Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Neft-qaz sektoru hələ uzun illər Azərbaycanın sosial-iqtisadi inkişafının dayağı olacaq

15 Noyabr 2017
 

Azərbaycan sənaye üsulu ilə 2 milyard ton neft hasil edib. Bu, xalqımızın həyatında və dünyanın neft-qaz sənayesinin inkişaf tarixində mühüm hadisədir. Bu faktın özü ölkəmizin qədim neft diyarı, neftin vətəni olduğunu bir daha təsdiqləyir. 

Sənaye üsulu ilə neft ilk dəfə 1846-cı ildə Azərbaycanda çıxarılıb. O dövrdə ölkəmiz dünyada neftə olan tələbatın əsas hissəsini təmin edirdi. Həmin vaxtdan bəri Azərbaycan istər qurudakı, istər də dənizdəki neft-qaz yataqlarının kəşfi, işlənməsi və istismarı sahəsində bir çox ilklərə imza atıb. Təsadüfi deyil ki, keçmiş SSRİ kimi nəhəng bir dövlətdə Bakı ölkənin “Neft akademiyası” adlandırılırdı. İkinci Dünya müharibəsi illərində Azərbaycan Sovet İttifaqının əsas neft bazasına çevrilmişdi. Belə ki, müharibə illərində Bakı ölkə neftinin 70-75 faizini, benzinin 80-90 faizini verirdi. Motorlu hərbi texnika, demək olar ki, Bakının verdiyi yanacaqla işləyirdi. Başqa sözlə, 1941-1945-ci illərdə Bakı ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin vermişdi. Ümumiyyətlə, bu şəhər döyüşən ordunun cəbbəxanalarından biri idi.
Əsl möcüzə yaradaraq dünyada ilk dəfə açıq dənizdə neft çıxaran da Azərbaycan olmuşdur. 1949-cu ilin noyabr ayında Xəzərin “Qara daşlar” adlanan ərazisində fədakar Azərbaycan alimlərinin və neftçilərinin hünəri ilə ilk neft quyusu fontan vurmuşdur. Sonralar rəsmi olaraq “Neft Daşları” adını alan yatağın ərazisində polad dirəklər üstündə dünyada analoqu olmayan şəhər salınmışdır. Ehtiyatları hələ də bol olan “Neft Daşları” 70 ilə yaxındır yer üzünün insanlarını heyrətləndirməkdə davam edir.
1969-cu ildə Azərbaycana ulu öndər Heydər Əliyev rəhbərlik etməyə başlayandan sonra respublikanın neft-qaz sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Xəzərdə bir çox yeni yataqlar, o cümlədən karbohidrogenlərlə zəngin olan nəhəng “Günəşli” yatağının dayazsulu hissəsi işlənmişdir. O dövrdə respublika iqtisadiyyatının neft sektorunda ən yeni və müasir infrastruktur yaradılmışdır. Azərbaycana xaricdən qazma qurğuları, neft donanması üçün müxtəlif təyinatlı gəmilər gətirilmişdir. Ulu öndər Heydər Əliyevin adını şərəflə daşıyan Bakı Dərin Özüllər Zavodu da həmin illərin yadigarlarındandır. Belə bir nadir müəssisənin məhz Azərbaycanda tikilməsi ümummilli liderin səyi və nüfuzu sayəsində mümkün olmuşdur. Mütəxəssislərin fikrincə, əgər bu zavod olmasaydı, indi Azərbaycanın həyata keçirdiyi qlobal neft-qaz layihələri çərçivəsində işlər ən azı 5 il ləng gedərdi.
Ölkəmizdə bir milyardıncı ton neft də 1971-ci ildə ulu öndərin rəhbərliyi dövründə hasil olunmuşdur. 46 il sonra iki milyardıncı ton Azərbaycan neftinin çıxarılmasını isə Prezident İlham Əliyevin rəhbərliyi ilə təntənəli surətdə qeyd edirik. Bu, Heydər Əliyevin ideyalarının, təməlini qoyduğu işlərin ölkə iqtisadiyyatının təkanverici sahəsi olan neft-qaz sənayesində də uğurlu davamının daha bir təsdiqidir.
