Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Halal əməyin sevinci

15 Noyabr 2017
 

Neftçalalı pambıqçı-fermer Əlihüseyn Hacıyev dövlət başçısına verdiyi sözə əməl etdi

 

Onun əməksevərliyi, işgüzarlığı, doğulub boya-başa çatdığı Boyat kəndinə bağlılığı, camaatın xeyrinə-şərinə yaraması, bir də yaxşı ovçu olması barədə çox eşitmişdik. Yaxından tanışlığımız isə bu ilin iyul ayının sonlarında oldu. Ən çox pambıq əkib-becərənlər haqqında yazı hazırlamaq istədiyimizi bildirəndə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev ilk olaraq Əlihüseyn Hacıyevin adını çəkdi.
Boyat kənd inzibati ərazi nümayəndəsi Asif Qədirovla birlikdə Ə.Hacıyevin iş sahəsinə yollandıq. Kollektorun kənarındakı torpaq yolla irəlilədikcə biçilən taxıl, yonca, məhsulu yığılan bostan sahələri arxada qalırdı. Döngələr, keçidlər çox olduğu üçün avtomobili ehtiyatla idarə edən ərazi nümayəndəsinin diqqətini yayındırmamaqdan ötrü susmağa üstünlük verəndə sükutu özü pozub Ə.Hacıyev haqqında danışmağa başladı:
- 63 yaşının olmasına baxmayaraq, il boyu bu çöllərdən, düzlərdən əl çəkmir, fikri-zikri həmişə torpağın yanındadır. Bütün fəsillərdə onu həmişə iş üstündə, sahədə görərsən. Bəlkə, bu, ondan irəli gəlir ki, ağlı kəsəndən həmişə kənd təsərrüfatına bağlı, torpaqla ünsiyyətdə olub. Sovetlər birliyi zamanında kəndimizdəki “1 May” kolxozunda briqadir, aqronom, sonra sədr işləyib. Hansı vəzifədə işləməsindən asılı olmayaraq, kənd əhalisi, rəhbərlik etdiyi təsərrüfatın üzvləri ilə səmimi münasibət yaradıb, camaatın hörmətini qazanıb, çalışıb ki, hər şey hamının ürəyincə olsun. İndinin özündə də adamların çətinliyi olanda qabağa düşüb ağsaqqallıq edir. Bu adam pambıq bitkisinin vurğunudur. Bir azdan özünüz görəcəksiniz. Keçən il ürəyində əməliyyat aparıblar, amma yenə sahələrdədir.
Uzaqda bir neçə söyüd ağacı görünür. Yol yoldaşım bildirir ki, az qalıb, çatırıq. Sonra Əlihüseynə zəng vurur. Demə, o da bizi gözləyirmiş.
Qızmar günəşin təsirindən sifəti qıpqırmızı qızarmışdı. Adını eşidib üzünü birinci dəfə görsəm də, köhnə tanışlar kimi görüşüb hal-əhval tutduq. Söyüdlü arxın kənarındakı pambıq sahəsində qız-gəlinlər ketmən vururdular. Söhbətimizin ilk anındaca hiss etdik ki, ürəyi sözlə doludur.
Xatirələri qanad açıb onu keçmiş aylara, illərə apardı. Keçən əsrin 50-60-cı illərində dünyaya göz açdığı Boyat kəndində yaşayış evlərinin qamışdan tikildiyi, oraya maşın yolu olmadığı, kolxozlarının hər ili borcla başa vurduğu, kənd camaatının ehtiyac içində yaşadığı və yalnız ulu öndərin 1969-cu ilin yayında Azərbaycana rəhbər gəlməsi ilə dirçəlişin yaranmasını xatırladı. Ötən əsrin 90-cı illərində yaranan böhrandan, respublikamızın yenidən ağır günlər yaşamasından, bu bəladan da bizləri yenidən ümummilli liderin xilas etdiyindən ürəkdolusu söz açdı. Prezident İlham Əliyevin gördüyü misilsiz işlərdən, o cümlədən kənd təsərrüfatının, həmçinin pambıqçılığın inkişafına göstərdiyi diqqət və qayğıdan, pambığın keçmiş şöhrətinin geri qaytarılması üçün həyata keçirdiyi tədbirlərdən, onu daha böyük həvəslə işləməyə ruhlandırdığından danışdı. Təkcə bu il respublikamıza 10 mindən çox müxtəlif markalı kənd təsərrüfatı texnikasının alınıb gətirilməsini, mineral gübrələrin əkinçilərə 70 faiz güzəştlə satılmasını, pambığın istehsalçılardan satınalma qiymətinin artırılmasını, pambıq əkənlərə dövlət tərəfindən subsidiyanın verilməsini, rayonun Xol zonasına suvarma kanalının çəkilməsini kənd əməkçilərinə, onların işinə verilən böyük dəstək, kənd təsərrüfatının inkişafına yaradılan hərtərəfli şərait kimi dəyərləndirdi. Bütün bunların onun kimi yüzlərlə, minlərlə torpaq mülkiyətçisinə, fermerə yeni ruh, nəfəs verməsini dilə gətirdi.
