Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Diplomatik məharətin və siyasi qətiyyətin təntənəsi

28 Noyabr 2017
 

Prezident İlham Əliyevin xarici siyasət strategiyası Azərbaycanı müasir beynəlxalq münasibətlər sisteminin fəal aktoruna çevirib

 

Qloballaşan dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan, mövqeyi nəzərə alınan müstəqil Azərbaycan region ölkələri, dünyanın aparıcı dövlətləri və üzvü olduğu beynəlxalq təşkilatlarla qarşılıqlı etimada əsaslanan münasibətlərini inkişaf etdirməklə yanaşı, xarici siyasətin yeni vektorlarına uyğun olaraq fəal diplomatiya nümayiş etdirir.

 

Bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq

 

Müstəqil xarici siyasət suverenliyin təminatıdır. Qlobal miqyasda geosiyasi mənzərənin sürətlə dəyişdiyi bir vaxtda bu məsələ daha da aktuallaşır. Çünki hər bir müstəqil dövlətin həyata keçirdiyi özünəməxsus siyasətin əsas istiqamətini milli maraqlar təşkil edir. Son illər Azərbaycanda həyata keçirilən uğurlu xarici siyasət sayəsində həm onun ətrafında əlverişli xarici mühit formalaşdırılıb, həm də milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün unikal əməkdaşlıq məkanına çevrilib.
Bütün bunlar Prezident İlham Əliyevin mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirməsi ilə səciyyələnir. Əldə edilən nəticələr Azərbaycanın qarşısına növbəti yeni vəzifələr qoyur və ölkənin uzunmüddətli maraqlarının reallaşması baxımından yeni imkanlar açır. Ötən həftə Azərbaycanın siyasi həyatında baş verən iki mühüm hadisə isə ölkə diplomatiyasının növbəti uğurları sırasına yazılmaqla barabər milli maraqların reallaşması baxımından da önəmli gerçəklik oldu.

 

NATO-nun mənzil-qərargahına altıncı səfər

 

Noyabrın 23-də Prezident İlham Əliyev altıncı dəfə NATO-nun mənzil-qərargahına səfər etdi. Dövlət başçısı öncə təşkilatın baş katibi Yens Stoltenberqlə görüşərək 23 illik tarixə malik Azərbaycan-NATO tərəfdaşlığının uğurlu nəticələri və gələcək planlarla bağlı ətraflı müzakirə apardı. Sonra cənab İlham Əliyev baş katiblə birlikdə mətbuata bəyanatla çıxış etdi.
Yens Stoltenberq Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına qoşunlar, tranzit imkanları və Əfqanıstan milli təhlükəsizlik qüvvələrinə maliyyə dəstəyi formasında Azərbaycanın verdiyi davamlı dəstəyə görə cənab İlham Əliyevə minnətdarıq edərək bildirdi ki, NATO ilə Azərbaycan arasındakı tərəfdaşlığın başlanğıcı uzun illər bundan öncəyə təsadüf edir. Bu tərəfdaşlığın təməli demokratik dəyərlərə və prinsiplərə sadiqlik əsasında qoyulub. Baş katib həmçinin Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq NATO-nun münaqişənin həllinin danışıqlar yolunun davam etdirilməsini və vəziyyətin gərginləşməsinə yol verilməməsini dəstəklədiyini vurğuladı.
Həmin gün Prezident İlham Əliyev NATO-nun Şimali Atlantika Şurasının iclasında da iştirak etdi. Şuradakı 29 müttəfiq ölkənin nümayəndələrinin qarşısında çıxış edən Azərbaycan Prezidenti bir daha münaqişənin həlli istiqamətində aparılan danışıqlara toxunaraq Ermənistanın işğal edilmiş torpaqlarımızda törətdiyi hərbi cinayətlər, Xocalı soyqırımı, günahsız insanların qətlə yetirilməsi barədə ətraflı məlumat verdi. Prezident bir daha BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsinin icra edilmədiyini və Ermənistanın status-kvonu saxlamaq niyyətində olduğunu diqqətə çatdırdı.
Dövlət başçısı ölkəmizlə NATO arasında əməkdaşlığın böyük potensialının olduğunu deyərək Azərbaycanın regionda sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün bu tərəfdaşlığı davam etdirdiyini vurğuladı.

