Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şərəfli alim ömrü

15 Noyabr 2017
 

Hər bir alimin əsl dəyəri onun elmi və insani kamilliyi ilə ölçülür. Bu adamlar mənalı bir ömür yaşayır, xalqına şərəflə xidmət edir, güclü məntiqi, təfəkkür tərzi ilə seçilir, elmi diskussiyalarda, həyata baxışlarında kəskin və prinsipial mövqe göstərirlər. Görkəmli alim, ictimai və dövlət xadimi, Dövlət mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru İsrafil Süleyman oğlu Məmmədov minlərlə insanın dərin hörmət və məhəbbətini qazanmış ziyalıdır. Bu il İ.Məmmədovun 90 yaşı tamam olur. 

İsrafil Məmmədov 1927-ci ildə Zəngəzur mahalı Mehri rayonunun Əmrəkar kəndində anadan olmuşdur. Kənd orta məktəbini əla qiymətlərlə bitirən İ.Məmmədov 4 il həmin təhsil ocağında cəbhəyə getmiş müəllimlərini əvəz etmiş, kimya, fizika, riyaziyyat və tarix fənlərindən dərs demişdir. 1947-ci ildə o, Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsinin qiyabi şöbəsinə daxil olmuş və buranı 1954-cü ildə bitirmişdir.
Gənc yaşından əmək fəaliyyətinə başlayan İsrafil Məmmədov rayonda “Kolxoz kəndi” qəzeti ilə əməkdaşlıq edir. 1945-ci ildə o, Mehri Rayon Komsomol Komitəsinin ikinci, 1946-cı ildə isə birinci katibi seçilir. 1951-1955-ci illərdə İrəvanda Ali Partiya Məktəbində təhsil alır. Bundan sonra o, “Sovet Ermənistanı” qəzetinin redaktor müavini və qısa zamanda qəzetin baş redaktoru təyin edilir. Ermənistan SSR-də Azərbaycan dilində nəşr olunan mətbuat orqanına rəhbərlik edən İsrafil Məmmədovun diqqətini bu respublikada Azərbaycan milli mətbuatının tarixi məsələləri cəlb edir. Həmin mövzuda tədqiqat işi aparır və tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün 1972-ci ildə erməni dilində Ermənistan EA Tarix İnstitutunda dissertasiya işini müdafiə edir. Eyni ildə də onun “Ermənistanda Azərbaycanın mətbuatı” monoqrafiyası nəşr olunur. XX əsrin 70-80-ci illərində Azərbaycanın rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə alimlərimiz keçmiş SSRİ-nin müttəfiq respublikalarının elmi ictimaiyyəti ilə bütün sahələrdə əməkdaşlıq edirdilər. Belə əlaqələr Ermənistan SSR-in elmi dairələri ilə də mövcud idi. O zaman Azərbaycan alimləri İrəvana gedərkən onları ilk qarşılayan, alimlərlə əlaqələrin yaradılmasında İsrafil müəllimin böyük xidmətləri olmuşdur. Azərbaycan xalqının tanınmış ziyalıları, akademiklər H.Əliyev, A.Nadirov, F.Qasımzadə, İ.Əliyev və başqaları qədim Azərbaycan şəhəri İrəvanda olarkən İsrafil müəllim onları “Sovet Ermənistanı” qəzetinin redaksiyasına dəvət edər və burada yaşayan azərbaycanlılarla görüşlərini keçirərdi.
İsrafil Məmmədov 1990-cı ilədək Ermənistan SSR-də “Sovet Ermənistanı” respublika qəzetinin sonuncu baş redaktoru, Ermənistan SSR təhsil nazirinin müavini, respublika “Bilik” Cəmiyyəti İdarə Heyəti sədrinin müavini, Jurnalistlər İttifaqı sədrinin müavini, Ermənistan EA Tarix İnstitutunda “Ermənistan SSR-də Azərbaycan mətbuatı tarixi və problemi” üzrə baş məsləhətçi, İrəvan Pedaqoji İnstitutunun Tarix fakültəsində müəllim vəzifələrində işləmişdir. O, Ermənistan SSR-də yaşayan azərbaycanlıların mədəniyyəti və ictimai fikir tarixinə dair İrəvanda erməni və rus dillərində əsərlər nəşr etdirmişdir.
