Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dostu sevindirən, düşməni kədərləndirən hadisə

15 Noyabr 2017
 

BTQ dəmir yolunun istifadəyə verilməsi hələ də dünya mətbuatının diqqət mərkəzindədir

 

Bir neçə gün əvvəl Bakıda möhtəşəm açılışı baş tutan Bakı-Tbilisi-Qars dəmir yolu dünya mətbuatında geniş işıqlandırılır: xarici KİV layihənin gələcək iqtisadi səmərəsindən, sülhə verəcəyi töhfələrdən yazır, Şərq-Qərb nəqliyyat dəhlizində bu yolun önəmli yer tutacağını vurğulayır.
Bütün bunların fonunda isə Ermənistanın təbliğat maşını regionda yaranan yeni “təhlükələr”dən bəhs edir, eyni zamanda Qərbdəki erməni lobbisini hərəkətə gətirməklə hər hansı yolla olursa-olsun gedən qatarın yedəyinə qoşulmaq üçün dəridən-qabıqdan çıxırlar. Amma unudurlar ki, İlham Əliyev hələ 2006-cı ildəki çıxışında birmənalı şəkildə demişdi ki, bizə qarşı aqressor mövqeyində dayanan, ərazilərimizi işğal edən Ermənistan bütün bu layihələrdən kənarda qalacaq. Hər bir kəs, hətta dövlət belə, cinayətkar əməllərinin cəzasını çəkməlidir.
Əvvəlcə onu qeyd edək ki, BTQ-ni hamıdan çox və geniş işıqlandıran Türkiyə mətbuatı oldu. Qardaş ölkənin telekanallarında, qəzet və informasiya agentliklərində BTQ günlərlə manşetlərə çıxarıldı. Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin açılış mərasimindəki çıxışlarından sitat gətirən TQRT və TRT HABER telekanalları, Anadolu agentliyi Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini Azərbaycan, Türkiyə və Gürcüstan dostluğunun, qardaşlığının nəticəsi kimi təqdim etdilər. Gün ərzində Türkiyə telekanallarında, xəbər portallarında yayımlanan reportajlarda layihənin tarixi əhəmiyyətindən danışıldı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti tarixi “İpək yolu” layihəsinin polad magistrallar üzərində bərpası kimi təqdim edildi.
Gürcüstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan mətbuatında da BTQ yolunun tikintisi, iqtisadi səmərəsi haqqında ətraflı məlumatlar dərc edilmiş, açılış mərasimi geniş işıqlandırılmışdır. Bu günədək Ermənistanı tanımayan Pakistan mətbuatının bu layihəyə xüsusi önəm verməsi isə erməni təbliğat maşınını qəfildən diksindirmişdir.
Özbəkistanın Ziyouz.uz, Galampir.uz, Podrobno.uz və digər portalları BTQ layihəsinə geniş yer ayırmış, onun Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrildiyini qeyd etmiş, Özbəkistanın da əldə edəcəyi iqtisadi imkanlara toxunmuşlar.
Münaqişələrdən əziyyət çəkən ərəb ölkələrində Şərqdən Qərbə uzanan yeni İpək yolunun dəmir qollarına daha fərqli baxışlar sərgiləndi. Ərəb mətbuatı hesab edir ki, BTQ ilk növbədə Qafqaz regionu vasitəsi ilə Avropa və Asiyanı birləşdirə bildi. Qan içində boğulan ərəb dünyası üçün müsəlman ölkəsinin sülh missiyası ağlasığmaz dərəcədə maraqlı və qibtə doğurandır. Misir qəzeti “Ərəbsola” Azərbaycan Prezidentinin adını məqalənin başlığına çıxarmışdır: “İlham Əliyev: güclü iradə Bakı-Tbilisi-Qars layihəsini reallaşdırmağa imkan verdi”. Qəzet dövlət başçısından geniş sitat gətirərək çoxlarının inanmadığı layihənin necə həyata vəsiqə aldığını şərh etmişdir. Bu barədə həmçinin ərəb mənbələrindən Mena agentliyi və digər KİV-də yazmışlar.
“Yevronyus” BTQ-nin açılışına həsr etdiyi reportajda bu yolu Avropadan Asiyaya uzanan ipək yolu adlandırmışdır. Almaniyanın bir sıra xəbər portalları, o cümlədən “Lok-report.de”, “Pressetext.de”, “Walstreet-online.de” və “Presseportal.de” yeni dəmir yolunun Avropa ilə Asiya arasında körpü rolunu oynayacağını vurğulamış, yükdaşımalar üçün tələb olunan vaxtın 14-18 günə qədər qısalacağını bildirmişlər.
İtaliyanın “Notizie Geopolitiche” analitik portalında “Azərbaycan: Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib” sərlövhəli məqalədə dəmir yolunun tarixi, müxtəlif illərdə tikintisi, sərnişin və yükdaşıma qabiliyyəti, eləcə də Azərbaycan və region üçün geosiyasi və geoiqtisadi əhəmiyyəti, gələcək perspektivləri haqqında geniş məlumat verilmişdir. BTQ layihəsinin Azərbaycan, Türkiyə və Gürcüstanı qlobal əhəmiyyətli nəqliyyat qovşaqlarına çevirəcəyindən, Avropa və Asiya arasında birbaşa əlaqənin yaranmasından söz açılmış, Mərkəzi Asiya ölkələrinin, eləcə də Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracağını diqqətə çatdırmışdır. “Il Nodo di Gordio” beyin mərkəzinin tədqiqatçısı Auqusto Qrandi isə Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycan üçün böyük uğur və İtaliya üçün yeni imkan olduğunu vurğulamışdır.
