Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Şəmkir Aqroparkı” fəaliyyətini genişləndirir

15 Noyabr 2017
 

Məlumdur ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda aqrar sektorda istehsalın artırılması, kənd təsərrüfatı məhsulları istehsalçılarının qarşılaşdıqları problemlərin həllinə nail olunması, istehsal edilən məhsulların ixrac imkanlarının genişləndirilməsi üçün dövlət tərəfindən dəstək verilməsi də nəzərdə tutulub. Həmin dəstəyin mühüm formalarından biri də regionlarda aqroparkların yaradılmasıdır ki, artıq bu sahədə xeyli irəliləyişlərə nail olunmuşdur. Bu, “Şəmkir Aqroparkı”nın timsalında aydın görünür.

Təməli 2014-cü ildə ölkə rəhbərinin iştirakı ilə qoyulan aqroparkın bu il Logistika Mərkəzi fəaliyyətə başlamışdır. Mərkəzdə yaradılmış şərait və fəaliyyət istiqamətləri dünya standartlarına cavab verməklə yanaşı, həm də ən müasir texnologiyalara əsaslanır. Burada gələcəkdə müasir istixana kompleksi, şitillik, tinglik, intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, hotel və müxtəlif infrastruktur müəssisələri fəaliyyət göstərəcək. Artıq Logistika Mərkəzində müasir texnologiyaların tətbiqi ilə məhsulları saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satışı imkanları yaradılmışdır. Bu da ölkənin ixrac potensialının artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, istehsalçı-emalçı-istehlakçı arasında əlbir iş metodlarının formalaşmasında əhəmiyyətli rol oynayır. Nəticədə kiçik fərdi istehsalçı səviyyəsindən genişmiqyaslı aqrar sənaye istehsalına keçidin, xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsinə şərait yaranır, yerli məhsulların “Made in Azerbaijan” brendi ilə ixracına imkan verir.

Bütün bunlar barədə “Şəmkir Aqroparkı”nda keçirilən konfransda ətraflı məlumat verilmiş, fəaliyyətə başlayan Logistika Mərkəzində görülən işlərə və qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılmışdır. Konfrasda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirmişdir k, dövlət başçısı İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilmiş “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzində iri taxılçılıq, bitkiçilik və meyvəçilik təsərrüfatını özündə birləşdirən və aqroparkın nəzdində yaradılan “Ceyrançöl” MMC üçün 8 min hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmiş, Kür çayından əraziyə iki istiqamətdə 27,5 və 15,6 kilometrlik təsərrüfatdaxili su xətləri çəkilmişdir. Lizinq yolu ilə 10 traktor, 45 adda müxtəlif kənd təsərrüfatı maşın və mexanizmləri alınmış, ümumi tutumu 15 milyon kubmetr olan 3 su anbarı inşa edilmişdir. Ərazidə elektrik yarımstansiyası və 6 transformator, həmçinin 1000 hektar torpaq sahəsinin suvarılması üçün 14 pivot suvarma aqreqatı quraşdırılmışdır. “Ceyrançol” MMC-də 35 nəfər daimi, 200 nəfər mövsümi işlə təmin edilmişdir.

Konfransda bildirildi ki, ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə vermək məqsədilə gələn ilin məhsulu üçün 3 min hektarda taxıl, 3 min hektarda qarğıdalı əkilməsi nəzərdə tutulur. Həmçinin intensiv bağçılığın yaradılması məqsədilə 2400 hektarda damçı suvarması sisteminin quraşdırılması üçün layihələndirmə işləri aparılır. Həmin ərazidə 36 min ton meyvə, eləcə də soya, kartof, soğan və digər kənd təsərrüfatı bitkilərinin əkilməsi planlaşdırılır.

“Şəmkir Aqroparkı” MMC-nin direktoru Xəqani Qaybalıyev Logistika Mərkəzində görülən işlərdən söz açaraq dedi ki,  mərkəzin 12,3 hektarlıq ərazisinin istehsal sahəsi 3,9 hektardır. Burada Fransanın “Maf Roda” şirkətinin meyvələri ölçüsünə, rənginə, zədəliliyinə görə çeşidləyən və qablaşdıran avadanlıqlar quraşdırılıb. İriölçülü meyvələri çeşidləyən avadanlıqların gücü saatda 50, kiçikölçülü meyvələri çeşidləyən avadanlıqların gücü isə saatda 2 tondur. Soyuducu depolarda meyvə və tərəvəzin növlərinə görə 25 gündən 270 günə kimi minumum itki ilə saxlanılması təmin olunur. İstehsal sahəsində eyni zamanda 200 ton məhsul qəbul edə biləcək 2 terminal, 120 ton hazır məhsul yola sala bilən bir terminal mövcuddur.

Logistika Mərkəzi əhalinin yetişdirdiyi bütün kənd təsərrüfatı məhsullarını almaqla yanaşı, onlara aqroparkın imkanlarından bəhrələnmək, müxtəlif məhsul növlərinin yetişdirilməsi ilə bağlı tövsiyələr almaq, məhsuldarlığın artırılması üçün daha keyfiyyətli şitillər əldə etmək imkanı da yaradır.

Qeyd edək ki, Logistika Mərkəzində meyvə və tərəvəzlərin çeşidlənməsi, qablaşdırılması və soyuducu kameralarda saxlanılması müasir standartlara uyğun mühüm texnoloji proseslərdən keçirilərək aparılır. Bu zaman laboratoriya təhlilləri nəzərə alınır, sonra məhsul xüsusi hidroşoklama qurğusundan keçirilir. Bundan başqa, mərkəzdə sahibkarların ixrac əməliyyatları ilə əlaqədar prosedurları sadələşdirmək və sürətləndirmək məqsədilə “bir pəncərə” sistemi yaradılmışdır.

Konfransdan sonra Şəmkir bələdiyyələri nəzdində yaradılmış MMC-lərlə “Şəmkir Aqroparkı” arasında niyyət protokolu imzalanmışdır. Protokolla götürülən öhdəliyə əsasən, bələdiyyələri əhatə edən kəndlərdə istehsal olunan kənd təsərrüfatı məhsulları mərkəzin tərəfdaşlığı ilə satılacaq və ya saxlanılacaq.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”