İsrafil Məmmədov 1990-cı il Qanlı Yanvar gecəsi İrəvanı tərk edib ailəsi ilə birlikdə Bakı şəhərinə köçür. 2002-ci ilədək AzTV QSC-də və AMEA Milli Münasibətlər İnstitutunda çalışır və sonra A.A.Bakıxanov adına Tarix İnstitutuna dəvət olunaraq burada yaradılmış “Azərbaycanlıların deportasiyası və soyqırımı tarixi” şöbəsinə rəhbərlik edir. 2011-ci ildə institutda aparılan yeni struktur dəyişiklikləri ilə bağlı İsrafil Məmmədov elmi bölmə rəhbəri təyin edilir və səhhətində yaranmış problemlərlə əlaqədar 2016-cı ildən aparıcı elmi işçi vəzifəsinə keçirilir. İ.Məmmədov Vətən tarixinin ən ağrılı səhifələrdən olan azərbaycanlıların deportasiyası və soyqırımı, erməni təcavüzkarlığı və saxtakarlığı, Azərbaycan həqiqətləri ilə bağlı tədqiqatlarını indi də davam etdirir. O, Azərbaycan, erməni və rus dillərində nəşr olunmuş əsərlərin, o cümlədən 20-dən çox monoqrafiyanın müəllifidir. Alim 17 elmi əsərin redaktoru, 4 dissertasiya işinin rəsmi opponenti, 4 dissertantın elmi rəhbəri olub. Onun respublika radiosunda Azərbaycan dilində 1145, erməni dilində 2680 elmi-analitik məqaləsi səsləndirilib. İsrafil Məmmədov ümummilli lider Heydər Əliyevin imzaladığı 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanından sonra Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətində çəkilmiş 12 seriyalı “Sarı gəlin” sənədli filminin baş məsləhətçisi və əsas müəlliflərindən biridir. İ.Məmmədov erməni vandallarının xalqımıza qarşı soyqırımları, deportasiya, erməni təcavüzkarlığı, Azərbaycan həqiqətləri mövzuları ilə bağlı Moskva, Ankara, İstanbul və Bakıda keçirilən beynəlxalq elmi-nəzəri konfranslarda məruzələrlə çıxışlar etmişdir. O, erməni vandallarının xalqımıza qarşı törətdikləri vəhşilikləri təkzibedilməz tarixi faktlar əsasında Azərbaycan, erməni, rus və ingilis dillərində oxuculara, dünya ictimaiyyətinə çatdırıb. Ş.P.Ağayan, A.Q.Hovhannisyan, M.Q.Nersesyan, Q.A.Qaloyan və başqa erməni tarixçilərinin qondarma “erməni soyqırımı”nı elmi cəhətdən əsaslandırmağa çalışsalar da, İsrafil Məmmədov bunun saxta, uydurma olduğunu, Anadoluda, Cənubi Azərbaycanda, Cənubi Qafqazda 2,5 milyon türk-müsəlman əhalinin qətlə yetirilməsində erməni qəddarlığının erməni tarixşünaslığında qəhrəmanlıq kimi qələmə alındığını, etiraf edildiyini, ilk dəfə “Erməni xalqının tarixi”nin V və VI cildlərdən gətirdiyi faktlarla sübuta yetirib. Onun bu fəaliyyəti erməni millətçilərinin diqqətindən yayınmayıb. Hələ İrəvanda yaşayarkən ermənilər 1967-ci ildə onun yaşadığı mənzilə bomba qoyaraq onu partladırlar. İsrafil Məmmədov XX əsrin 70-80-ci illərində Moskva, İrəvan, Tehran mətbuatında Azərbaycan xalqının rəhbəri Heydər Əliyevin ünvanına böhtanlar yağdıran Kirokasyan, Kotancanyan kimi siyasət dəllallarını ifşa edən məqalələr çap etdirir. Ona qarşı törədilən bu cinayətlər İsrafil Məmmədovu qorxutmur və millətçi erməniləri ifşa etməkdə davam edir. İsrafil Məmmədov erməniləri özündən çıxaran daha bir addım atır. O, Heydər Əliyevin 1982-ci ildə nəşr olunmuş “Vahid qardaşlıq ailəsində” seriyasından “Sovet Azərbaycanı” adlı kitabını erməni dilinə tərcümə edir və onun İrəvanda nəşrinə nail olur. Burada bir faktı xüsusi olaraq qeyd etmək istərdik. 