Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dünya yenə də Bakıda birləşəcək

17 Noyabr 2017
 

Beynəlxalq ictimaiyyət Birinci vitse-prezident Mehriban Əliyevanın təqdimatında ölkəmizin “Expo 2025”ə layiqli evsahibliyi etmək imkanını yüksək qiymətləndirir

 

Qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə malik müstəqil Azərbaycan bu gün sürətlə inkişaf edən ölkə kimi dünyanın diqqət mərkəzindədir.
Şərqlə Qərb arasında körpü, dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunan Odlar Yurdu əbəs yerə “Qafqazın mirvarisi” adlandırılmır.
Bununla yanaşı, respublikamız dünyada həm də müxtəlif sahələrə aid mötəbər beynəlxalq tədbirlərin, konfrans və forumların, idman yarışlarının, sərgilərin yüksək səviyyədə keçirildiyi ölkə kimi tanınır. Ölkəmizin indiyədək iştirak etdiyi bütün beynəlxalq sərgilərdəki pavilyonları və stendləri həm təşkilatçılar, həm də iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Bu tədbirlərdə Azərbaycan layiqincə təmsil olunub, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri geniş təbliğ edilib, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
Beynəlxalq tədbirlər məkanı statusunu qazanan Azərbaycan daha bir möhtəşəm tədbirə evsahibliyi etmək iddiasındadır. Azərbaycan hökuməti Bakının 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə (“Expo”) evsahibliyi etməsi üçün namizədliyini təqdim edib.

 

166 illik Ümumdünya Sərgisi: yaranma tarixi və məqsədi

 

Ümumdünya Sərgisi və ya “Expo” - xalqların nailiyyətlərini nümayiş etdirmək üçün beynəlxalq sərgidir. Bu sərgilər xarakterə görə fərqlənir və dünyanın müxtəlif yerlərində keçirilir. Sənayeləşdirmə simvolu olan beynəlxalq sərgi texniki və texnoloji nailiyyətləri nümayiş etdirmək üçün açıq platformadır.
1928-ci ildə Beynəlxalq Sərgilərə dair Konvensiyanın qüvvəyə minməsi ilə Beynəlxalq Sərgilər Bürosu Ümumdünya Sərgisi üçün beynəlxalq idarəedici orqan kimi xidmət edir. Beynəlxalq Sərgilər Bürosu tərəfindən təsdiqlənmiş sərgilər üç növdən ibarətdir: universal, beynəlxalq və bağçılıq. Onlar adətən üç həftədən altı aya qədər davam edir.
İlk Ümumdünya Sərgisi Böyük Britaniya şahzadəsi Konsort Albertin təşəbbüsü ilə 1851-ci ildə Londonun məşhur Hayd-parkında keçirilib. Sərgi cəmiyyətin bir çox aspektlərinin, o cümlədən incəsənət və dizayn təhsilinin, beynəlxalq ticarətin və əlaqələrin, həmçinin turizmin inkişafına təsir edib. 1851-ci ildə yarandığı gündən bəri Ümumdünya sərgilərinin təbiəti üç dövrə bölünür: sənaye dövrü (1851-1938), mədəniyyət mübadiləsi dövrü (1939-1987) və milli brending dövrü (1988-ci ildən bugünədək).

 

Azərbaycan 2000-ci ildən “Expo” hərəkatının fəal üzvüdür

 

Ümumdünya Sərgisi bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəlifliyi sərgiləmək üçün bir imkandır. Bu sərgilər qlobal müzakirələr və əməkdaşlıq üçün bütün beynəlxalq ictimaiyyəti nadir bir məkanda bir araya gətirir. Azərbaycan 2000-ci ildən etibarən “Expo” hərəkatının fəal üzvüdür.
Ölkəmiz ilk dəfə “Hannover Expo 2000” sərgisində iştirak edib. Respublikamızın “Milan Expo 2015”dəki pavilyonunu sərgi günlərində 3 milyondan çox insan ziyarət edib. Türkiyədə təşkil olunan “Antalya Expo 2016” Beynəlxalq Botanika Sərgisində də Azərbaycan milli pavilyonu iştirakçılarda böyük maraq doğurub.
Qazaxıstanda keçirilən “Astana Expo 2017” Beynəlxalq Sərgisində isə ölkəmiz “Enerji Yurdu - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunub. Azərbaycan iştirak etdiyi sərgilərdə Beynəlxalq Sərgilər Bürosu tərəfindən mükafatlandırılıb.