“Bloomberq”, “Reuters”, RİA, “Politicallore”, “Restavi-2” və digər beynəlxalq informasiya agentlikləri də Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı məqalələrlə çıxış etmişlər. Xəbərlərdə sözügedən layihənin beynəlxalq miqyasda əhəmiyyəti vurğulanmış, Orta Asiya ölkələrinin, Çinin layihəyə ciddi maraq göstərdikləri şərh olunmuşdur.
ABŞ KİV-i də bu hadisəyə kifayət qədər diqqət ayırmışdır. Con Batçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan aldığı müsahibədə layihə haqqında dinləyicilərinə geniş məlumat vermiş, Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın regionun digər ölkələri üçün örnək olduğunu vurğulamışdır. ABŞ və Avropa İttifaqının da bu dəmir yolunu dəstəklədiyi və rəsmi açılış münasibətilə bəyanat verdikləri diqqətə çatdırılmışdır.
“Amerikanın səsi” radiostansiyası BTQ-nin iqtisadi və siyasi dividendlərinə toxunduğu analitik yazısında Gürcüstanın Atlantik Şurasının sədri Batu Kuteliyaya istinadən məlumat vermişdir ki, Bakı-Tbilisi-Qars layihəsinin strateji əhəmiyyəti onun iqtisadi əhəmiyyətindən daha üstün ola bilər. Lakin bu layihənin iqtisadi əhəmiyyəti şəksiz ki, daha böyükdür: “Gürcüstan beynəlxalq ticarət xəritəsində Şərqi Qərblə birləşdirən dəhlizin vacib hissəsi kimi güclənmək imkanı qazanacaq, bir çox ölkələrin bazarlarına çıxış imkanları əldə edəcək. Eyni zamanda Gürcüstanın dünyanın logistik xəritəsində peyda olması bu ölkənin digər logistik imkanlarını da genişləndirəcək. Beləliklə, BTQ Gürcüstan iqtisadiyyatının inkişafına əlavə stimul verəcək. Geopolitik baxımdan isə BTQ Gürcüstana Qərblə yaxınlaşmaq və Qərb strukturlarına inteqrasiya olunmaq şansı verir”. Batu müsahibəsində daha sonra demişdir: “Əgər XX əsrin ən böyük hadisəsi kimi Bakı-Tbilisi-Ceyhan neft kəməri Gürcüstanın dünya enerji xəritəsində yerini təyin etdisə və bütün oyunçuları bu regionda sülhün, sabitliyin qorunmasına səmtləndirdisə, indi BTQ layihəsi də XXI əsrdə analoji siyasi əhəmiyyət kəsb edir”.
Erməni KİV-də isə açıq hiss olunur ki, onlar həm bu layihədən xoflanır, həm onu bacardıqları kimi nüfuzdan salmağa çalışır, həm də BTQ-nin uzaqlaşan qatarının sonuncu vaqonundan yapışmaq üçün əldən-ayaqdan gedirlər. Qafqazın kirayənişinlərini BTQ sözün əsl mənasında vahiməyə salıb və onların xoflanması bütün erməni mətbuatında aydın sezilir. Bizim və bütün dünya KİV-nin sülh, qardaşlıq və Çinlə Londonu birləşdirən əməkdaşlıq körpüsü saydığı bu layihədə ermənilər logistik, iqtisadi imkanları sezmədən onu sırf siyasi layihə, Ermənistan dövləti üçün ciddi təhlükə kimi qiymətləndirirlər. Regionda Ermənistanın blokadasını ağırlaşdıran, onu bütün layihələrdən kənarlaşdıran yeni logistik vektorun yaranması bədnam qonşularımızın ciddi təşvişinə səbəb olub. Erməni mətbuatı sovet dönəmində Gümrüdən Qarsa işləyən dəmir yolunu təəssüf hissi ilə xatırlayır və BTQ-nin Ermənistanın təcrid olunmasına hesablanan siyasi layihə olmasına dünyanı inandırmaq üçün hamıya öz mövqelərini sırımağa çalışırlar. Ermənilər BTQ-nin qədim İpək yolunun bir parçası olmasını həzm edə bilmir, Çin üçün daha təhlükəsiz yeni marşrutlar təklif edir, layihəni dəstəkləyən bütün ölkələrə - Gürcüstandan tutmuş Pakistana kimi diş qıcayaraq yazırlar: “10 ilə 600 milyon dollara başa gələn BTQ hələ 25 il əvvəl Ermənistanın nəqliyyat blokadasına qarşı bir məqsəd kimi qoydu və buna nail oldu”.
Erməni mətbuatı BTQ layihəsindən kənarda qalan Tbilisi-Gümrü-Qars yoluna elliklə yas tutur və BTQ-ni siyasi layihə kimi qabartmağa çalışırlar. Qafqaz İnstitutu Ermənistan Dövlət İdarəetmə Akademiyasının Regional Tədqiqatlar Mərkəzi belə hesab edir ki, Türkiyə ilə Azərbaycanın Gürcüstanda artan nüfuzu Ermənistan üçün böyük təhlükədir. Artıq ermənilər Vaşinqton, Brüssel, London və dünyanın digər geopolitik mərkəzlərində BTQ layihəsində hər hansı bir yolla da olsa iştiraklarını təmin etmək üçün erməni lobbiçiliyini hərəkətə gətirməyə çalışırlar.
Əslində aqressorun başqa aqibəti olmalı deyildi. Başqalarının sərvətlərinə göz dikən, saysız-hesabsız cinayətlər törədən erməni faşistləri tarixin ən ağır cəzasını özləri özlərinə kəsdilər.

Bahadur İMANQULİYEV,
“Azərbaycan”