Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Alimlərimiz Fransada həmrəyliyin Azərbaycan modelini təqdim etdilər

15 Noyabr 2017
 

8-10 noyabr 2017-ci il tarixlərində Fransanın Nitsa şəhərində Sofiya Antipolis Universitetinin və AMEA-nın Fəlsəfə İnstitutunun birgə təşkilatçılığı ilə “Həmrəylik, fəlsəfi prinsip və hüquq norması kimi: Fransa və Azərbaycan mövqeyindən müqayisəli yanaşma” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransı giriş sözü ilə açan universitetin vitse-prezidenti professor Kristian Vallar Fransa və Azərbaycan elmi əlaqələrindən bəhs edib, 2017-ci ilin əvvəllərində AMEA-nın Fəlsəfə İnstitutunda, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində görüşlərindən danışıb, rəhbərlik etdiyi nümayəndə heyətinin bu tədbirlərdən xoş təəssüratlarla ayrıldığını bildirib. 

Tədbirdə “Həmrəylik və hüquq: problemin fəlsəfi-etik konteksti” mövzusunda çıxış edən AMEA Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə həmrəyliyin tarixinə ekskurs edib, klassik fəlsəfi məktəbin nümayəndələrinin bu məsələyə müxtəlif münasibət bəsləməsini gündəmə gətirib, problemin fəlsəfi-etik tərəfləri barədə fikrini bildirib.   

Konfransda Bilik Fondunu “Azərbaycan elmi dünyada” layihəsi çərçivəsində təmsil edən fondun aparat rəhbəri, professor İsaxan Vəliyev “Həmrəyliyin Azərbaycan modeli: konstitusion əsaslar” mövzusunda çıxış edib, bu modelin hüquqi əsaslarından danışıb, həmrəyliklə bağlı Azərbaycan və Fransa qanunvericiliyinin müqayisəli təhlilini aparıb.

Tədbirdə AMEA-nın Həmkarlar Təşkilatının sədri, professor Qabil Qurbanov, Fəlsəfə İnstitutunun əməkdaşı Zöhrə Əliyeva, Sofiya Antipolis Universitetinin hüquqi və siyasi elmlər fakültəsinin dekan müavini professor Ksavye Latur, professorlar Flipp Vekel, Polin Tyurk və digərləri çıxış edərək həmrəylik məfhumunun müxtəlif aspektləri barədə öz fikirlərini ifadə ediblər.

Diskussiya şəklində davam edən tədbirdə iştirakçıların Azərbaycan həqiqətləri barədə müxtəlif sualları da cavablandırılıb, universitetə xatirə hədiyyələri təqdim olunub.

 

“Azərbaycan”