Bütün bunları “Əsrin müqaviləsi” nin timsalında aydın görmək olar. 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyi ilə SOCAR və dünyanın 11 aparıcı neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalanması müstəqillik yollarında ilk addımlarını atan və bir çox çətinliklərlə üz-üzə gələn ölkəmizin inkişafında əvəzsiz rol oynadı. Sonralar bu saziş “Əsrin müqaviləsi” adını aldı.
“Əsrin müqaviləsi”nin reallaşması təkcə Azərbaycan üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün də strateji əhəmiyyət kəsb etdi. Bu saziş regionda digər qlobal layihələrin gerçəkləşməsinə yol açdı, Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu.
Yeni neft strategiyası Azərbaycanın qədim neft-qaz ölkəsi kimi şöhrətini özünə qaytardı, dövlətimizin uzunmüddətli, davamlı inkişafına zəmin yaratdı. Azərbaycanın dinamik inkişaf edən, güclü və nüfuzlu ölkəyə çevrilməsində müstəsna rol oynayan bu strateji kurs Azərbaycan dövlətinin iqtisadi-siyasi qüdrətinin və beynəlxalq birliyə inteqrasiyasının, xalqımızın durmadan yüksələn sosial rifahının təminatçısı oldu. Ölkədə aparılan genişmiqyaslı quruculuq işləri, respublikanın beynəlxalq aləmdə qazandığı uğurlar həmin konsepsiyanın təntənəsinə aydın misaldır.
Azərbaycanın yeni neft strategiyası böyük uzaqgörənliklə müəyyən olunmuş bir xətt olduğu üçün getdikcə inkişaf edir, yeni bəhrələr verir. Bu ilin sentyabr ayında AÇG üzrə yeni müqavilə imzalandı. Əvvəlki tərəfdaşlarla razılaşdırılmış şərtlər əsasında layihənin müddəti əsrin ortasınadək uzadıldı. Beləliklə, növbəti 32 il ərzində AÇG blokunun Azərbaycana gətirdiyi iqtisadi mənfəətlər maksimuma çatdırılacaq. Yeni müqavilənin şərtləri 23 ildən bəri ölkəmizin artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaşların Azərbaycana inamını təsdiqləyir və bu müddət ərzində formalaşmış beynəlxalq tərəfdaşlığı yeni müstəviyə qaldırır.
Azərbaycanın yeni neft strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir və günün tələbləri baxımından yeni istiqamətlərdə inkişaf etdirilir. Azərbaycanın həyata keçirdiyi qlobal neft-qaz layihələri ötən illər ərzində AÇG, Bakı-Tbilisi-Ceyhan neft kəməri, “Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan qazı ixrac edən Bakı-Tbilisi-Ərzurum kəməri layihələrinin təcrübəsinə əsaslanır.
Azərbaycan dünyada həm də qaz ixrac edən ölkə kimi tanınır. “Şahdəniz” yatağından 10 ildən çoxdur mavi yanacaq hasil olunur. Üç il əvvəl - “Əsrin müqaviləsi”nin 20 illiyi qeyd edilən gün “Cənub qaz dəhlizi”nin təməli qoyuldu.
Gələn il “Şahdəniz-2”dən alınacaq qazı nəql etmək üçün CQBK-nın (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilməsi yekunlaşmaq üzrədir. Transanadolu Qaz Boru Kəmərinin (TANAP) və Transadriatik Qaz Boru Kəmərinin (TAP) çəkilişi davam edir.