 

Bakı Ümumdünya Sərgisinə namizəd şəhər oldu

 

Noyabrın 14-də isə Parisdə Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə qəbul təşkil edilib. Tədbirdə iştirak edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva diqqətə çatdırıb ki, ölkəmiz qitələrin və sivilizasiyaların kəsişməsində yerləşib. Avropa və Asiyanın qovuşuğunda yerləşən Azərbaycan Şərqlə Qərb, Şimal ilə Cənub arasında ticari, siyasi və mədəni körpü rolunu oynayır. İki min il ərzində qədim İpək yolu bugünkü Azərbaycandan keçib. Ümumdünya Sərgisi kimi bu yol bilik və bacarıqların paylaşılması üçün əhəmiyyətli bir dəhliz olub. Bu, ölkəmizin tarixini, mədəniyyətini və tolerant imicini formalaşdırıb.
Birinci vitse-prezident Mehriban Əliyeva vurğulayıb ki, Azərbaycan hazırda dünyanın üzləşdiyi bir çox ciddi problemlərin daha səmərəli həll olunmasına imkan verəcək müxtəlif mədəniyyətlərə və dinlərə mənsub olan insanlar arasında daha yaxşı anlaşmanı təşviq etmək üçün beynəlxalq platforma yaradır. Tariximiz və bugünkü reallıq bunun mümkünlüyünü sübut edir. Bunu Azərbaycanın təşəbbüsü ilə başlanan və BMT, UNESCO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı və ISESCO kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən Dünya Mədəniyyətlərarası Dialoq Forumu da təsdiqləyir. Bu siyasətə uyğun olaraq Azərbaycanda 2016-cı il “Multikulturalizm ili”, 2017-ci il isə “İslam həmrəyliyi ili” elan edilib. 2015-ci ildə keçirilən I Avropa Oyunları və bu ilin əvvəlində təşkil olunan IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi yüksək töhfədir.

 

Azərbaycan “Expo 2025”ə evsahibliyi etmək üçün ən yaxşı məkanlardan biridir

 

Azərbaycanın Birinci vitse-prezidenti ölkəmizin bu universal platformaya evsahibliyi iddiasının səbəblərini də açıqlayıb. Bildirib ki, Azərbaycan yüksələn xətlə inkişaf edən dövlətdir və indi ölkəmizin iddiası 2025-ci ildə Ümumdünya Sərgisinə evsahibliyi etmək və bütün dünyanı qəbul etmək hüququnu qazanmaqdır: “Bizim “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusu həqiqətən hamını narahat edən bir məsələdir. Bu mövzu dövrümüzün əsas çağırışını - texnologiyanın və artan bağlılığın bəşəriyyətə təsirini əhatə edir. “Bakı Expo 2025” sərgisində, düşünürük ki, texnologiyadan daha uzağa baxmaq, diqqətimizi rəhbərlərdən sıravi vətəndaşlara yönəldərək iqtisadiyyatların, cəmiyyətlərin və yaradıcılığın aparıcı qüvvəsi olan insanlar üzərində cəmləşdirmək mühüm əhəmiyyət kəsb edəcək”.
Azərbaycan insanları dünyada ən güclü resurs olan insan kapitalını universal müzakirəyə çıxaracaq. Bakıda keçiriləcək Ümumdünya Sərgisi Beynəlxalq Sərgilər Bürosuna yeni bazarda yeni auditoriya ilə təmasa girmək imkanı verəcək. Bu sərgi yeni bölgədə, yeni dövrdə yeni bir tarix yazmaq imkanı yaradacaq. Bu sərgi həmçinin Azərbaycan xalqına ölkəmizin Beynəlxalq Sərgilər Bürosunun mümkün olan ən yaxşı tərəfdaşlarından biri ola biləcəyini nümayiş etdirmək fürsətini verəcək: “Azərbaycan bu universal platformaya evsahibliyi etmək üçün ən yaxşı məkanlardan biridir. Təklifimiz uğurlu olarsa, Bakı bütün Şərqi Avropa, Qafqaz və Xəzər hövzəsi regionunda Ümumdünya Sərgisinə evsahibliyi edəcək ilk şəhər olacaq”.

