Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

BP-nin regional prezidenti Bakı Ali Neft Məktəbinin tələbələrinə ustad dərsi keçib

15 Noyabr 2017
Noyabrın 15-də BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə Bakı Ali Neft Məktəbinin (BANM) müəllim və tələbələrinin görüşü olub. Tədbirdə BP və digər neft şirkətlərinin nümayəndələri, eləcə də yerli və xarici media təmsilçiləri də iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, BANM-in kampusunun konqres zalında təşkil edilən tədbirdə Q.Counz “Liderlik” mövzusunda ustad dərsi keçib.

BANM-in rektoru Elmar Qasımov BP-nin regional prezidentinə bu ali məktəbə verdiyi önəmə və eyni zamanda, mühazirəsinə görə təşəkkürünü bildirib. Rektor, həmçinin BP-ni Azərbaycanda 25 illik fəaliyyəti münasibətilə təbrik edib və şirkətin ölkəmizdə sosial fəaliyyətini yüksək dəyərləndirib.

Q.Counz bildirib ki, Azərbaycanda təhsilin inkişafına, o cümlədən neft və qaz mütəxəssislərinin yetişdirilməsinə dəstək BP-nin sosial sərmayə proqramlarının əsas istiqamətlərindən biridir. O qeyd edib ki, BP-nin 2017-cil ildə işə qəbul etdiyi neft və qaz ixtisası üzrə 13 mühəndisin beşi BANM-in məzunudur, həmçinin yay təcrübəsi üçün seçdiyi 26 tələbənin 14-ü bu ali məktəbdə təhsil alır. Q.Counz, həmçinin BP-nin Azərbaycandakı 25 illik fəaliyyətindən danışıb, şirkətin tələbə və məzunlara xüsusi proqramlar vasitəsilə yay təcrübəsi və karyera imkanları yaratdığını vurğulayıb.

Daha sonra o, liderlik haqqında fikirlərini bölüşüb, əsl liderlik xüsusiyyətləri və liderliyə aparan yollar barədə tələbələrlə səmimi diskussiya aparıb. 1981-ci ildən bu günədək BP-də çalışan Q.Counz tədbir iştirakçıları ilə öz karyera təcrübəsini paylaşıb, fəaliyyətinin əsas istiqamətlərindən danışıb.