 

Avropa İttifaqı ilə tərəfdaşlıq əsas prioritetlərdən biridir

 

Noyabrın 24-də isə Prezident İlham Əliyev Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinə qatıldı.
Öncə onu qeyd edək ki, Şərq Tərəfdaşlığı Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsdür. Şərq Tərəfdaşlığı Azərbaycan da daxil olmaqla, Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Budəfəki sammitdə Avropa İttifaqına üzv dövlətlər altı Şərq tərəfdaşı ölkəsinin dövlət və hökumət başçıları ilə gələcək əməkdaşlığı müzakirə ediblər. Onlar həmçinin Riqa sammitindən sonrakı nailiyyətləri qiymətləndiriblər. Artıq Şərq Tərəfdaşlığına doğru nəticələrə yönəlmiş yanaşmanı dəstəkləmək üçün Avropa İttifaqı 2020-ci ilədək əldə olunacaq 20 əsas nəticəni müəyyənləşdirib. Əsas mərhələlərin isə məhz Brüssel sammitində müəyyənləşdirilməsi nəzərdə tutulmuşdu.
Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu ilin fevralında Azərbaycan yeni sazişlə bağlı fəal danışıqlara başlayıb. Yaxın zamanlarda danışıqların uğurla başa çatacağı gözlənilir. Bu isə Aİ ilə Azərbaycan arasında əməkdaşlığı davam etdirmək üçün yaxşı imkanlar yaradacaq.

 

20 milyard dollardan çox investisiya, strateji tərəfdaşlıq bəyannamələri

 

Sammitdə çıxış edən dövlət başçısı bildirdi ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır: “Ticarətimizin, demək olar ki, 50 faizini üzv ölkələrlə olan ticarət təşkil edir. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bu, bizim yaxşı investisiya mühitinə malik olduğumuzu nümayiş etdirir. Avropa şirkətləri bizim iqtisadiyyatımızı dəstəkləmək üçün çox maliyyə vəsaiti yatırmağa hazırdır”.
Azərbaycanın üzv dövlətlərlə ikitərəfli formatda əlaqələrini fəal şəkildə inkişaf etdirdiyini bildirən Prezident vurğulayıb ki, ölkəmiz Avropa İttifaqına üzv 9 dövlət ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu isə o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir: “Bu, gənc müstəqil ölkə üçün çox vacibdir və əlbəttə ki, biz Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmanı strateji əlaqələrin gücləndirilməsində daha bir mühüm mərhələ hesab edirik”.

 

İqtisadiyyatın inkişafı müstəqillik üçün güclü təməldir

 

Dövlət başçısı Azərbaycanın siyasi və iqtisadi islahatlar siyasətini davam etdirdiyini, demokratiyanın inkişafına, insan haqlarının qorunmasına böyük önəm verdiyini və buna ciddi şəkildə sadiq olduğunu diqqətə çatdırdı: “Eyni zamanda, biz iqtisadiyyatımızı dəyişdiririk. Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı həm də bizim müstəqilliyimiz üçün güclü təməldir.
İqtisadi cəhətdən müstəqil olanda, sözsüz ki, daha müstəqil xarici siyasət yürütmək olar. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. 2004-cü ildən ümumi daxili məhsul 3 dəfədən çox artıb. Biz işsizlik səviyyəsini 5 faizə endirməyə nail olmuşuq. Xarici borc ümumi daxili məhsula nisbətdə 20 faizdən də aşağı səviyyədədir. Bizim yaxşı kredit reytinqlərimiz var. Davos Dünya İqtisadi Forumu iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyinə görə ölkəmizi 35-ci yerə layiq görüb”.

