Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Dövlət Universiteti növbəti dəfə əməkdaşlarının əməkhaqqını artırdı

27 Noyabr 2017
Bakı Dövlət Universitetində (BDU) keçirilən iclasda bu ali məktəbin bütün əməkdaşlarının əməkhaqqının növbəti dəfə artırılması ilə bağlı qərar qəbul edilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, qərara əsasən, BDU-da inzibati idarəetmədə çalışan rəhbər heyətin, dekan, dekan müavinləri, kafedra müdirləri, professor və dosentlər, baş müəllim və müəllimlər, elmi işçilər, o cümlədən digər əməkdaşların və “Gənc istedadlar” liseyi kollektivinin əməkhaqqı dekabr ayının 1-dən 130 manatadək artırılıb. Artım ümumilikdə universitetin üç mindən çox əməkdaşına şamil olunub.

Bundan əlavə hər il mütəmadi olaraq bütün kafedralarda fakültə dekanı, tədris-metodik şurası və fakültə həmkarlar təşkilatı sədrlərinin iştirakı ilə iclaslar keçirilir, hər müəllimin son üç ildə elmi, tədris və ictimai fəaliyyəti təhlil edilir. Tələbələrin anket sorğusunun nəticələri nəzərə alınmaqla, fərqlənmiş əməkdaşların əməkhaqqı cari ilin sonunadək differensasiya yolu ilə 100 manat artırılır və proses təxminən 300 nəfərə şamil olunur.

Qeyd edək ki, 90-dan artıq beynəlxalq və yerli, o cümlədən universitetdaxili “50+50” və fərdi qrant layihəsi ilə işləyən bir çox müəllimlərin əməkhaqqı üç min manatdan çoxdur.