Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sabirabadda Bayraq Muzeyi istifadəyə verilib

28 Noyabr 2017
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonunda Bayraq Muzeyinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə millilik, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi yer tutur. Bu baxımdan bölgələrdə də üçrəngli bayrağımızın şərəfinə meydanlar, muzeylər yaradılır və xüsusi layihələr həyata keçirilir.

Məlumat verildi ki, Sabirabad Bayraq Muzeyinin inşasına 2017-ci ilin fevralında başlanılıb və sentyabrda başa çatdırılıb. Muzeyin binası iki sərgi zalından və müxtəlif yardımçı otaqlardan ibarətdir. Sərgi zallarında 6 bölmə yaradılıb. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi və bayraqları, orta əsrlərə aid döyüşçülərin geyimləri, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycanın Xalq Cümhuriyyəti, SSRİ və müstəqillik dövrünün konstitusiyaları, gerbləri, bayraqları, poçt markaları, orden və medallar nümayiş olunur.

Diqqətə çatdırıldı ki, Bayraq Muzeyinin yerləşdiyi meydanın ərazisi son vaxtlar genişləndirilərək iki hektara çatdırılıb. Hündürlüyü 97 metr olan dövlət bayrağı dirəyinin postament hissəsinin ətrafı abadlaşdırılıb və yaşıllıq salınıb, yeni işıqlandırma sistemi yaradılıb, uşaqlar üçün attraksionlar qoyulub. Meydandakı iki fəvvarə yenidən qurulub.