Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanda metrologiya sisteminin inkişafı ölkəmizin dünya bazarına çıxışına dəstək verən əsas amillərdəndir

15 Noyabr 2017
   

Bakıda keçirilən “Qanunverici metrologiya” üzrə konfrans da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir

 

Noyabrın 14-də Bakı şəhərində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Almaniyanın Fiziki-Texniki İnstitutu (PTB) və Çex Metrologiya İnstitutunun tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində sənaye, ticarət və xidmət sahələrinin nümayəndələri üçün “Qanunverici metrologiya” üzrə konfrans keçirilib.

Tədbirdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədr müavini Niyazi Rəhimov qeyri-neft sektorunun inkişafının, ixrac potensialının artırılmasının əsas alətlərindən biri olan keyfiyyət infrastrukturunun, xüsusilə metrologiya sahəsinin inkişaf etdirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirildi ki, bu istiqamətdə komitə Avropa İttifaqı ilə onun “Tvinninq” və “Taieks” proqramları çərçivəsində uzun illərdir ki, sıx və müvəffəqiyyətlə əməkdaşlıq etməkdədir. Hazırda icra olunan layihənin məqsədi də Azərbaycanda metrologiya sisteminin təşkilati idarəetmə və planlaşdırılmasının Avropa İttifaqı və beynəlxalq təcrübəyə uyğun olaraq inkişaf etdirilməsi, metrologiya sahəsində hüquqi və tənzimləyici sənədlərin Avropa İttifaqı və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın tələbləri ilə uyğunlaşdırılması, texniki bazanın təkmilləşdirilməsi və metrologiya sisteminin inkişafı vasitəsilə Azərbaycanın dünya bazarına çıxışının dəstəklənməsidir.

N.Rəhimov bildirib ki, Azərbaycanda qeyri-neft ixrac potensialının genişləndirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq keçirilən sınaqların, kalibrləmə nəticələrinin, həmçinin verilən sertifikatların tanınması istiqamətində komitə tərəfindən işlər aparılmaqdadır. Bundan başqa, Milli Etalon Mərkəzində fəaliyyət göstərən etalon laboratoriyalarının beynəlxalq tanınması ilə bağlı müvafiq prosedurlar icra olunur. Hazırda ölkəmizdə dövlət etalonlarının saxlandığı və ölçmələrin izlənilməsini həyata keçirən 7 laboratoriya fəaliyyət göstərir. Yaxın zamanlarda bu laboratoriyaların sayının 20-dək artırılması planlaşdırılıb.

Tədbirdə çıxış edən Çex Respublikasının Azərbaycandakı səfiri Vitezslav Pivonka təmsil etdiyi ölkə ilə Azərbaycan arasında həm ikitərəfli, həm də müxtəlif layihələr çərçivəsində əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. Çex Respublikası ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın önəmini qeyd edən səfir “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” adlı Tvinninq layihəsinin rolunu da vurğulayıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Qanunverici metrologiya şöbəsinin müdiri Oqtay Abbasov ölçmələrin vəhdətinin təmin edilməsi barədə milli qanunvericilik barədə məlumat verib.

Konfransda Almaniya və Çex respublikalarının metrologiya üzrə mütəxəssisləri tərəfindən “Ölçmə vasitələrinə dair Avropa qanunvericiliyinin prinsipləri”,  “Ölçmə vasitələrinə dair Avropa Direktivinin (MID) və qeyri-avtomatik çəki alətlərinin Direktivinin tətbiqi (NAWID)”, “Ölçmə vasitələri bazarına nəzarət”,  “MID və NAWID Direktivlərinin tətbiqinə dair Çexiyanın təcrübəsi”, “Potensial müştərilər tərəfindən ölçmə vasitələrinin seçilməsi” mövzularında təqdimatlar edilib.

Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Almaniyanın Fiziki-Texniki İnstitutu (PTB) və Çex Metrologiya İnstitutunun tərəfdaşlığı ilə həyata keçirilən Tvinninq layihəsinin icrasına 2016-cı ilin yanvar ayında başlanılıb. Layihənin sonunda Azərbaycanda metrologiyanın həm texniki, həm də hüquqi bazasının təkmilləşdirilərək qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına nail olunacaq.

 

Elnur HADIYEV,

“Azərbaycan”