1987-ci ilin sonunda görkəmli dövlət xadimi Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra, erməni faşizmi xalqımıza qarşı açıq-aşkar fəaliyyətə başladı. Millətimiz üçün ağır fəlakətin yaxınlaşdığını duyan İsrafil müəllim o zaman Ermənistan rəhbərliyinə müraciət edərək Azərbaycan tarixinə dair arxiv sənədlərinin respublikamıza verilməsi üçün onların razılığını alır. Bu məsələ ilə bağlı İsrafil müəllim o zaman rəhbərlikdə olan Ə.X.Vəzirova və A.N.Mütəllibova məktubla müraciət edir, aparılacaq sənədlər üçün iki vaqonun göndərilməsini xahiş edir. Lakin xalqımızın bu günü və gələcəyi üçün müstəsna əhəmiyyət kəsb edən Ermənistan dövlət arxivlərində Azərbaycan tarixinə dair saxlanılan sənədlərin göndərilməsi üçün heç bir addım atılmır. İsrafil müəllimin müraciəti cavabsız qalır. O zaman Azərbaycan SSR-ə rəhbərlik edən bu şəxslərin xalqımıza qarşı törətdikləri çoxsaylı cinayətlərin üstünə bu cinayəti də əlavə etmək lazımdır. Bütün bunlara baxmayaraq, İsrafil müəllim sakit dayanmır. O, 1990-cı ildə doğma İrəvanı məcburən tərk etdikdən sonra da elmi tədqiqatlarını davam etdirir. 1992-ci ildə professor mərhum S.Əsədovla birlikdə onun “Ermənistan azərbaycanlıları və onların acı taleyi” (Bakı, 1992) və “Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası” (Bakı, 1995), üç hissədən ibarət “İrəvan dəftəri” (Bakı, 2000), “Tariximiz, torpağımız” (Bakı, 2000), “Erməni kilsəsi və türk-Azərbaycan torpaqlarında dolaşmaqda olan “Böyük Ermənistan” kabusu” (Bakı, 2010), “Rus-Türk müharibələrində ermənilərin iştirakı” (Bakı, 2011) kimi erməni faşizmini və onun himayədarlarını ifşa edən əsərləri nəşr olunmuşdur. 2010-cu ildə o, “Azərbaycan tarixi” yazmaq xəstəliyinə tutulan bədniyyət Bakur adlı erməni yazıçının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlandığı məntiqə sığmayan internet məktubuna cavab olaraq qələmə aldığı “Tarix nə mədhnamə və anatomiyadır, nə də demokratiya xətti” adlı irihəcmli analitik məqalə yazır və bu məqalə müdrik ağsaqqal İsrafil Məmmədovun Vətənə, xalqa, elmə və dövlətçiliyimizə şüurlu və fədakar xidmətinin sübuta ehtiyac duyulmayan gerçək nümunəsidir.
Çox məhsuldar, həm də uğurlu elmi və publisistik fəaliyyətinə görə o, üç dəfə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin, iki dəfə SSRİ “Bilik” Cəmiyyəti İdarə Heyətinin və Azərbaycan MEA Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilmiş və “Əməkdar mədəniyyət işçisi” və “Əməkdar jurnalist” fəxri adlarını almışdır. İsrafil Məmmədov AMEA-nın Tarix İnstitutunda fəaliyyətə başladıqdan sonra institutun nəşr etdirdiyi “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” monoqrafiyasının müəlliflərindən biri kimi 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət mükafatına layiq görülmüşdür. O həm də Mahmud Kaşğari adına I mükafatın laureatıdır. Qeyd edək ki, institutun direktoru akademik Yaqub Mahmudovun təşəbbüsü ilə qədim Azərbaycan torpağı “Zəngəzurun tarixi” monoqrafiyası üzərində işə başlayarkən Zəngəzur mahalının 4 bölgəsi - Sisian, Qafan, Mehri və Gorus rayonlarında yaşayan azərbaycanlıların 1941-1945-ci illər müharibəsində iştirakına dair arxiv sənədlərinin instituta təqdim edilməsi İsrafil müəllimin Vətən qarşısında xüsusi xidməti kimi qiymətləndirilməlidir.
Əslində İsrafil müəllimin həyat yolu, onun xalqımızın tarixi düşmənləri içərisində yaşayaraq onların öz dilində ermənilərə qarşı açıq-aşkar mübarizə aparması böyük hünər, cəsarət və müdriklik tələb edir.
Hazırda ömrünün 90-cı baharını yaşayan İsrafil müəllim indi də yorulmadan çalışır. Bu şərəfli alim ömrü Vətənə, millətə xidmətin bariz nümunəsidir.

Cəbi BƏHRAMOV,
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru