Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bir daha gələcəyi keçmişdə axtaranlar barədə

15 Noyabr 2017
 

Belələrinin doğma dilə ögey münasibəti bizə nə vəd edir

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin 13 noyabr 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Dili Komissiyasının yeni tərkibi təsdiq edilmişdir. Sərəncamda bildirilir ki, qloballaşma proseslərinin geniş vüsət aldığı müasir dövrdə texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə mənimsənilməsi və maneəsiz informasiya mübadiləsi imkanlarının artması ana dilinin potensial imkanlarından lazımınca istifadəsində bəzi çətinliklər yaradır. Mövcud şərait milli ideya - azərbaycançılıq məfkurəsi işığında dövlət dilinin saflığının qorunması və ədəbi dildən düzgün istifadə məsələlərinin daim diqqət mərkəzində saxlanılmasını zəruri edir. Bu sərəncamdan bir qədər əvvəl, daha dəqiq desək, oktyabrın 6-da isə Bakıda “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilmişdir və xatırladaq ki, həmin tədbirin də təşəbbüskarı Prezident İlham Əliyev olmuşdur.
İstər bu konfransın keçirilməsi, istərsə də qeyd etdiyimiz sərəncamın imzalanması müasir dövrdə sözügedən məsələnin əhəmiyyəti və zəruriliyindən xəbər verir. Xəbər verir ki, ən yüksək səviyyədə görülən bütün tədbirlərə, imzalanan sənədlərə, eləcə də ara-sıra çalınan həyəcan təbillərinə, söylənilən iradlara, yazılan tənqidlərə baxmayaraq, dilimizlə bağlı problemlər var və onları həll etmək lazımdır. Özü də həll olunası problemlər təkcə ədəbi dilimizdə kök atmayıb, onun iri və xırda zoğları dilimizin bütün sahələrinə (məişət, şifahi, rəsmi, elmi-texniki və s.) keçib, vaxtı ötmüş xərçəng xəstəliyi kimi metoztasları bütün dilimizə yayılıb. Bir sözlə, dilimiz xəstədir, yaxud ən yaxşı halda xəstəlik ərəfəsindədir.
Bunu isə görmək üçün uzağa getməyə ehtiyac yoxdur. Hər gün çağırılmamış qonağımız olan istənilən özəl yerli tele və radio kanallarına qulaq asmaq, internetə qoşulub bizim saysız-hesabsız xəbər portallarına (belə demək mümkünsə) gözucu nəzər salmaq, 30-40 qəpikdən keçib köşkdə satılmayıb qaldığından solmuş və ümumiyyətlə, oxumaqdan savayı nəyə desən yarıyan “qəzet”lərdən hər hansı birini alıb gözdən keçirmək, tanınmayan müəlliflərin rəhmətlik Səyavuş Aslanın “Evləri köndələn yar” teletamaşasındakı qəhrəmanının təqdimatına layiq olan “kitab”larını vərəqləmək, küçə və prospektlərdə reklam lövhələrindəki mətnlərə, kommersiya obyektlərinin “assorti” adlarına baxmaq kifayətdir ki, dilimizə qoyduğumuz “diaqnoz”a şübhə yeri qalmasın. Axı, şübhə yeri necə qala bilər ki, bu gün əksər elektron və yazılı KİV-də qeyri-peşəkarların meydan sulamağı, bədii yaradıcılığı (yazıçılığı, şairliyi, publisistikanı) özünə sənət seçmiş bir çox gənc “ədib”in “bədii” əllaməçiliyi, yəqin ki, dil mütəxəssisinə müraciət edilməməsi üzündən ölkənin reklam mətnlərində addımbaşı rast gəlinən savadsızlıq və s. danılmaz faktlardır. Danılmaz fakt həmçinin bununla bağlı ara-sıra boğazdan yuxarı səslənən irad və etirazları nəzərə almasaq, cəmiyyətdə belə hallara bir növ adətkarlıq mühitinin formalaşması, bəlkə də bilərəkdən, ya bilməyərəkdən formalaşdırılmasıdır. Əks halda problemə dövlət başçısı səviyyəsində müdaxilə edilməzdi ki...
