Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeni islahatların həyata keçirilməsi zamanı region ictimaiyyətinin rəyi nəzərə alınır

15 Noyabr 2017
 

Noyabrın 14-də Sumqayıt Tarix Muzeyinin akt zalında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşəbbüsü ilə “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda növbəti regional ictimai müzakirə keçirilib.

AZƏRTAC xəbər verir ki, müzakirə zamanı İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov çıxış ediblər. Bildirilib ki, Abşeron iqtisadi rayonunun ölkədə aparılan iqtisadi islahatların fonunda əhəmiyyətli inkişafı nəzərə çarpır. Sumqayıtın sənaye potensialı ölkənin qeyri-neft ixracının artımı və iş yerlərinin yaradılması baxımından əhəmiyyətlidir. Xüsusilə, Kimya Sənaye Parkında polimer, iri diametrli polietilen boru, polad boru və şüşə lövhələrin istehsalı təkcə qeyri-neft sənayesi üçün deyil, bütövlükdə iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafına xidmət edir. Sumqayıt Texnologiyalar Parkı ölkədə iqtisadi modernizasiya siyasətinin parlaq nümunəsidir. Abşeron iqtisadi rayonu həm də turizm və kənd təsərrüfatının inkişafı üçün potensiala malikdir.

İctimai müzakirələr zamanı İİTKM-in departament rəhbəri Ayaz Çaparlı və İqtisadiyyat Nazirliyinin sektor müdiri Fariz Əhmədov iqtisadi islahatlar barədə təqdimatlar ediblər. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı müzakirələrə yekun vuraraq bildirib ki, Abşeron iqtisadi rayonunun sənaye, turizm, nəqliyyat və aqrar sahədəki potensialının daha səmərəli istifadəsi üçün həyata keçirilən iqtisadi islahatlar geniş imkanlar açır. Bu baxımdan ictimai məlumatlılığın və iştirakçılığın təmin edilməsi islahatların faydalarını daha yaxşı mənimsəməyə imkan verir. Eyni zamanda, region ictimaiyyətinin rəyi yeni islahatların həyata keçirilməsi zamanı nəzərə alınır.

Tədbirdə Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin rəhbəri Abbas İsmayılov və Kənd Təsərrüfatı Nazirliyinin regional nümayəndələri də iştirak ediblər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi indiyədək Ağdam, Şəki, Quba, İsmayıllı və Gəncədə də ictimaiyyət nümayəndələri ilə birlikdə belə müzakirələr təşkil edib.