Daha sonra dedi ki, ilk olaraq bu ilin əvvəlində “MKT-Neftçala” filialı ilə 50 hektarda pambıq əkmək üçün müqavilə bağlayıb. Lakin bununla kifayətlənməyib. Rayonda pambıq istehsalı ilə məşğul olmağa başlayan digər bir təşkilat - “Neftçala-Taxıl” ASC ilə də 250 hektarda pambıq əkməyi qərarlaşdırıb. Belə bir qərarı birdən-birə verməyib. Yaxşı tanıdığı xam torpaq ərazilərini yenidən gəzib. Haranın məhsul verəcəyini, suvarıla biləcəyini dəqiqləşdirdikdən sonra həmin təşkilatla müqavilə bağlayıb. Bu işdə rayon icra hakimiyyəti, “Aqrolizinq” ASC-nin rayon filialı, Suvarma Sistemləri İdarəsi ona lazımi dəstək veriblər. Təcrübəli pambıqçı kimi aqrotexniki tədbirləri vaxtında həyata keçirib. Sahələrdə seyrəltmə, ketmənləmə, kultivasiya, suvarma, ucvurma işlərini, müxtəlif xəstəliklərə, ziyanvericilərə qarşı mübarizə tədbirlərini vaxtında həll edib. Nəticədə kollar normal inkişaf edib, hər kolun üstündə nəzərdə tutulduğu qədər bar əmələ gəlib.
Məlumdur ki, Prezident İlham Əliyev pambıqçılığın inkişafı ilə bağlı ulu öndərin qoyduğu ənənələri davam etdirərək rayonlarda olur, fermerlərlə bilavasitə iş üstündə - sahələrdə görüşüb səmimi söhbətlər aparır, onların qayğıları ilə maraqlanır, fikirlərini öyrənir. Saatlı, Sabirabad, Biləsuvar, Salyan rayonlarından sonra bu ilin sentyabr ayının 24-də Neftçalaya səfər edən ölkə rəhbəri fermer Ə.Hacıyevin pambıq sahələrində də olmuş, onunla səmimi söhbət etmişdir. Ə.Hacıyev indi pambıqçılar üçün münbit şəraitin yaradıldığı, onların texnikalar, gübrələr, dərman preparatları, əkin suyu ilə təmin edildikləri haqda Prezidentə məlumat vermiş, bu diqqət və qayğıdan ruhlanaraq daha çox məhsul istehsal etmək fikrində olduğunu, gələn il 1000 hektar sahədə pambıq əkəcəyini söyləmişdir.
Artıq təcrübəli pambıqçı götürdüyü öhdəliyə əməl edərək “MKT-Neftçala” filialı ilə müqavilə əsasında əkib-becərdiyi 50 hektar sahədən 205 tondan çox məhsul toplamışdır. Bu da hər hektardan 41 sentner məhsul deməkdir. “Neftçala-Taxıl” ASC-nin maliyyə dəstəyi ilə əkdiyi sahələrdə səpin nisbətən gec aparıldığı üçün pambıq bir qədər gec yetişmişdir. Lakin kolların üstündə kifayət qədər qoza var. Oradan da yüksək məhsul əldə olunacağı gözlənilir.
Əlihüseyn Hacıyevin noyabrın əvvəlinə kimi ümumi gəliri 102,5 min manata çatıb. 16 min manat MKT şirkətinə olan borcunu, 40 min manat əl ilə yığıma ödədikdən sonra xalis gəliri 48 min manat olub. Yığım pullarını isə hər gün iş gününün sonunda 20 qəpikdən ödəyib. Sözügedən vaxta qədər yığdığı pambığın subsidiyası 20 min manatdan artıqdır. Sahələrdə isə pambıq çoxdur və yığım davam edir.
Ə.Hacıyev işgüzar, bacarıqlı fermer olmaqla yanaşı, həm də yaxşı ailə başçısı, qayğıkeş atadır. İki oğlu, bir qızı və doqquz nəvəsi var. Oğlanları Zahid və Rahid təsərrüfat işlərində ən yaxın köməkçiləridir. Qızı Gülyanaq Hacıyeva evdar qadındır. Nəvəsi Gülyaz isə babası kimi aqronom olmaq istəyir, bu arzu ilə də hazırda Lənkəran Dövlət Universitetinin aqronomluq fakültəsində təhsil alır.
Əlihüseyn kişi el ağsaqqalı, təcrübəli, zəhmətkeş insan kimi doğma kəndi Boyatın, rayonun ictimai-siyasi həyatında yaxından iştirak edir. O, Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanındakı şuranın üzvüdür. Kənd təsərrüfatı ilə əlaqədar lazım gəldikdə fermerlərdən, torpaq mülkiyyətçilərindən köməyini əsirgəmir, onlara tövsiyə və məsləhətlərini verir.
Yüksək məhsuldarlıq üçün əsas şərt olan növbəli əkinin tətbiqini də unutmayan aqronom-fermer pambıq yığımı ilə yanaşı, payızlıq taxıl əkinini də bir an belə unutmur. Bir sözlə, onunla söhbət zamanı vaxtın necə gəlib keçdiyini bilmədik. Ayrılanda üzünün, gözlərinin güldüyü diqqətimizi çəkdi. Bəli, insan zəhmətinin bəhrəsini görəndə sevinir. Ə.Hacıyevin üz-gözündəki sevinc də halal və gərgin zəhmətinin, ən başlıcası isə dövlət başçısına verdiyi sözə əməl etməsinin parlaq ifadəsi idi.

Seyran CAVADOV,
“Azərbaycan”