Amma dilimizin bugünkü problemi təkcə bunlar da deyil. Onun başının üstünü daha ciddi təhlükə (bundan yumşaq ifadə tapmadıq) kəsdirib. Bu, bilmirik müllətimizinmi deyək, xalqımızınmı deyək, vətəndaşlarımızınmı deyək - uşaqlarını (yəni gələcəyimizi) kütləvi surətdə özgəninkiləşdirməsidir. Bəli, övladlarını uşaq bağçasından başlamış ali məktəbəcən xüsusən rus dilində təhsil (və tərbiyə) almağa yönəldən valideynin (ata-ana deməyə adamın dili gəlmir) bu anlaşılmaz seçiminə, mövqeyinə, bir az da sərt ifadə etsək, nadanlığına başqa ad vermək sadəcə mümkün deyil.
Yeri gəlmişkən bildirək ki, rəsmi qəzet olaraq biz bu mənəvi xəstəliklə bağlı bir neçə dəfə çıxış etmişik və hər dəfə də onun qəzet məqaləsi ilə “müalicə” olunacağına şübhə ilə yanaşmışıq. Yenə də şübhəmizdə qalırıq. Ən azından o səbəbə ki, əvvəllər yazdığımız kimi, bəzi azərbaycanlıların Azərbaycan (həm də dövlət) dilinə əcaib münasibəti və bu münasibətdən doğan əcaib reallıqlar, qısa desək, dil xəstəliyimiz elə sadə mərəz deyil ki, onu maarifləndirmək, anlatmaq, başa salmaq kimi üsullarla müalicə etmək mümkün olsun. Yəqin onun səbəbini mövcud zaman, məkan və tələbatdan irəli gələn obyektivlikdən daha çox, genetik koda, milli qürura və yüksək mənəviyyata bağlı olan subyektivlikdə axtarmaq lazımdır. Onları isə, sən demə, sözün müdaxiləsi ilə dəyişdirmək nəinki qəliz məsələ, hətta heç mümkün deyilmiş! Olsaydı, müstəqillikdə yaşadığımız bu 26 ildə olardı. O 26 il ki, saylarını bilərəkdən az göstərmək üçün işlətdiyimiz “bəzi” (əslində isə sıraları gündən-günə genişlənən) azərbaycanlılar üçün sanki yoxdur, elə bil, onlar hələ də keçmiş imperiyanın tərkibində yaşayırlar və yaşaya-yaşaya gələcəklərini həmin keçmişdə axtarırlar. Amma bu zaman unudurlar ki, axtaran həmişə tapmır, xüsusən də nə axtarıldığı bilinməyəndə. İtirilən isə zaman olur və həmin zaman heç vaxt geri qayıtmır.
Bu faktları biz bir dəfə yazsaq da, təəssüf ki, növbəti dəfə xatırlatmağa məcburuq. Bir qonşumuz var. Deməsə də, kənd adamı olduğu idimindən tökülür. Bir neçə ay əvvəl uşağını 1-ci sinfə qoymaq üçün tanış axtarırdı. Təəccüblənib tanışın nəyə görə lazım olduğunu soruşanda cavabı gözlənilməz və bir o qədər də təəccüblü oldu: “Uşağı rus bölməsinə qoymaq istəyirəm, hansı məktəbə müraciət edirəmsə, deyirlər bütün yerlər dolub, Azərbaycan bölməsinə istəyirsinizsə, problem yoxdur”. Bunun davamı olan başqa bir fakt: sözün bütün mənalarında klassik Azərbaycan ailəsi tanıyırıq ki, ilkin övladına, özü də qız uşağına təhsili məlum dildə vermək üçün neçə ildir dəridən-qabıqdan çıxır. Çünki nəinki ailələrində, hətta nəsillərində belə, nə rusca danışan olub, nə də təhsil alan, həmin dili heç orta səviyyədə bilənləri də yoxdur. Belə bir mühitdə körpə qızcığazın vəziyyətini təsəvvür edirsinizmi?! Bu yerdə yaxın bir tanışımızın rayonda yaşayan qardaşının orta məktəbin rus bölməsində 1-ci sinfə gedən oğlunun başına gələn əhvalat yerinə düşür: uşaq atasından “şurşit” sözünün tərcüməsini soruşub və onu öyrənəndən sonra bildirib ki, o bu sözü əvvəl “şit şor” kimi başa düşüb. Şahidi olduğumuz növbəti misal: yaxın qohumumuz ali təhsilli ingilis dili müəlliməsidir. Orta məktəbi də, universiteti də ana dilində bitirib. O, bu yaxınlarda Bakıdakı özəl təhsil mərkəzlərindən birində işə düzəlib və ...özü kursa yazılıb. Deyir ki, həmin mərkəzə müraciət edənlərin böyük əksəriyyəti uşaqlarını rus bölməsinə qoymaq istədiklərindən həmin dili öyrənmək üçün kursa yazılmağa məcbur olub.
