Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı-Tbilisi-Qars dəmir yolu üzrə tariflər razılaşdırılır

15 Noyabr 2017
Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə olunur.

AZƏRTAC xəbər verir ki, noyabrın 15-də Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin (BTNM BA HŞB) ümumi yığıncağı keçirilir.

Tədbirdə 2017-ci il üzrə BTNM BA HŞB-nin işinə dair yekun hesabat, 2018-ci il üçün daşınma həcminə dair planın təstiqlənməsi, 2018-ci il üçün BTNM BA HŞB-nin büdcəsinin təsdiqlənməsi, 2018-ci il üçün tədbirlər planının, ümumi yığıncaq iclasları üzrə planın, 2018-ci il üçün illik üzvlük haqqının miqdarının və həmçinin BTNM BA HŞB-nin ştat cədvəlinin təsdiqlənməsi məsələləri müzakirə olunur.

Həmçinin 2018-ci il üçün BTNM üzrə tariflərin razılaşdırılması və təsdiqlənməsi, 2018-ci il üçün Bakı-Tbilisi-Qars dəmir yolu üzrə tariflərin razılaşdırlması və təsdiqlənməsi, 2017-ci il üçün BTNM BA HŞB-nin maliyyə-təsərrüfat fəaliyyətinə dair auditin keçirilməsi, BTNM BA HŞB ümumi yığıncağının və idarə heyətinin tapşırıqları çərçivəsində həlli tapılmayan məsələlər və BTNM BA HŞB-nə yeni üzvlərin qəbulu məsələləri də müzakirələrə daxil edilib.

Müzakirələrdə ölkələrarası yük axınının artırılması, həmçinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun səmərəli istifadəsi, Avrasiyada perspektiv nəqliyyat dəhlizlərindən biri kimi TBNM-in vacibliyi qeyd olunub. Eyni zamanda bu dəhlizin potensialından istifadə edilməsinin, bu istiqamətə yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb. Qeyd olunub ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Bundan sonra Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna tranzit axını güclənəcək.

“Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının sonunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin prezidenti Kanat Alpısbayev, “Gürcüstan Dəmir Yolu” SC-nin sədr müavini Aleksi Nikolaşvili, Türkiyənin Dəmir Yolunun yük daşımaları üzrə baş direktoru Veysi Kurt, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov və Batumi Dəniz Limanının baş direktorunun müavini İlyas Mukatovun iştirakı ilə müvafiq sənədlər imzalanacaq.