 

Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirəcək layihə

 

Prezident İlham Əliyev sammitdə Azərbaycanın enerji siyasəti, həmçinin təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq layihələr barədə də məlumat verdi. Qeyd etdi ki, genişmiqyaslı enerji layihəsi olan “Cənub qaz dəhlizi” uğurla inkişaf edir. Dəyəri 40 milyard dollardan artıq olan bu layihə əlavə həcmdə təbii qaz hasil etməyə və bunu Azərbaycandan Avropa bazarlarına nəql etməyə imkan verəcək. 3500 kilometrlik qaz xətti yeni marşrut olacaq və Avropa bazarlarına yeni mənbədən qaz nəql edəcək. Bu, enerji təhlükəsizliyi siyasəti ilə bərabər, enerji şaxələndirilməsi siyasətidir, çünki Azərbaycanın qaz yataqlarından hasil ediləcək qaz Avropanın yeganə yeni təbii qaz mənbəyi olacaq və sözsüz ki, Avropa qitəsinin enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirəcək. Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir və bu, qarşıdakı onilliklərdə Avropaya təbii qaz nəql etmək üçün yetərli olacaq: “Azərbaycan “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsi təşəbbüsünü irəli sürdü və biz layihəyə verdiyi davamlı dəstəyə görə Avropa Komissiyasına minnətdarıq. Bu dəstək və layihənin Avropa maliyyə institutları tərəfindən maliyyələşdirilməsi onun uğurla həyata keçirilməsi üçün böyük əhəmiyyət kəsb edir”.
Dövlət başçısı oktyabrın 30-da Bakıda təntənəli açılış mərasimi ilə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən də söz açaraq vurğulayıb ki, Azərbaycan həm də Avropanı Asiya ilə dəmir yolu ilə birləşdirən ölkəyə çevrilib. Enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, iqtisadi inkişaf - bütün bunlar ölkəmiz üçün vacib maraq kəsb edən və əsas prioritet olan sahələrdir.
Azərbaycanın Avropa dəyərlərini paylaşan bir ölkə olduğunu deyən Prezident əminliklə vurğulayıb ki, qarşıdakı illərdə ölkəmizlə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla davam edəcək və tezliklə müstəqil Azərbaycanın qarşısında yeni imkanlar açacaq saziş imzalanacaq.

 

İşğalçı Ermənistanın daha bir acı məğlubiyyəti

 

Son illərdə beynəlxalq birlik tərəfindən ciddi təpkilər alan işğalçı Ermənistana Avropa İttifaqı da ağır zərbə vurdu. Sammitin Birgə Bəyannaməsində bu ölkənin işğalçı siyasəti qətiyyətlə pislənildi.
Qeyd edək ki, sammitdən bir neçə gün əvvəl Ermənistanın və Avropa Parlamentində antiazərbaycançı qüvvələrin dəstəyi ilə tövsiyə xarakterli sənəd qəbul olunmuşdu. Ermənistan tərəfi gülünc formada ermənipərəst lobbi dairələrinin dəstəyi ilə ərsəyə gələn bu tövsiyə sənədini Ermənistan diplomatiyasının qələbəsi kimi təqdim edirdi. Brüssel sammitində qəbul olunan Birgə Bəyannamədə bu “tövsiyə”lərin heç biri öz əksini tapmadı. Ermənistanın və erməni lobbi dairələrinin cidd-cəhdlərinə baxmayaraq, imzalanan Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəkləndi. Bəyannamədə deyilir: “Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməyə dair öhdəliklərinə sadiqdir”.
Sənəddə regionun bir çox bölgələrində beynəlxalq hüququn prinsiplərinin pozulmasına narahatlıq ifadə olunur və mövcud münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dəstək ifadə edilir.
Xüsusi vurğulanmalıdır ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Xatırladaq ki, bu Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilib.
Birgə Bəyannamənin digər bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb. Ermənistan tərəfinin bu bəndə onun işğalçı maraqlarına cavab verən maddələrin əlavə edilməsi cəhdləri puça çıxıb.
Əlbəttə ki, hər bir beynəlxalq təşkilat tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması faktının vurğulanması Prezident İlham Əliyevin diplomatik qələbəsidir. Çünki dövlət başçısının rəhbərliyi altında aparılan uğurlu xarici siyasət dünya birliyinin, çox mötəbər beynəlxalq təşkilatların münaqişənin həll olunması ilə əlaqədar beynəlxalq hüquqa uyğun qərarın qəbul olunması istiqamətində fikrinin formalaşmasına ciddi şəkildə təsir göstərir. Bütün bunlar isə cənab İlham Əliyevin xarici siyasət strategiyasının uğurlu davamının və müstəqil dövlətimizin dünya birliyindəki mövqelərinin getdikcə möhkəmləndiyinin bariz təcəssümüdür.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”