmuşdur. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir, Azərbaycan əsgərinin qələbəsidir, Azərbaycan dövlətinin qələbəsidir. Biz bütün dünyaya bir daha sübut etdik ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, bunu beynəlxalq reytinqlər də qeyd edir. Bir daha sübut etdik ki, heç vaxt Azərbaycan indiki vəziyyətlə barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcəkdir.

 

* Ermənilər bu ərazilərə XIX əsrdə köçürülmüşdür. Bunu əks etdirən bir çox tarixi sənədlər var Bu, elmi kitablarda da öz əksini tapıb. 1978-ci ildə tikilən və ermənilərin İrandan Dağlıq Qarabağa köçürülməsini əks etdirən abidə də bunu təsdiqləyir. O vaxt ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illik yubileyi qeyd olunmuş və bunu əks etdirən abidə ucaldılmışdır. Münaqişə başlayan kimi ermənilər o abidəni dağıtmışlar. Ancaq axıra qədər dağıda bilməmişlər. O abidənin qalıqları tapılıb, bərpa edilib və əyani sübut kimi artıq qorunur. Bu, bütün dünyaya göstərir ki, ermənilər bu ərazidə gəlmə millətdir, köçürülüblər. Necə köçürülüblər, kim tərəfindən köçürülüblər - biz bunu da yaxşı bilirik və tarix bunu təsdiqləyir.

 

* Bu yaxınlarda Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə görüşündə qəbul edilmiş yekun Bəyannamədə də Şərq Tərəfdaşlığına üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü bir daha təsdiqlənib və dəstəklənib. Bu, bizim böyük diplomatik nailiyyətimizdir. Ona görə münaqişənin həlli yolları bu tarixi həqiqətə, ədalətə və beynəlxalq hüquqa əsaslanmalıdır. Əminəm ki, belə də olacaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Heç vaxt biz imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın.

 

* Biz öz torpağımızda yaşayırıq, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycana məxsus olan ərazidir, torpaqdır. İndi biz sizinlə bu torpaqda - işğalçılardan azad edilmiş torpaqda görüşürük. Burada Azərbaycan vətəndaşları yaşayacaq və Azərbaycan bayrağı dalğalanır.