Azərbaycan bu layihələrin təşəbbüskarıdır və onları tərəfdaşları ilə birlikdə həyata keçirir. 1990-cı illərin ortalarında Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı möhkəmlənmişdir. İndi bu format daha da genişlənmişdir və “Cənub qaz dəhlizi” layihəsində artıq 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya və Albaniya iştirak edir. Layihəyə Balkan ölkələri də maraq göstərir. Bu il noyabrın 8-də Bakıdakı Heydər Əliyev Mərkəzində Azərbaycanda 2 milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycanın timsalında eyni zamanda göstərilir ki, dövlət və xarici sərmayədarlar birlikdə necə iş qurmalıdırlar? Bu iş hansı prinsiplər əsasında qurulmalıdır? Burada da Azərbaycan bir nümunədir... Həm investorlar, Azərbaycana milyard dollarlarla vəsait qoyan konsorsiumlar, həm Azərbaycan dövləti böyük gəlir əldə edir. Burada hər iki tərəf fayda götürür və uğurlu əməkdaşlığın təməlində məhz bu dayanır”.
Başqa sözlə, Avropanın bir çox ölkələrindəki istehlakçıların Azərbaycan qazını alacaqları gün uzaqda deyil. Yeri gəlmişkən, Azərbaycanın özünü və bölgəni hələ 100 il bundan sonra mavi yanacaqla təmin edə biləcək qaz ehtiyatları var. Neft yataqlarından da hasilat ahəngdar davam edir.
Odur ki, qurudakı mədənlərdə, Xəzərdəki estakada və meydançalarda, özül və platformalarda çalışan fədakar insanlar - Azərbaycan neftçiləri yenə əmək növbəsindədirlər.
Azərbaycan neftinin Bibiheybətdən, Balaxanıdan, Ramanıdan, Pirallahıdan başlanan salnaməsi “Azəri-Çıraq-Günəşli” kimi nəhəng yataqlar blokuna qədər gəlib çatıb və yeni-yeni səhifələrlə zənginləşməkdədir. Təbiət Azərbaycan neftçisinə daha bir şans verib. O, eyni zamanda, ehtiyatları onilliklərə hesablanmış qaz yataqlarında çalışır. Prezident İlham Əliyev bu fədakar insanların əməyini yüksək dəyərləndirərək noyabrın 8-də Heydər Əliyev Mərkəzindəki çıxışında demişdir: “Neftçi Azərbaycanda çox şərəfli və hörmətli peşədir. Mən Azərbaycan neftçilərinin Azərbaycanın ümumi inkişafında rolunu çox yüksək qiymətləndirirəm”.
Bu inkişaf Azərbaycanın hər bir vətəndaşının həyatında, dolanışığında özünü göstərir. Çünki ölkəmizdə neft gəlirlərindən düzgün və məqsədyönlü şəkildə istifadə olunur. 1999-cu ildə yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fondu dünyadakı ən şəffaf neft fondlarındandır. Ulu öndər Heydər Əliyev uzaqgörən siyasət həyata keçirərək neftdən əldə olunan gəlirləri xalqın ən ümdə problemlərinin qısa müddətdə həllinə yönəltmişdir. Bu uğurlu xətt indi Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilir. Neft gəlirləri iqtisadiyyatın şaxələndirilməsinə, o cümlədən qeyri-neft sektorunun inkişafına imkan verib. Azərbaycan nefti, əsasən AÇG nefti hesabına ölkədə yeni müasir yollar və möhtəşəm körpülər salınıb. Qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələr tikilib. Bütün sahələrdə yeni infrastruktur qurulub. Təkcə son illərdə neft gəlirləri hesabına Azərbaycanın paytaxtı dünyanın ən böyük şəhərlərindən birinə çevrilmiş, bölgələri abadlaşmışdır. 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, 50-dən çox olimpiya mərkəzi tikilmiş, ümumi uzunluğu 11 min kilometrdən çox yollar salınmışdır.
Bir sözlə, Azərbaycan neft kapitalını insan kapitalına çevirə bilmişdir.

Flora SADIQLI,
“Azərbaycan”