Tam səmimiyyətlə bildiririk ki, bu acı faktların heç biri uydurma deyil. Axı, hamının hər gün rastlaşdığı, müşahidə etdiyi, adlarına “bəzilər” dediyimiz çoxlarınınsa yaşadığı bu acınacaqlı reallığı göstərmək üçün uydurma faktlara nə ehtiyac?!
Ötən məqalələrimizdə yazdığımız kimi, adam çaşıb qalıb, bilmir kimi, nəyi qınasın - özümüzdən asılı olmayan zəmanənimi, yoxsa zəmanədən asılı olan özümüzümü?! Amma bütün hallarda doğma dilə bu səviyyəsizlikdə ögey münasibətə heç cür bəraət qazandırmaq mümkün deyil! Çünki dil təkcə ünsiyyət vasitəsi yox, həm də milli varlıqdır! Boş yerə deməyiblər ki, əgər bir xalqı məhv etmək istəyirsənsə, əvvəlcə onun dilini əlindən al! Bəs, biz nə edirik? Dilimizi əlimizdən özümüz veririk, özü də onu bizdən istəyən olmaya-olmaya... Yad dildə təhsil almaq, yəni, “Dədə Qorqud” əvəzinə, “İqor polku haqqında dastan”ı oxumaq, Nizami, Füzuli, Sabirin yerinə Puşkini, Lermontovu, Yesenini əzbərləmək, Ağqoyunlu və Qaraqoyunlunu kənara qoyub skif tayfalarının tarixini öyrənmək dili və deməli, həm də xalqı əldən vermək deyil, bəs nədir? Biz onları oxumağın, öyrənməyin əleyhinə deyilik. Əksinə, özgə xalqların, xüsusən qonşuların tarixini, ədəbiyyatını bilməyi vacib sayırıq. Çünki bunları bilmədən nəticə çıxarmaq, dərs götürmək mümkün deyil. Amma gəlin əvvəlcə özümüzü oxuyaq, öyrənək, sonra başqalarını. Evdə, küçədə, bağda, bağçada balası ilə ana dilində danışmayan, bəlkə də bunu özünə yaraşdırmayan, şit şorla böyüyən kənd çocuğunu “şurşit”in tərcüməsini axtarmağa məcbur edən, onsuz da ömrünün sonunacan gözündən kənar qoymayacaq qız övladına təhsili özgə dildə verən valideynlərin bu hərəkəti vətənə, millətə nankorluq deyilmi?!