 

Bakının “Expo 2025” sərgisi üçün iddiasının əsas məqamları

 

Mehriban xanım Əliyeva Azərbaycanın sərgi məkanının yaradılmasına və istismarına bütün lazımi vəsaiti ayırmağa, həmçinin inkişaf etməkdə olan ölkələrin sərgidə iştirakını dəstəkləməyə hazır olduğunu vurğulayıb. Sonda isə Ümumdünya Sərgisinə evsahibliyi etmək üçün Azərbaycanın təklifini dəstəkləmək məqsədilə əsas məqamları bir daha diqqətə çatdırıb:
- Azərbaycanın müxtəlif dinlərə və etnik mənşəyə mənsub olan insanlar arasında multikulturalizm və qarşılıqlı hörmət ənənələri ilə zəngin olan qədim tarixi var.
- Avropa ilə Asiyanın kəsişməsində yerləşən, asanlıqla çıxış əldə oluna bilən coğrafi mövqeyi Ümumdünya Sərgisinin keçirilməsi üçün yeni bir məkandır.
- Azərbaycan siyasi və iqtisadi sabitliyə, maliyyə imkanlarına, yüksəksəviyyəli təhlükəsizliyə malik gənc müstəqil ölkədir.
- Sürətlə inkişaf edən infrastruktura malik Bakı şəhəri özündə tarixin və müasirliyin nadir qarışığını təcəssüm etdirir.
- Respublikamız turist axınının sürətlə artdığı və 90-dan artıq ölkənin vətəndaşlarına asan girişi və onlara elektron vizaların verilməsini təmin edən ölkədir.
- Zəngin mətbəxi, xoş iqlimi və ənənəvi qonaqpərvərliyi, əlbəttə ki, ölkənin üstünlüyüdür.
- Azərbaycanın hazırda 50 böyük şəhərlə hava əlaqəsi var, 2025-ci ilə qədər bu rəqəm 100-ə çatdırılacaq.
Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycanın paytaxtının “Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması təsadüfi deyil.

 

“İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq”

 

Bakı sərgisi 26 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərin tanıdılması üçün daha bir imkan olacaq. Bu, həmçinin bütün gənc, müstəqil ölkələr üçün çox güclü bir stimul olacaq.
2025-ci ildə Ümumdünya Sərgisini təşkil etmək Azərbaycanın səmimi istəyidir. Mehriban xanım Əliyevanın söylədiyi kimi, əgər Azərbaycan bu şərəfə layiq görülərsə, Odlar Yurdu bütün dünyanı Azərbaycanda və gözəl şəhərimiz olan Bakıda qürurla qarşılayacaq. Bu tədbir də yüksək hazırlığı ilə yadda qalacaq. Çünki Azərbaycanın artıq beynəlxalq tədbirlərə necə evsahibliyi etdiyi dünya birliyinə məlumdur. İlk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarında, “Eurovision”da yüksəksəviyyəli təşkilatçılıq buna əyani sübutdur.
Bu sərgi bəşəri müxtəlifliyi təmin edəcək və bütün millətlərə iştirak etmək imkanı yaradacaq. Bu təşəbbüs cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəklənir və 20 mindən çox könüllü “Expo 2025” sərgisində Azərbaycanın əsas gücü olacaq.

 

Bakıda möhtəşəm səkkizguşəli “Expo” kəndi salınacaq

 

Parisdə Beynəlxalq Sərgilər Bürosunun 162-ci Assambleyasında iştirak edən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov bildirib ki, hava limanına yaxın, bütün nəqliyyat infrastrukturu ilə təmin edilmiş 200 hektarlıq məkanda böyük “Expo” kəndi salınacaq. Ərazi rəmzi olaraq səkkizguşəlidir. Gələcək üçün ümid və istək nümunəsi olan bu rəmz Azərbaycanın müxtəlifliyini tərənnüm edir. Azərbaycan mədəniyyətinin digər aspektlərindən ilhamlanaraq Bakının tarixi qala divarları daxilindəki qədim şəhəri və qədim İpək yolu boyunca səyahət edən tacirlərə evsahibliyi etmiş karvansara dizaynlı pavilyonumuzu təsvir edən Elçin Əmirbəyov sərginin mədəni irsimizin bir hissəsi olan xalça naxışları ilə bəzədiləcəyini bildirib. “Expo 2025”dən sonra isə yaradılacaq infrastruktur şəhərimizin gözəl guşələrindən biri olacaq.
Onu da vurğulayaq ki, Azərbaycan “Bakı Expo 2025” sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olacaq.
Bakı ilə yanaşı, Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka və Fransanın Paris şəhərlərinin də “Expo 2025” Ümumdünya Sərgisinin keçirilməsi üçün namizədliyi irəli sürülüb.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”