Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

UNEC-in rektoru: Təhsil əmək bazarının tələblərinə uyğun təşkil edilməlidir

28 Noyabr 2017
Noyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Tələb işəgötürənlərdən - təklif UNEC-dən” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, universitetin rektoru, professor Ədalət Muradov dövlət başçısının “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda insan kapitalının inkişaf etdirilməsini təhsil sisteminin əsas məqsədi kimi qarşıya qoyduğunu bildirib. İnsan kapitalının inkişafında ən vacib elementlərindən birinin praktik vərdişlərə yiyələnmək olduğunu deyən rektor, UNEC-in işəgötürənlərin irəli sürdüyü tələblərə cavab verən təkliflərlə çıxış etməyə hazır olduğunu vurğulayıb, bu istiqamətdə qarşıya çıxan problemlərdən danışıb. Ə.Muradov hər yeddiildənbir mövcud ixtisasların 50 faizinin dəyər və əhəmiyyətini itirdiyini diqqətə çatdırıb. “Təhsil əmək bazarının tələblərinə uyğun təşkil edilməlidir”, - deyən rektor hazırda bu istiqamətdə kadr hazırlığı həyata keçirildiyini bildirib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda əmək bazarındakı mövcud problemlərdən bəhs edib. Bu istiqamətdə tədqiqatların aparıldığını diqqətə çatdıran nazir bildirib ki, ixtisasların sürətlə dəyişməsi kadr hazırlığının təkmilləşdirilməsini tələb edir. S.Müslümov bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə UNEC arasında əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, kadr hazırlığı beynəlxalq tələblərə görə yox, yerli əmək bazarının tələblərinə uyğun təşkil olunmalıdır. Nazir tədrisdə vergi və vergiqoyma, mühasibat və təhlil, iqtisadi hüquq, informasiya texnologiyaları fənlərinə xüsusi önəm verilməsinin vacibliyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov ölkəmizdə könüllülük hərəkatının gənclərin həyatında və onların ixtisaslaşmasında mühüm rolundan danışıb. Qeyd olunub ki, könüllülük hərəkatında təcrübə keçən tələbə və məzunların “Asan kadr” platforması yaradılıb. Bu vaxtadək təxminən 900 gənc “Asan kadr” platforması xətti ilə işə qəbul olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev əmək bazarında yeni tələblərin öyrənilməsinin vacibliyindən danışıblar.

Tədbirdə virtual əmək birjası və “UNEC2B” platformasının təqdimatı keçirilib.

Sonda UNEC ilə ASK, Auditorlar Palatası və Azərbaycan Bank Tədris Mərkəzi arasında əməkdaşlıq haqqında müqavilələr imzalanıb. Sənədləri UNEC-in rektoru Ədalət Muradov, ASK-nın prezidenti Məmməd Musayev, Auditorlar Palatasının sədri Vahid Novruzov və Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev imzalayıblar.