Belələrinin özlərinə bəraət qazandırmaq üçün gətirdikləri arqumentə baxın: əlavə dil bilməyin nəyi pisdir ki... Bunu biz də danmırıq. Xüsusən, indiki zamanda əlavə, yəni, xarici dil bilməyin nəinki lazım, hətta vacib olduğunu danan yalnız savadsızlar olar. Yenə də təkrar edirik: gəlin təhsil almaqla əlavə dil öyrənməyi qarışdırmayaq! Birincisi millilik, vətənpərvərlik, soya, kökə bağlılıqdırsa, ikincisi dünyaya açılan pəncərədir. Birincisi özümüzü təsdiq, ikincisi nümayiş etdirmək üçün vasitədir. Birincisi qürur mənbəyimiz, ikincisi intellekt səviyyəmizdir. Göründüyü kimi, hər iki haldakı amillər təkcə bir-biri ilə sıx bağlı deyil, həmçinin bir-birinin davamı və tamamıdır. Başqa sözlə desək, kamil və müasir olmaq istəyən şəxs ilk növbədə öz ana dilini, sonra isə bir-iki aparıcı xarici dili bilməlidir. Bir daha təkrar edirik: aparıcı xarici dili, daha nostalji dilini yox! Çünki Azərbaycan bu gün bütün dünyaya inteqrasiya olur. Bunun üçünsə dünyanın dilini öyrənmək, bilmək lazımdır, özü də bütün mənalarda!
Övladlarına məlum dildə təhsil verənlərin bir bəhanəsi də var: guya məktəblərin Azərbaycan bölməsində təhsilin səviyyəsi aşağıdır. İnandırıcı deyil! Ən azından o səbəbə ki, eyni ölkədə təhsilin səviyyəsinin onun hansı dildə tədris edilməsindən asılı olması sadəcə ağla batmır. Çünki hər iki bölmənin tədris proqramı eynidir. Müəllimlərə və dərsliklərə gəldikdə isə, onların da arasında elə bir ciddi fərq yoxdur, hər ikisi bütün müsbət və mənfi tərəfləri ilə bir-birinin təkrarıdır, təkcə dil fərqləri var. Odur ki, savadın hansı dildə təhsil almağa dəxli yoxdur! Əksinə, müşahidələrimiz göstərir ki, bu gün dünyanın Harvard, Kembric kimi aparıcı universitetlərində təhsil almış yüksək ixtisaslı mütəxəssislərimizin əksəriyyəti orta məktəbi ana dilində bitirənlərdir.
Yaxud keçmiş sovet dövrünü götürək. Həmin illərdə də bizimkilər xüsusən Bakıda kütləvi surətdə rus dilində təhsil alırdılar. Halbuki o zaman qonşu respublikalarda nəinki həmin dildə təhsil almağa, hətta danışmağa pis baxırdılar. Nəticəsi nə oldu? Bu gün Rusiyanın əksər sahələrində məşhur adamların, aparıcı mütəxəssislərin, alimlərin, jurnalistlərin, politoloqların çoxu həmin qonşu xalqların nümayəndələridir. İnanmırsınızsa qonşu ölkənin federal telekanallarındakı ictimai-siyasi, elmi-kütləvi verilişlərə, tok-şoulara baxın. Telekanallar “partlayır” onların əlindən. Əksəriyyəti, xüsusən də məlum xalqın nümayəndələri fürsət düşən kimi Azərbaycana və Türkiyəyə düşmən münasibətlərini gizlətmirlər. Cavablarını isə verən yoxdur. Çünki Rusiyanın tanınan, eşidilən, qəbul olunan tanınmışları arasındakı bizimkiləri saymaq üçün əlimizdəki barmaqlar da çoxdur. Haqlı sual yaranır: hanı o yüzminlərlə rusdillilərimiz?! Yəni, gəlin özümüzü aldatmayaq, rus dilində təhsilə bugünkü axının səbəbinin hansısa uğurlu perspektiv yox, uğursuz tələbat olduğunu etiraf edək.
Bir daha təkrar edirik: sözügedən problemin həllində ilk növbədə Təhsil Nazirliyinin üzərinə ciddi məsuliyyət düşür. Müasir gəncliyin və gələcək nəslin savadına, dünyagörüşünə, bir az da dərinə getsək, əqidəsinə cavabdeh olan bu nazirlik indiki kimi lüzumsuz, kortəbii tələbatın arxasına düşməməli, əksinə, həmin tələbatı xalqımızın və dövlətçiliyimizin gələcəyi naminə özü müəyyənləşdirməli, bu istiqamətdə təsirli tədbirlər görməlidir. Gözləmək lazım deyil ki, yenə də məsələyə ən yüksək səviyyədə müdaxilə edilsin.

Raqif MƏMMƏDOV,
“Azərbaycan”